Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-834/2023 31.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müavinətin bərpa olunması və ödənilməmiş illərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı və xx.xx.1976-cı il təvəllüdlü həyat yoldaşı X2 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonunun Şəfıbəyli kəndindən məcburi köçkün düşmüşlər. Hal-hazırda Abşeron rayonunda məcburi köçkün kimi qeydiyyatdayıq. İki övladı vardır və onlar da məcburi köçkün statusu daşıyırlar. Lakin, 2020-ci ilin noyabr ayından etibarən onlara verilən aylıq çörək pulunun verilməsi dayandırılmışdır. Ona məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müavinətin (çörək pulunun) verilməsinin bərpa edilməsini və ödənilməmiş illərin ödənilməsinin təmin eilməsi üçün cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə yazılı formada ərizə ilə müraciət etsə də, ərizəyə bu günədək hər hansı rəsmi cavab verilməmişdir. Həmçinin, eyniməzmunlu ərizə ilə Zəngilan Rayon İcra Hakimiyyətinə də müraciət etmiş, lakin həmin qurumdan da ərizəyə hər hansı cavab verilməmişdir.Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən, bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır; məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın 1-ci bəndinə əsasən, aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə verilir. Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi aşkarlanmamışdır. Qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, vahid aylıq müavinət məcburi köçkün statusuna malik olan şəxslərə ödənildiyindən, İddiaçı isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından, onun barəsində sözügedən sosial müdafiə tədbiri tətbiq edilə bilməz. Bununla yanaşı, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 2022-ci il 8 avqust tarixli 611 nömrəli məktubda qeyd olunmuşdur ki, “Zəngilan rayon Polis şöbəsinin rayon icra hakimiyyətinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 202-2370-1220 nömrəli, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli 0xx/xx-1140 nömrəli arayışlarına əsasən, Siz xx.xx.2001-ci il tarixdə Şəfibəyli kəndində pasport qeydiyyatına alınmısınız. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin xx.xx.2020-ci il tarixli 337 nömrəli arayışında isə qeyd edilir ki, Siz Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığından hərbi qeydiyyatdan çıxaraq xx.xx.2006-cı il tarixdə Zəngilan rayon hərbi komissarlığında hərbi qeydiyyata alınmısınız. Sizin 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonundan məcburi köçkün gəlməyinizi göstərən sənədlər və məcburi köçkün statusunu təsdiqləyən məcburi köçkün vəsiqəniz olmadığı üçün Sizə və ailə üzvlərinizə verilən vahid aylıq müavinət 2020-ci ilin noyabr ayından dayandırılmışdır”. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Lakin, 2020-ci ilin noyabr ayından etibarən bizə aylıq çörək pulunun verilməsi dayandırılmışdır”.Yuxarıda qeyd olunan fikirlərə etiraz edərək məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı əvvəllər əsassız olaraq dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir.Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Zəngilan Rayon İcra Hakimiyyəti məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 02/2776 nömrəli xx.xx.2022-ci il tarixli etiraz ərizəsi, vəsiqələrin surət, pretenziya məktublarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan aylıq vahid müavinətin dayandırılması vaxtından yaranmış olur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Komitə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, məcburi köçkün olaraq vətəndaşlara ödənilməli olan aylıq vahid müavinətin ödənilməsi və ya dayandırılması Komitənin səlahiyyəti olduğundan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Cavabdeh inzibati orqanının tələbin mümkünlük şərtinə münasibətdə bildirilir ki, yerli icra hakimiyyəti orqanlarının bu qəbildən olan şəxslərin siyahıya salınması, həmin siyahıları Komitəyə təqdim edilməsi səlahiyyətləri vardır, Komitə tərəfindən isə müvafiq şəxslərə aylıq müavinətlər ödənilir və ya dayandırılır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Komitəyə müraciət etmiş və inzibati orqan onun müraciətinə münasibət bildirməmişdir. Belə olan halda iddiaçının məhkəməyə müraciət etmək hüquq yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi qeydiyyat ünvanının Zəngilan rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi, iddiaçı məcburi köçkün vəsiqəsinə sahib olduğuna görə Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti alırdı, lakin sonralar onun və ailə üzvlərinin müvafiq vəsiqələri qüvvədən düşdüyünə görə müvafiq icra hakimiyyəti tərəfindən 2020-ci ilin noyabr ayından müavinətin verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 1-ci bəndinə əsasən, aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə verilir. Cavabdeh inzibati orqanın etirazında qeyd etdiyi iddia tələbinin mümkün sayılmaması arqumentinə hazırkı qərarın mümkünlük hissəsində münasibət bildirilmişdir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı özü etiraf edərək 2020-ci ilin noyabr ayından ona sosial müavinətin verilməsi dayandırılmışdır. Həmçinin, cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, iddiaçıya əvvəllər verilmiş məcburi köçkün vəsiqəsi qüvvədən düşmüşdür və məhz bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən ona aylıq müavinətin verilməsi dayandırılmışdır. Həmçinin, iddiaçının xx.xx.2001-ci il tarixdə Zəngilan rayonu Şəfibəyli kəndinə pasport qeydiyyatına alınması, 2006-cı ildə Səfərbərlik Xidmətinin Zəngilan rayon şöbəsinə qeydiyyata alınması onu deməyə əsas verir ki, iddiaçı 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonundan məcburi köçkün kimi gəlməmişdir. Belə olan halda cavabdeh inzibati orqan qanunun tələbini tətbiq etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müavinətin bərpa olunması və ödənilməmiş illərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-834/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-834/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver