Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-832/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı ( işləməyən, Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 60-da yaşayan), İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı X3rşı Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN-5160A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 5 saylı X4 üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı X3rşı Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN-5160A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 5 saylı X4 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, Quba rayon X1 xx xxx 2000-ci il tarixli qərarına əsasən Quba şəhəri ərazisində ona 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq hazıradək onun istifadəsindədir. Hal-hazırda o, qeyd olunan torpaqı özəlləşdirmək istəyir, bununla əlaqədar hüquq müəyyənedici sənədləri toplayıb DƏDRX-nin 5 saylı X5 müraciət etmişdir. Həmin təşkilatda sənədləri qəbul etməyərək bildirmişlər ki, onun mülkiyyətində olan JN-5160A kod 30301004 saylı şəhadətnamə idarənin elektron baza məlumatlarında qeydə alınmamış və DTXK tərəfindən idarəyə tıhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçıya məxsus JN-5160A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı X4 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş : - DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-5160A KOD 30301004 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin sənədQuba rayon X1 xx xxx 2000-ci il tarixli qərarına əsasən İddiaçı verilmiş torpaq sahəsinə dair tərtib edilmişdir. -DƏDRX-nin 5 saylı X4 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya verilmiş DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN-5160A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilmədiyindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə hesab edir ki, torpağın İddiaçı qanuni surətdə ayrılmasıkeçmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilətəsdiqedilir. Cavabdehinhəminşəhadətnamənin elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilməməsinə dair dəlili əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtina üçün səbəb ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, JN-5066A, kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adına verilmiş JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı X4 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-832/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-832/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver