Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-832/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 320 kvadrat metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.11.2011-ci il tarixli, ********** saylı çıxarışına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48, mənzil 48 ünvanında yerləşən ümumi sahəsi 29,0 kvadrat metr olan, 03.02.2021-ci il tarixli, ********** saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41,8 kvadrat metr olan, 15.02.2021-ci il tarixli, ********** saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61,4 kvadrat metr olan, 15.02.2021-ci il tarixli, ********** saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43,8 kvadrat metr olan yaşayış sahələri iddiaçının mülkiyyətindədir. Ümumilikdə 176 kvadrat metr olan yaşayış sahələrinin artırılaraq ümumi sahəsi 320 kvadrat metr olmaqla həmin sahənin qeyriyaşayış sahəsinə keçirilməklə dövlət reyestrində iddiaçının mülkiyyətinə verilməklə, adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh imtina cavabı verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və iddiaçıya bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka yerində müayinə baxış zamanı mənzil sahələrinə müəyyən rekonstruksiyaların edildiyi müəyyən edilmiş, həmçinin, mənzil sahələrinə bitişik 127,32 kvadrat metrdən ibarət əlavə tikinti işləri aparılmışdır və bu barədə ona 26.02.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli cavab göndərilmişdir. Eyni zamanda sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar, dörd ədəd mənzilin birləşdirilərək əlavə tikinti işləri aparılmaqla, qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı, razılaşdırılmış eskiz layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunduqdan sonra iddiaçının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək iddianın qeyrimümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Aşağıdakı icraat materialları məhkəməyə təqdim olunmuşdur: İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci ildə, Beyləqan rayonunda anadan olmuş, hazırda Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48-də yerləşən 33 saylı (ümumi sahəsi 43,8 kvadrat metr), 46 saylı (ümumi sahəsi 61,4 kvadrat metr), 47 saylı (ümumi sahəsi 41,8 kvadrat metr) və 48 saylı (ümumi sahəsi 29,0 kvadrat metr) mənzillər iddiaçının xüsusi mülkiyyətinə verilməklə qeydiyyata alınmışdır. Həmin mənzillərə dair texniki pasport (binanın yerləşdiyi torpaq sahəsinin və mənzilin planı) da iş materiallarına əlavə olunmuşdur. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 06.04.2004-cü il tarixli, M-45 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48-də yerləşən 33 və 46 saylı mənzildən ofis xidməti göstərmək üçün Memarlıq və Şəhərsalma İdarəsinin tərtib etdiyi eskiz əsasında mövcud pəncərənin qapı ilə əvəz olunmasına etiraz edilmir. Eyni zamanda həmin idarənin 02.08.2013-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 46/48 nömrəli binanın 48 nömrəli mənzilində yerləşən qeyri-yaşayış sahəsinin qarşısında şüşə vitraj quraşdırılmasına etiraz edilmir. İş materiallarına cavabdeh orqanın iddia ərizəsinə yazılı etirazla eyni mahiyyətli 26.02.2021-ci il tarixli, **********45 nömrəli imtina məktubu əlavə edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin ödəniş qəbzlərindən və digər qəbzlərdən görünür ki, o, mübahisəli kommersiya obyektinə dair ödənişlər etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, bina 46/48-də yerləşən qeyri-yaşayış sahəsi 24.08.2018-ci ildə iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin (zirzəminin) texniki pasportu işə əlavə edilmişdir. İş materiallarına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 12.06.2018 və 13.06.2018-ci il tarixli Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48-də yerləşən qeyriyaşayış sahəsinin (optika mağazası, ət mağazası, ayaqqabı mağazası, təsərrüfat malları mağazası və bərbərxana) sahibi İddiaçı ünvanlanan məktubları əlavə olunmuşdur. İş materiallında olan BB seriyalı, 494159, 494160, 494161 və 494162 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrinə əsasən iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 46/48-də yerləşən qeyri-yaşayış sahəsi sığorta olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 19 fevral 2021-ci ildə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48-də yerləşən 33, 46, 47 və 48 nömrəli mənzillərin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi qeyd olunan müraciəti araşdırdıqdan sonra mənzil sahələrinə müəyyən rekonstruksiyalar edildiyini, həmçinin, mənzil sahələrinə bitişik 127,32 kv.m-dən ibarət əlavə tikinti işlərinin aparılmasını, eləcə də, dörd ədəd mənzilin birləşdirilərək əlavə tikinti işləri aparılmaqla, qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı, razılaşdırılmış eskiz layihə və tikinti obyektinin istismarına icazə sənədinin müraciətə əlavə edilmədiyini müəyyən etmişdir. Buna görə də inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən, iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi mülkiyyət hüquqlarının qeydə alınmasını istəyir. Lakin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi İnzibati Prosessual Məcəllənin 35-ci maddəsində qeyd olunmuş - müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Cavabdeh təşkilatın etiraz ərizəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) mənzil sahələrinə müəyyən rekonstruksiyalar edildiyini, həmçinin, mənzil sahələrinə bitişik 127,32 kv.m-dən ibarət əlavə tikinti işlərinin aparılması; 2) dörd ədəd mənzilin birləşdirilərək əlavə tikinti işləri aparılmaqla, qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı, razılaşdırılmış eskiz layihə və tikinti obyektinin istismarına icazə sənədinin müraciətə əlavə edilməməsi. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən müdaxilədən müdafiyə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə düşür. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqument iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48 ünvanda yerləşən 33, 46, 47 və 48 nömrəli mənzillərin altındakı torpaq sahəsi dövlət torpaqlarına aid olmaqla yanaşı dövlətin müstəsna mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin məktubu ilə həmin idarənin tərtib etdiyi eskiz əsasında qeyri-yaşayış sahəsi kimi istismarına etiraz edilmədiyi qeyd edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı qeyri-yaşayış sahəsi kimi kommersiya obyektinə dair ödənişlər etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasında həyata keçirilib. Bundan başqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə görə, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Belə ki, mübahisənin faktiki hallarına sadalanan qanunvericilik normalarının tələblərini tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinasında gətirilən dəlillər əsaslı sayıla bilməz. Belə ki, mövcud qanunvericilik mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar yaşayış sahələrinə dair səlahiyyətli orqan tərəfindən verilmiş çıxarışları əsas sayır. Bu halda, əlavə sənədin təqdim olunması zərurəti qalmır. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə gəldikdə isə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 06.04.2004-cü il tarixli, M-45 nömrəli və 02 avqust 2013-cü il tarixli H-30 nömrəli məktubları mahiyyətcə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərara bərabər qiymətləndirilir. Eyni zamanda, iddiaçının uzun müddətdir əmlakı qeyri yaşayış kimi istifadə etməsi ilə bərabər müvafiq təşkilatlar tərəfindən ona ünvanlanmış məktublarda həmin əmlak qeyri-yaşayış sahəsi kimi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsində nəzərdə tutulan qərarın təqdim olunmaması məsələsi ilə bağlı məhkəmə vurğulayır ki, sahənin 1-ci mərtəbədə olması, habelə Məcəllənin 20.2, 20.3-cü maddələrində nəzərdə tutulan xüsusatların mövcud olmaması (bu barədə inzibati orqanın dəlil bildirməməsi) yerli icra hakimiyyəti orqanının müvafiq qərarının təqdim olunmasını bir o qədər də zəruri etmir. Belə olan halda, cavabdehin imtinası «İnzibati icraat haqqında» AR Qanununun 15, 17-ci maddələrinin tələbləri ilə tam uzlaşmır. Odur ki, cavabdehin imtinası qanuni sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 320 kvadrat metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-832/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-832/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver