Məhkəmə qərarları › İş №2-1(118)-831/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-831/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-831/2023 23.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşı tamam olan tarixdən, yəni 02 yanvar 2011-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşı tamam olan tarixdən, yəni 02 yanvar 2011-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cıı ildə anadan olmuşdur. Noyabr 1978- 13 noyabr 1980-cı ilə qədər Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamışdır. Həmin tarixdən xx.xx.1999cu ilədək Sumqayıt şəhərində faliyyət göstərən “Azərbaycan Xüsusi Təmir” İdarəsinin “Mərkəzimetaltəmir” Trestində (sonrakı adı "xxxx" Təmir- Tikinti və Quraşdırma İdarəsi, xx.xx.1998-ci ildən “Melallurqtəmir-1’’ ATSC və xx.xx.2012-ci ildən isə "xxxx" MMC) çilingər quraşdırıcı, quraşdırıcı, dəmirçi çilingər peşlərində işləmişdir. Ümumi iş stajı 21 il 2 ay 26 gündür. "xxxx" MMC-də işlədiyi iş dövrü, yəni xx.xx.1977-ci ildən xx.xx.1999-cu ilə qədər işlədiyi iş stajı 1 nömrəli siyahıya aiddir. Bunu "xxxx" MMC-nin 17 iyul 2022-ci il tarixli, 56 saylı arayışı təsdiq edir. Həmin arayışa görə AR-sı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı siyahıya əsasən Metallurgiya istehsalatı (qara metallurgiya) bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 10030100a-1753 a bəndinə əsasən mənə 1 №-li siyahıya əsasən 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Onun 52 yaşı xx.xx.2011-ci ildə tamam olmuşdur. 52 yaşım tamam olduğuna görə güzəştli şərtlərlə əmək pensiyası təyini üçün sənədlərini AR-sı ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubla xahişini təmin etməmişdir. Cavabdeh məktubda onun xx.xx.1977-xx.xx.1978-ci il və xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə çilingər quraşdırıcı və quraşdırıcı vəzifəsində işlədiyini və həmin vəzifələrin 1 № li siyahıya aid olmadığını əsas gətirərək güzəştli şərtlərlə əmək pensiyasının təyinindən imtina etmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Sumqayıt inzibati-İqtisad Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1103/2018 saylı qərarı ilə “Mərkəzləşmiş Təmir Tikinti Tresti”nin (sonrakı adı "xxxx" Təmir-Tikinti və Quraşdırma İdarəsi, xx.xx.1998-ci ildən "xxxx" ATSCvə 1 7.09.2022-ci ildən isə "xxxx" MMC) çilingər quraşdırıcısı X1 cavabdeh ƏSMN-nin yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə” iddiası təmin edilmiş, M.Bağırovun həmin idarədə işlədiyi çilingər quraşdırıcı ixtisasının 1-ci siyahıya aid edilməsi təsdiq edilmişdir. Yuxarıda qeydi edilənlər, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 15 saylı izahlı arayışı, qanuni qüvvə almış məhkəmə aktları bir daha təsdiq edir ki, işlədiyi quraşdırıcı çilingər peşəsi 1 №-li siyahıya aiddir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də ona 52 yaşı tamam olan tarixdən, yəni 02 yanvar 2011-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması barədə qərar qəbul edilməlidir. 3.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi Tahirova Faniyə fərəc qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 /7 ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiəsi Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1№-li Siyahısı”-nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin domna istehsalatı bəndində 1030100a-1753a kodu üzrə təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçı Mərkəzi Filiala təqdim olunan “29 aprel 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC-nin 17 iyul 2022-ci il tarixli 56 nömrəli arayışında xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlər ərzində İddiaçı adıçəkilən müəssisədə çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (7 il 3 ay (xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçının işlədiyi quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarında olan vəzifələrə uyğun olmadığından İddiaçı güzəştli iş stajı yoxdur. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. - İddiaçıya məxsus xx.xx.1981-ci ildə qeydiyyata alınmış ИТ-İ №0444735 saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 01 saylı, 13 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə (vəzifədə) xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək təmirçi çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinin xüsusilə zərərli və xüsusilə ağır olmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahının metallurgiya istehsalatı (qara metallar) bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə (yarımbəndinə) və (və ya) “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifə koduna uyğundur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 01 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın mahiyyəti ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi; 2) pensiyanın ona xx.xx.2011-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; Məhkəmə iddiaçının birinci tələbinə münasibətdə hesab edir ki, tələbi əsaslıdır və təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən ümumi və güzəştli iş stajına malik olmaması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli) Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən iki meyar mövcud idi-yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 15 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 07 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 20 ildən artıq ümumi stajı vardır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından və "xxxx" MMC tərəfindən verilmiş 56 saylı, 17 iyul 2022-ci il tarixli və 01 saylı, 13 yanvar 2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1981-ci ilədən xx.xx.1991-ci il tarixinədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixinədən xx.xx.1999-cu ilədək təmirçi çilingər vəzifəsində işləmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1981-ci ilədən xx.xx.1991-ci ilədək çilingər quraşdırıcı və quraşdırıcı vəzifəsində işlədiyi dövrləri onun güzəştli əmək stajına daxil etmir və dəlil olaraq bildirir ki, 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1№-li Siyahısı”-nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin domna istehsalatı bəndində 1030100a-1753a kodu üzrə təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları nəzərdə tutulduğundan, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının dəlili əsassızdır. İddiaçının 01xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1981-ci ilədən xx.xx.1991-ci il tarixinədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixinədən xx.xx.1999-cu ilədək təmirçi çilingər vəzifəsində işləməsi mübahisə predmeti olmamalıdır. İş materiallarında olan yuxarıda adıçəkilən "xxxx" MMC tərəfindən verilmiş arayışlardan da görünür ki, qeyd olunan peşələr, yəni çilingər quraşdırıcı və quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahının metallurgiya istehsalatı (qara metallar) bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə (yarımbəndinə) və (və ya) “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifə koduna uyğundur. İddiaçının işlədiyi vəzifələrin adının dəqiqliklə deyil ümumilikdə 1030100a-1753a kodu ilə qeyd edilməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda 1030100a-1753a koduna uyğun gələn “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifəsi kimi qeyd olunmaması, ümumilikdə çilingər quraşdırıcı və quraşdırıcı kimi qeyd olunması iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir. Belə ki, iddiaçının "xxxx" MMC-də işlədiyi çilingər quraşdırıcı və quraşdırıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarında (“Metallurgiya istehsalatı “ bölməsi KOD 1030100a) öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan iş stajına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə iddiaçının digər tələbinə, yəni ona güzəştli şərtlərlə əmək pensiyasının 02 yanvar 2011-ci il tarixdən ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında Qanun”un 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı 04 avqust 2022-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı 04 avqust 2022-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 04 avqust 2019-cu il tarixdən ödənilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar