Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-834/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Abşeron-Xızı Regional Ərazi filialına qarşı onun 01.09.1987-ci ildən 29.08.2004-cü il tarixədək 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 3 ünvanında üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək onun 01.09.1987-ci ildən 29.08.2004-cü il tarixədək 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 05 may 2022-ci il tarixli protokol qərardadı ilə cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi Filialı DSMF-nin Abşeron-Xızı Regional Ərazi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. 11 noyabr 1974-cü ildən 13 noyabr 1976-cı ilədək Qazaxstanda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 01 sentyabr 1976-ci ildən 14 may 1979-cu ilə kimi Sumqayıt şəhər Politexnik texnikumunun inşaat fakültəsində təhsil almışdır. 11 iyun 1979-cu ildə təyinatla 2 saylı Trestin 27 saylı Təmir-Tikinti İdarəsinə fəhlə kimi qəbul olunmuşdur. 03 yanvar 1986-cı il tarixdən 28 iyul 1987-ci il tarixədək dövlət göndərişi ilə Ərəbistan Respublikasına ezam olunmuşdur. 01 sentyabr 1987-ci il tarixdən 29 avqust 2004-cü il tarixədək 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsində işləmişdir. O, 22.12.2021-ci ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ona kifayət qədər sosial sığorta stajına malik olmaması səbəbi ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı 11.07.1979-cu il tarixdən 29.08.2004-cü il tarixədək Sumqayıt şəhər 2 saylı Trestin 27 saylı Təmir Tikinti idarəsində (Sumqayıt Tikinti Quraşdırma-2 ASC) işlədiyini və əmək haqqı aldığını iddia edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Bununla bağlı müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin onun iddia etdiyi dövrlərə dair arxiv sənədləri, o cümlədən əmək haqqı cədvəlləri, əmrlər olmadığından həmin müddətlər mübahisələndirilərək məsələnin müsbət həlli mümkün olmamışdır. İş materiallarında sözügedən əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur.Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, Azərbaycan Respublikası Sənaye Tikinti Kommunal Birliyinin tabeliyində olan Sumqayıt Sənaye Tikinti Kommunal Trestində müavin işləmiş, müdirin səlahiyyətlərini icra etmişdir. 1999-cu ildə həmin trest Səhmdar Cəmiyyətinə çevrilmişdir. İndiki adı Sumqayıt 2 saylı Tikinti Quraşdırma İdarəsidir. O, İddiaçı 24 saylı Təmir Tikinti İdarəsinin işçisi kimi tanımışdır. Həmin idarələrin arxivləri Metallurq küçəsində yerləşmişdir. İş materiallarında olan : - İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - НЗ№ ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 11.11.1974- 12.11.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. -İddiaçının adına açılmış 10.02.1974-ci il tarixli ИТ № ******* saylı əmək kitabçasından görünür ki, o, 04.02.1974-cü ildən 25.06.1974-cü il tarixədək Orqanik Məhsullar zavodunda, 02.01.1980-cı ildən 01.06.1982-ci il tarixədək 2 saylı Trestin 26 saylı Tikinti İdarəsində, 09.06.1982-ci ildən 02.09.1985-ci il tarixədək 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində, 02.09.1985-ci ildən 03.01.1986-cı il tarixədək, 12.08.1978-ci ildən 01.09.1987-ci il tarixədək, 01.09.1987-ci il tarixdən 29.08.2004-cü il tarixədək 24 saylı Təmir Tikinti İdarəsində işləmişdir. Həmin idarə Dövlət Əmlak Nazirliyinin 85 saylı 06.07.2004-cü il tarixli sərəncamına əsasən “Sumqayıt Tikinti Quraşdırma-2” ATSC adlandırılmışdır. -SSRİ-nin Cənub rayonlarında Tikinti Nazirliyinin 04.06.1987-ci il tarixli 3/ 4 saylı arayışından görünür ki, İddiaçı 14.01.1986-01.07.1987-ci il tarixədək Liviyada ezamiyyətdə olmuşdur. -Əmlak Məsələləri Dövlət Xidmətinin 28 mart 2022-ci il tarixli məktubundan görünür ki, “Sumqayıt Tikinti Quraşdırma-2 “Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin 06.07 2000-cı il tarixli 85 nömrəli sərəncamı ilə “Azərsənayetıkinti" Dövlət Şirkətinin tabeliyində olmuş "Sumqayıt Sənayekommunaltikinti Birliyinin 1 saylı filialının bazasında yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 27.09.2005-ci il tarixdə tam başa çatdırılmışdır. “Sumqayıt Tikinti Quraşdırma-2' Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, iddiaçı X2 adı keçmiş "Sumqayıt Sənayekommunaltikmtı" Birliyinin 1 saylı filialının əmək kollektivi üzvlərinin sıyahısında aşkar edilməmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin 28.03.2022-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Sumqayıt şəhər 2 saylı Tresitinin 27 saylı Təmir Tikinti İdarəsi adlı hüquqi şəxs barədə məlumat aşkar edilməmişdir. Həmçinin "xxxx" ASC "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialının hüquqi varisidir. -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 47 saylı 10.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrininh izhatlarını dinlyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisədə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır və onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-834/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-834/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver