Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-831/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehlərdən maddi və mənəvi ziyana görə 128.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehlərdən maddi və mənəvi ziyana görə 128.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil işlədiyi müəsissə tərəfindən ona və ailəsinə verilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olsa da, o ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişlər. Çünki mənzil məcburi köçkün ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Uzun müddət bir çox dövlət orqanlarına müraciət etməyinə baxmayaraq hər dəfəsində onu müxtəlif vədlər və bəhanələrlə süründürməçiliyə salmışlar. Bunun qarşılığında isə mən uzun müddətdir ki, öz şəxsi mülkiyyətindən məhrum olmuş, bununla da ona maddi və ənəəvi ziyan dəymişdir. Bununla bağlı Sumqayılt şəhər Məhkəməsində iddia qaldırmış, Sumqayıt şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-3307/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnaməyə əsasən ona məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi mənzildən çıxarılmalı, o isə ailəsi ilə birlikdə həmin mənzilə köçürülməli idi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Qətnamənin qəbulundan uzun müddət ötməsinə baxmayaraq qətnamə hələ də icra edilməmişdir. Bunun da nəticəsində ona dəyən maddi və mənəvi ziyanın məbləği artmışdır. Məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması onun yox, icra hakimiyyəti orqanlarının vəzifəsidir. Eyni zamanda təkcə Sumqayıt şəhərində 100-lərlə məcburi köçkün ailəsi yaşayış yeri ilə təmin olunmuşdur. Lakin məhkəmə qətnaməsinin olmasına baxmayaraq hələ də məcburi köçkünlər onun mənzilindən çıxarılmamışdır. Mütləq şəkildə nəzərə alınmalıdır ki, ona və ailəsinə məxsus mənzil 1993-cü ildən zəbt edilmişdir. Bu müddət ərzində dövlət orqanları onun mülkiyyətində olan mənzilin boşaldılması üçün heç bir addım atmamışdırlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı mənzili kirayə versəydi 28 il ərzində 100800 (yüz min səkkiz yüz) manat gəlir əldə etmiş olacaqdı. Belə ki, həmin ərazidə üç otaqlı evin aylıq kirayə haqqısı minimum 300 (üç yüz) manatdır. Ona maddi ziyan ilə yanaşı mənəvi ziyan da vurulmuşdur. İllərlə mənzili zəbt edilmiş, qanuni məhkəmə qətnaməsinin icrası həyata keçirilməmişdir. Nəticədə ona mənəvi ziyan dəymişdir. 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi dəymiş mənəvi ziyanın əvəzi olacaqdır. Qeyd edək ki, bu məbləğ 2021-ci ilin dekabr ayınadək hesablanmış məbləğdir. Nəzərə alınmalıdır ki, onun konstitusiyon hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. O cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər etmiş, amma evinin boşaldılmasına nail ola bilməmiş, bu isə qanunun kobud pozuntusudur. Fundamental hüquq olan və Konstitusiyası ilə qorunan mülkiyyət hüququ hələ də pozulur. Bu pozuntu məhz cavabdehlərin hərəkətləri nəticəsində baş verir. Son müraciətində cavabdehərdən onların hərəkətləri nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını və qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsini xahiş etmiş, lakin heç bir müsbət nəticə olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndə və vəkilinə hüquqi yardım (iddia ərizəsinin imzalanmaması səbəbindən) və iddianın mümkünlük məsələsinə baxılması barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndə və vəkili iddia tələbinə mahiyyəti üzrə baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbinə inzibati icraat qaydasında baxmaq mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehlərdən maddi və mənəvi ziyana görə ümumilikdə 128.000 manat məbləğində pulun onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir neçə inzibati orqana qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır k, hazırkı iddia tələbi ilə bağlı onun cavabdeh təşkilatların yerləşdiyi yerin ümumi məhkəməsinə iddia ərizəsi vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehlərdən maddi və mənəvi ziyana görə 128.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair iddiası mümkün mümkün sayılmasın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-831/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-831/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver