Məhkəmə qərarları › İş №2-1(118)-832/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-832/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-832/2023 17.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun 52 yaşı tamam olduğu vaxtdan, xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əssən 1 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13- cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə onun 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. X1 Şöbəsinin xx.xx.2022-ci il tarixli 72 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1986-cı ildən xx.xx.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “ Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompressor qurğu maşinisti, aparatçı vəzifəsində işləmişəm. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 2- ci bəndinin 2110A010 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. X1 Şöbəsinin xx.xx.2022-ci il tarixli 73 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2006-ci ildən xx.xx.2006-cı il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “ Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində aparatçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli qərarın 8-ci bölməsinin 8.3.2. bəndinə əsasən siyahıda sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Etilen -X3 Şöbəsinin xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı Mirzah qızı xx.xx.1986-cı il tarixdən xx.xx.2013-cü il tarixinə kimi “Üzvi Sintez” zavodunda işlədiyi dövrdə aşağıda qeyd olunan tarixlərdə analıq məzuniyyətində olmuşdur: xx.xx.1993-24 03.1995 xx.xx.1997-xx.xx.2000 Aşağıda qeyd olunan tarixlərdə isə ödənişsiz məzuniyyətdə olmuşdur: xx.xx.1995-xx.xx.1997, xx.xx.1007-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001xx.xx.2004, xx.xx.2004-xx.xx.2004, xx.xx.2004-xx.xx.2004. xx.xx.2006-xx.xx.2006, xx.xx.2011-xx.xx.2011. xx.xx.1993-cü ildə X6 adlı, on üç aprel 1997-ci ildə X7 adlı uşaqları anadan olmuşdur. “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq üç yaşına çatanadək və üst-üstə “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət iş stajı ümumi iş stajına əlavə edilir. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 1 yanvar 2006cı il tarixinədək ümumi iş stajı 20 ildən artıq, güzəştli şərtlərlə on ildən artıq iş stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanlarm qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı kimi öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi). Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının ilk növbədə əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək Məcəlləsinin 128 (Ödənişsiz məzuniyyətdən istifadə hüququ), 129 (Ödənişsiz məzuniyyətin növləri) və 146-cı (Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi) maddələrinə istinadları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. Əmək Məcəlləsinin 128-ci maddənin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130- cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə: Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosesual prinsiplərə zidd olmadığı hallarda , inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin müddəaları tətbiq edilə bilər. AR İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunua istisna etdiyi hallarda , belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. AR İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə nüdafiəyə dair iddialaraa ( məcburetmə haqqında iddia ) baxılır. AR İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara,(öhdəliyin icrası haqqında iddiaya ) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı kimi düzgün cavabdehə müraciət etmiş, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət hissəsində tələb olunan pensiya kapitalı mövcud olmadığından müraciətin müsbət həllinin mümkün olmadığı qeyd olunmuşdur. Bildiririrlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bununla əlaqədar olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41902,65 manat təşkil edir. Buna görə də həmin tarixədək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianıb mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası iddiasıdır. Hazırkı iddianın mümükünlük şərtləri olaraq iddiaçının hazırkı iddianı qaldırmaqda sübyektiv hüququ vardır, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmişdir, cavabdeh orqan hazırkı iddiaya cavab verməli olqandır, iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri tətbiq edilməklə onun 52 yaşı tamam olduğu vaxtdan, xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsini istəyir. İddiaçı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əssən 1 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13- cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hesab edir ki, əmək kitabçasında qeyd edilən dövrlər və güzəştli arayışlarla təsdiq edilən dövrlər nəzərə alınaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarına uyğun olaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndində əsasən 20 il ümumi stajı olan və bu stajın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş ən azı on il güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qeyd edilən əsaslarla, yəni köhnə qanunvericilik tətbiq edilməklə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün, hazırda qüvvədə olan qanun qüvvəyə mindiyi zaman iddiaçının 20 il ümumi stajının olması şərti tələb edilir. Lakin iddiaçıya köhnə qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 20 illik ümumi stajın tamamlanması müəyyən edilmir. İş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun sənaye və məişət çirkab sularının təmizlənməsi sexində kompressor qurğu maşinisti, aparatçı işləmişdir. (X2 X1 şöbəsinin xx.xx.2022-ci il tarixli, 72 saylı arayışı) İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.2013-cü il tarixinə kimi “Üzvü Sintez” zavodunda işlədiyi dövrdə aşağıda qeyd olunan tarixlərdə analıq məzuniyyətində olmuşdur: xx.xx.1993-xx.xx.1995 xx.xx.1997-xx.xx.2000 Aşağıda qeyd olunan tarixlərdə isə ödənişsiz məzuniyyətdə olmuşdur: xx.xx.1995-xx.xx.1997 xx.xx.1997-xx.xx.2001 xx.xx.2001-xx.xx.2001 xx.xx.2001-xx.xx.2004 xx.xx.2004-xx.xx.2004 xx.xx.2004-xx.xx.2004 xx.xx.2006-xx.xx.2006 xx.xx.2011-xx.xx.2011 (X2 X1 şöbəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı məktubu) İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrlər iddiaçının sığorta stajına hesablana bilməz. Belə ki , Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən : 1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Qanunverciliyin tələbini nəzərə alanda iddiaçının xx.xx.1995-ci il tarixdən başalayan ödənişsiz məzuniyyətdə olduğu dövrün ən çoxu ilk 6 ayı onun sosial sığorta stajına hesablana bilər. Ödənişsiz məzuniyyətdə olduğu digər dövrlərlə bağlı iddiaçının əmək haqqı tələb etmək hüququ olmadığına görə, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması əsaslı hesab edilə bilməz. İddiaçının analıq məzuniyyətində olduğu dövrlər (xx.xx.1986-xx.xx.1993; xx.xx.1993-xx.xx.1995; xx.xx.1997-xx.xx.2000;. ) nəzərə alınsa belə, onun ödənişsiz məzuniyyətdə olduğu digər dövrlər nəzərə alınmayanda qanunvericiliklə tələb edilən 20 il ümumi iş stajı tamamlanmamış olur. Beləliklə qeyd edilən hallar nəzərə alındıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənə qədər iddiaçının 20 il ümumi iş stajı tamamlanmadığına görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar