Məhkəmə qərarları › İş №2-1(118)-833/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-833/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-833/2021 05.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsin 2 saylı regional ərazi filialına qarşı “yaşa görə yaranmış əmək pensiyası hüququnun təmini kimi ona beş uşaqlı ana kimi 10.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməli olan məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “yaşa görə yaranmış əmək pensiyası hüququnun təmini kimi ona beş uşaqlı ana kimi 10.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməli olan məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1360/2018 saylı, 22 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-547/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-421/2020 saylı 12 iyun 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı sağlamlıq imkanları məhdud 14.03.1985-ci il təvəllüdlü X6 qulluq etdiyinə görə yaş həddi 5 il azaldılmaqla 10.04.2016cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan yenidən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-51/2021 saylı, 21 yanvar 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-421/2020 saylı, 12 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. 10.04.2016-cı il tarixdə 55 yaşı tamam olduğundan 5 nəfər övladı olan və 10 ildən artıq sığorta stajına malik qadın kimi pensiya hüququ yaranmışdır. Bildirir ki, uşaqlardan üçü ögey övladlarıdır. Anaları mərhum X11 28.12.1988-ci ildə vəfat etmişdir. O, 09.02.1989-cu ildə X18 ilə rəsmi nikaha daxil olmuşdur. Bununla bağlı cavabdehə müraciət etmiş, 30.05.2017-ci il tarixdə sənədləri qəbul edilmiş, 06.03.2018-ci il tarixli 73/461-2 saylı məktubla ona imtina edilmişdir. Əmək pensiyası hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim olunmuş əlavə izahatında bildirilmişdir ki, yaşa görə pensiya hüququ 10.04.2016-cı ildə yaranmışdır. O, 5 uşağa analıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2010-cu il tarixli qərarına əsaslanaraq, o öz konstitusion hüquqlarının təmin edilməsini tələb edir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsaslanaraq onun beş uşaqlı ana kimi 10.04.2016-ci il tarixdən yaşa görə əmək pensiyası hüququnun yarandığını iddia edir. Hesab edir ki, tələb aşağdakı faktiki və hüquqi xüsusatlara görə qanuna zidd və əsassız hesab olunmalıdır. 1) "Əmək pensiyaları haqqında" 7 fevral 2006-cı il tarixli 54 nömrəli Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları 8 yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə bir il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 2017-ci ilədək qüvvədə olan redaksiyası) Maddənin dispozisiyasından aydın olur ki, güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün 3 şərt müəyyən olunmuşdur: 1) həmin uşaqları dünyaya gətirmək, 2) 8 yaşınadək tərbiyə etmək, 3) müvafiq sığorta stajına malik olmaq. Hazırki iş üzrə isə uşaqlardan 3-ü (14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün, 28.12.1988-ci il təvəllüdlü Əliyeva Jalə, 13.01.1986-cı il təvəllüdlü Əliyeva Aliyə ) iddiaçının ögey övladlarıdır. Belə ki, iddiaçının faktiki vəziyyəti, maddənin tələblərinin hər ikisinə də uyğun deyildir. 2) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2 nömrəli Əlavəsinin 2-ci maddəsində pensiyasının təyin edilməsi üçün lazımi sənədlərin siyahısı təsbit edilmişdir. İddiaçının iddia tələbi çoxuşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi olmasına baxmayaraq, o, yuxarıdakı maddədə qeyd edildiyi kimi həmin 5 uşağı tərbiyə etməsi barədə inzibati ərazi dairəsinin arayışını təqdim etməmişdir. Təqdim etdiyi arayış sadəcə onun ögey övladlarını tərbiyə etməsini təsdiq edir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini və şöbə tərəfindən əvvəl tərtib olunmuş etiraz məktubunda qeyd edilmiş maddələrdə texniki səbəbdən yanlışlıqlara yol verildiyinin nəzrə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: -İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonu, Susay kəndində anadan olmuşdur. -İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 14.03.1985-ci il təvəllüdlü X4, 13.01.1986-cı il təvəllüdlü X5 və 28.12.1988-ci il təvəllüdlü X7 anaları Əliyeva Zanbağ İlyas qızı, 23.12.1989-cu il təvəllüdlü X13 və X1 anaları isə İddiaçıdır. -Xaçmaz rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(067)-3100/2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının 1978-1982-ci illərdə “Ukrayna” sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. - ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 07 iyun 1983-cü ildən 12 fevral 1989-cu ilədək Xudat Konserv zavodunda işləmişdir. - ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 21 avqust 1989-cu ildən 04 fevral 1994-cü ilədək Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində işləmişdir. -Cavabdeh inzibati orqanın 06 mart 2018-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər inzibati ərazi dairəsinin nümayəndəsinin 14.02.2017-ci il tarixli 424 nömrəli arayışından görünür ki, İddiaçı 14.03.1985-ci il təvəllüdlü X8, 28.12.1988-ci il təvəllüdlü X12 və 13.01.1986-cı il təvəllüdlü X9 8 yaşa kimi tərbiyə edib böyütmüşdür. -Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər inzibati ərazi dairəsinin nümayəndəsinin 14.02.2017-ci il tarixli 425 nömrəli arayışından görünür ki, İddiaçı 23.12.1989-cu il təvəllüdlü X3 və 23.12.1989-cu il təvəllüdlü X10 özü doğub 8 yaşa kimi böyütmüşdür. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ona 5 uşaqlı ana kimi 10 aprel 2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. O, X14 ilə 09 fevral 1989-cu il tarixdə nikaha daxil olmuş və nikahlarından iki uşaq doğulmuşdur. 14.03.1985-ci il təvəllüdlü X15, 13.01.1986-cı il təvəllüdlü X16 və 28.12.1988-ci il təvəllüdlü X19 onun ögey övladlarıdır. İddiaçı 5 uşaqlı ana kimi ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 06 mart 2018-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı ona 5 uşaqlı ana kimi 10.04.2016-cıil tarixdən, yəni 55 yaşının tamam olduğu gündən pensiya təyin edilməsini istəyir ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan 7-ci maddəsinin redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının 55 yaşının tamam olduğu dövrdə, yəni 10.04.2016-cı il tarixdə çoxuşaqlı analara güzşətli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericilikdə imperativ olaraq üç əsas şərt nəzərdə tutulmuşdur. Həmin şərtlərə iddiaçının qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatması,10 il sığorta stajına malik olması və 5 uşaq doğub onları səkkiz yaşınadək böyütməsi daxildir. Lakin hazırki işdə iddiaçıya çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün şərtlər mövcud deyildir. Belə ki, iddiaçı 5 uşaq doğmamış, uşaqların üçü ərinin övladlarıdır və o, onların ögey anasıdır. Halbuki qanunvericilikdə uşaqları doğmuş 5 uşaqlı ananın güzəştli şərtlə pensiya hüququ təsbit olunmuşdur. Eyni zamanda ögey analara qanunvericiliklə belə təminat verilməmişdir. Beləliklə hazırki iş üzrə iddiaçı iki uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş, digər uşaqları isə doğmamış, onlar onun ögey övladlarıdır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunauyğun olmuşdur. Məhkəmə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2010-cu il tarixli qərarına istinad edərək ögey analara da güzəştli şərtlərlə pensiya hüququ verilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarı ilə nəticə olaraq qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə uyğun hesab edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ və İİİ hissələrinin, 149-cu maddəsinin İ və İİİ hissələrinin tələblərinə müvafiq olaraq beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsinə; beş və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum qadınların yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarından sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəfələrlə dəyişiklik edilməsinə baxmayaraq, ögey analara güzəştli şərtlərlə pensiya təminatına imkan verən hər hansı müddəa həmin qanuna əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsin 2 saylı regional ərazi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsin 2 saylı regional ərazi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar