Məhkəmə qərarları › İş №2-1(118)-833/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-833/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-833/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 (fərdi qaydada vəkil işləyən, Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında departament müdiri işləyən, Bakı şəhəri, Yasamal rayonu,Ə.Cavad küçəsi,ev 71-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X8 Şamaxı rayon filialına qarşı DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********07 saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1990-cı il tarixindən xx.xx.2002-ci il tarixinə kimi “Toğrul“ istehsal və tədarük sahibkar müəssisəsində işlədiyi və 1986-1991-ci illərdə Şamaxı kənd təsərrüfatı texnikumunda əyani təhsil aldığı müddətin sığorta stajına hesablanmaqla ona pensiya verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********07 saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1990-cı il tarixindən xx.xx.2002-ci il tarixinə kimi “Toğrul“ istehsal və tədarük sahibkar müəssisəsində işlədiyi və 1986-1991-ci illərdə Şamaxı kənd təsərrüfatı texnikumunda əyani təhsil aldığı müddətin sığorta stajına hesablanmaqla ona pensiya verilməsinin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X8 Şamaxı rayon filialı cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izah etdi ki, 2020-ci ilin yanvar ayında aparılmış yoxlama nəticəsində iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Belə ki, DSMF-nin əmədaşları iddiaçının 1986- 1991-ci illərdə Şamaxı kənd təsərrüfatı texnikumunda təhsil aldığı və xx.xx.1990-xx.xx.2002ci illərdə işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməkdən imtina etmişlər. Müəssisənin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən qarşılıqlı yoxlamanın aparılması mümkün olmamışdır. Bu isə iddiaçının təqsiri üzündən baş verməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qərarın çıxrılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və izah etdi ki, 2018-ci ildə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonra aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi “Toğrul” müəssisəsinin sənədləri, o cümlədən əmək haqqı cədvəlləri arxiv təhvil verilməmişdir, bu səbəbdən qarşılıqlı yoxlama aparılması mümkün olmamış və iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. Məlum olduğu kimi Şamaxı rayonu işğal olunmuş ərazi deyildir və müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi, bundan başqa əmək kitabçasında işdən azad olunma barədə qeydin kirik qrafikası ilə aparılması şübhə doğurur. İddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilməsə də, həmin müddətin staja daxil edilməsi ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. İş materiallarında olan : -İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1969-cu il təvəllüdlüdür. -TSEK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki,İddiaçı ikinci dərəcəli əlillik verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışdan görünür ki, “Toğrul” istehsalat və tədarük sahibkar müəssisəsinin heç bir sənədi Dövlət arxivinin Şamaxı filialına təhvil verilməmişdir. - Şamaxı kənd təsərrüfatı texnikumu tərəfindən verilmiş HT-İ № 573465 seriyalı diplomdan görünür ki, İddiaçı 1986-1991-ci illərdə həmin texnikumda meyvə-tərəvəzçi aqronom ixtisası üzrə tam kürsu bitirmişdir. - ИТ-№ ******* iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək “Toğrul” istehsalat və tədarük sahibkar müəssisəsində, xx.xx.2002ci ildən xx.xx.2018-ci il taixədək Şamaxı rayon Avtomobil məktəbində işləmişdir. Məhkəmənin sorğusuna əsasən 4 saylı X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, “Toğrul” istehsalat və tədarük sahibkar müəssisəsi xx.xx.1999-cu ildə tarixdə ********* vergi ödəyicisinin identifikasiya nömrəsi ilə uçota alınmış, xx.xx.2005-ci il tarixdən isə ********** vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə edilmiş şəhadətnamədən görünür ki, “Toğrul” istehsalat və tədarük sahibkar müəssisəsi ilk dəfə xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində 11220 manat məbləğində pensiya kapitalı və 11 il 04 ay sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Toğrul” istehsalat və tədarük sahibkar müəssisəsi ilk dəfə 1994-cü ilin may ayının 27-də qeydiyyata alınmışdır. Bu hal iddiaçının 1990-cı ildən həmin müəssisədə işə götürülməsini istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında da bir sıra ziddiyyətlər aşkar edilmişdir. Belə ki, əmək kitabçasının birinci səhifəsində, həmçinin ikinci səhifəsində işə qəbul edilməsi barədə əmrin üstünə vurulan möhür qeyri-dəqiq və bulanıq olduğundan möhürün ortasında “Toğrul” sözündən başqa digər yazıların oxunması mümkün deyildir. Bundan başqa 2001-ci ildən ölkədə rəsmi olaraq latın qrafikasına keçid edilməsinə baxmayaraq xx.xx.2002-ci ildə işdən azad olunma barədə əmr kiril qrafikası, əmrin təsdiqi üçün vurulan möhürdəki qeydlər isə latın qrafikası ilə yazılmışdır. Halbuki, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 506 saylı Fərmanına əsasın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi barədə tələbi qanunauyğun olsa da, həmin müddət ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar