Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-835/2022 22.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşadıqları mənzilin orderinin (və ya kirayə müqaviləsinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Şamaxı rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “iddiaçının Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla yaşadığı ev üçün yenidən müvafiq sənədlər tərtib olunmaqla xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına çıxarış verilməsinin təmin edilməsini və bu öhdəliyin cavabdehlər Şamaxı rayon İcra Hakimiyyətinin və və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizələr təqdim edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin iş üzrə cavabdeh kimi iştirakından imtina edilməsini, Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşadıqları mənzilin orderinin (və ya kirayə müqaviləsinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməsini Məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadıqları evə mərhum həyat yoldaşı X3 adına order verilmişdi. Sonradan o, evə xüsusi mülkiyyət hüququ ilə Çıxarış almaq məqsədilə evin sənədlərini Bakıya aparmışdır. Elə həmin ərəfədə həyat yoldaşı qəflətən dünyasını dəyişmişdir. Lakin iddiaçının mərhum həyat yoldaşının onların evlərinin sənədlərini hansı Dövlət İdarəsinə təqdim etdiyini bilməmişdir. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ona göndərilmiş xx.xx.2020-ci il tarixli, 102-2-18/4068-20 saylı cavab məktubunda bildirilmişdir ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən X2 Qovşağına (KMTQ) məxsus xidməti binada işçilərə ayrılmış mənzillərin orderləri mənzillər istifadəyə verildiyi vaxt işçilərə təqdim olunmuşdur. Orderin dublikatının verilməsi məsələsinə ailə üzvlüyü və digər aidiyyəti sənədlər təqdim edildikdən sonra baxıla bilər. O cavabın əsilini ərizəyə əlavə etmişdir. Yuxarıda qeyd olunan cavaba uyğun olaraq o lazımi sənədləri KMTQ-yə təqdim etmişdir, lakin bu dəfə onlar iddiaçıya imtina cavabı vermişlər. Belə ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli, 102-2-21/9100-21 saylı növbəti cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki KMTQ-nin) balansında olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən xidməti binadakı mənzillərin rabitə işçilərinə təqdim olunması üçün xx.xx.1986-cı il tarixli 137 nömrəli məktubla o vaxtkı Şamaxı rayon X7 İcraiyyə Komitəsinin sədrinə müraciət olunmuş və müraciətdə siyahısı təqdim olunmuş rabitə işçilərinə xidməti mənzillərin verilməsinin müvafiq qaydada sənədləşdirilməsi və onlara orderlərin verilməsi xahiş olunmuşdur. Cavab məktubunda daha sonra ona bildirilmişdir ki, onların müraciətlərində qeyd olunan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən xidməti binadakı mənzillərinin orderi Cəmiyyət tərəfindən verilmədiyi üçün aparılmış araşdırma nəticəsində həmin orderin kötüyü tapılmamışdır. Xidməti mənzillərin verilməsinə əsas olmuş yazışmaların surəti qoşma sənədlər kimi ona təqdim olunmuşdur. Daha sonra qeyd olunmuşdur ki, mənzilə hüquq verən sənədin təsdiqli surətini əldə etmək üçün müvafiq quruma müraciət etməkləri məqsədəuyğundur. İddiaçının iş materiallarına əlavə etdiyi Şamaxı rayon X7 İcraiyyə Komitəsinin 74 saylı, 19 mart 1987-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, mərhum həyat yoldaşının yaşadığı binanın sakinlərinə order verilməsi qərara alınmışdır. İş materiallarına əlavə etdiyi digər analoji sənədlərdən də görünür ki, 1986-1987-ci illərdə xidməti mənzillərin sənədləşdirilməsi və istifadəçilərə orderlərin verilməsi həmin mənzildə yaşayan şəxslərin təqdim etdikləri tamamlayıcı sənədlərə əsasən Rayon İcraiyyə Komitəsi tərəfindən həyata keçirilmişdir. İddianın qoşma etdiyi əlavə sənədlərin surətlərində - cədvəldə 13-cü sırada həyat yoldaşı olmuş N.B.Ağasəliyevin adı yazılmışdır. Həmin cədvəldən görünür ki, həyat yoldaşı N.B.Ağasəliyev mühəndisdir, 5 nəfərlik ailə tərkibi vardır və sahəsi 45 kv.m olan 15 nömrəli xidməti mənzildə yaşayır. Digər qoşma sənədlərdə də 20 mənzillik xidməti yaşayış binasının orada məskunlaşmış sakinlərə verilməsi barədə sərəncam və həmin sakinlərin orderlə təmin olunması qeyd olunmuşdur. Bundan sonra o, mərhum həyat yoldaşı Namid Ağasəliyevə verilmiş xidməti mənzilin order sənədini əldə etmək üçün Şamaxı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Şamaxı rayon İcra Hakimiyyətindən ona göndərilmiş 24 avqust 2021-ci il tarixli Ş- 06-1599 saylı cavab məktubunda bildirilmişdir ki, vaxtı ilə fəaliyyət göstərmiş Şamaxı rayon X7 İcraiyyə Komitəsinə aid sənədlər Dövlət Arxivinə təhvil verilmişdir. Buna görə də mərhum həyat yoldaşının adına verilmiş xidməti mənzilin order sənədini əldə etmək üçün X11 rayon filialına müraciət etməsi tövsiyyə olunmuşdur. Onun müraciəti əsasında X11 rayon Filialından ona göndərilən xx.xx.2021-ci il tarixli, 284 saylı cavab məktubunda bildirilmişdir ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 1986-87-ci illərin protokollarında X3 adına kommunal mənzil verilməsi aşkar olunmamış və order sənədləri Dövlət X8 təhvil verilməmişdir. Ərizəyə daxil edilmiş 22 İyul 1972-ci il tarixli, A3 № 243448 saylı nikah şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, onunla X9 arasında həmin tarixdə rəsmi nikah bağlanmışdır. Ərizəyə daxil edilmiş 03 mart 2011-ci il tarixli, AZ № 443112 saylı ölüm şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, həyat yoldaşı X9 01 mart 2011-ci ildə vəfat etmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 383 saylı arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır və qeydiyyatdadır. Ərizəyə daxil edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışın əslindən görünür ki, o İddiaçı 11 aprel 2005-ci il tarixdən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşadığı evdə qeydiyyatdadır və orada qeydiyyatda başqa şəxslər yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ona verilmiş **********66 saylı, 11 oktyabr 2021-ci il tarixli cavab məktubunun əsilindən görünür ki, idiaçının yaşadığı ev üçün onun adına Çıxarış verilməsindən imtina olunmuşdur. İmtinanın səbəb kimi qeyd edilmişdir ki, guya iddiaçı yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayə müqaviləsini onlara təqdim etdiyi ərizəyə əlavə etməmişdir. Halbuki o mərhum həyat yoldaşı N.B.Ağasəliyevə 5 nəfərlik ailə tərkibi ilə yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, digər lazımi sənədləri, o cümlədən Dövlət Arxivindən verilmiş xx.xx.2021ci il tarixli, 284 saylı cavabın əsilini və ona əlavə olunmuş qərarın təsdiq edilmiş surətini (sərəncam və qərarda həmin mənzillərin orderlə təmin edilməsi də yazılıb) DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim etmişdir. Daha sonra yuxarıda qeyd etdiyi sənədlər əsasında Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun bu müraciəti 2-1 (118)-2124/2021 saylı iş üzrə məhkəmə icraatına qəbul edilmiş, lakin yekunda ona şifahi tövsiyyə edildi ki, yenidən Şamaxı rayon İcra Hakimiyyətinə və digər aidiyyəti ünvanlara müraciət edərək təkrarən lazımi cavabları aldıqdan sonra Şamaxı rayon İcra Hakimiyyətini də cavabdeh qismində qoymaqla həmin inzibati məhkəməyə müraciət etməlidir. O, deyilənlərə tam əməl etmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsi ona şifahi dediklərinin əksinə olaraq öz qərarında yazmışdır ki, onun öz tələbini əsaslandırmağa iradəsi çatmır. O belə hesab edir ki, bu fikir əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ona verilmiş **********16 saylı, 22 noyabr 2021-ci il tarixli cavab məktubunun əsilindən görünür ki, onun yaşadığı evin sənədləşməsindən imtina olunmuşdur. Daha sonra yenidən onun müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********77 saylı, 17 dekabr 2021-ci il tarixli məktubun əsilindən görünür ki, yaşadıqları mənzilin Texniki Pasportunu istəməsinə ümumi olaraq qeyri-müəyyən cavab verilmişdir. Daha sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-dən onlara göndərilmiş xx.xx.2021-ci il tarixli, 102-3-21/14595-21 saylı cavab məktubunun əsilindən görünür ki, onlarda iddiaçının yaşadıqları mənzilin sənədlərinin hər hansı nüsxəsi olmadığı bildirilmişdir. Nəhayət onun yeni müraciəti əsasında Şamaxı rayon İcra Hakimiyyətindən ona göndərilmiş 20 dekabr 2021-ci il tarixli Ş-06-2342 saylı cavab məktubunun əsilində yazılıb ki, müvafiq icra hakimiyyətində sənədlərin əsilinin idarə arxivlərində saxlanma müddəti 5 ildir, bu müddət bitdikdən sonra sənədlər Dövlət Arxivinə verildiyindən vaxtilə fəaliyyət göstərmiş Şamaxı rayon X7 İcraiyyə Komitəsinə aid sənədlərin rayon İcra Hakimiyyətində saxlanılmadığı təkrarən onlara bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti iddiaya qarşı yazılı etirazında Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 20 may 2022-ci il tarixli məktubda, həmin mənzilin müvafiq sənədlərinin tərtib olunması ilə əlaqədar səlahiyyətlərinə aid öhdəliklərin üzərinə qoyulmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında çıxış edən cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 bildirmişdir ki, iddiaçı tərəfindən barəsində order verilməsi tələb olunan mənzil Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən deyil, xüsusi rabitə tərəfindən verilmişdir. Həmin mənzil Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən verilmədiyi və bina bələdiyyənin balansında olduğu üçün mənzil barəsində orqanda heç bir məlumat yoxdur. Odur ki iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan : - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin İddiaçı ünvanladığı 12 iyul 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şamaxı rayon X7 İcraiyyə Komitəsi ilə 1986-1987-ci iilərdə aparılmış yazışmalara əsasən məlum olur ki, xidməti mənzillərin sənədləşdirilməsi və istifadəçilərə orderin verilməsi həmin şəxslərin təqdim etdikləri tamamlayıcı sənədlərə əsasən rayon icraiyyə komitəsi tərəfindən həyata keçirilmişdir. Bu səbəblə də müraciətdə qeyd olunan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən xidməti binadakı mənzillərin orderi cəmiyyət tərəfindən verilmədiyi üçün araşdırmalar nəticəsində sənədin kötüyü tapılmamışdır. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 09 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən xidməti binadakı mənzillərin orderi və digər sənədləri balans saxlayıcıda olmadığı üçün onların təsdiqli surətinin iddiaçıya təqdim edilməsi mümkün olmamışdır. - Şamaxı rayon (şəhər) X7 İcraiyyə Komitəsinin 74 saylı, 19 mart 1987-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Şamaxı şəhər X7 İcraiyyə Komitəsinin sədri Ş.N.Bayramov Şamaxı rayon Kommunal Müəssisələri Kombinatının rəisi Ə.C.Ədilova V.İ.Lenin adına sovxozda yerləşən TSUM-3 texniki qovşaq idarəsinin işçiləri yaşayan 20 mənzilli yaşayış evinin Kommunal Müəssisələri Kombinatının binasına köçürülməsinin təmin edilməsi, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin baş memarı R.A.Qasımova .İ.Lenin adına sovxozda yerləşən TSUM-3 texniki qovşaq idarəsinin işçiləri olmaqla 20 mənzilli yaşayış binasında yaşayan vətəndaşlara order verilməsinin təmin edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktubla vaxtı ilə fəaliyyət göstərmiş Şamaxı rayon X7 İcraiyyə Komitəsinə aid sənədlərin Dövlət Arxivinə təhvil verildiyi, buna görə də mərhum yoldaşına verilmiş xidməti mənzilin order sənədini əldə etmək məqsədilə Dövlət X8 müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən İddiaçı ünvanlanmış 284 saylı, 06 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, order sənədləri X15 filialına təhvil verilməmişdir. Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 1986-1987-ci illərin protokollarında X3 adına kommunal mənzilin verilməsi aşkar olunmamışdır. - 22 iyun 1972-ci il tarixli “Evlənmək haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 22 iyun 1972-ci il tarixdə X9 ilə İddiaçı arasında nikah qeydiyyata alınmışdır. - 03 mart 2011-ci il tarixli, AZ-İ № 443112 saylı “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Şamaxı rayonunun Şəhriyar kəndində ürək çatışmazlığı səbəbindən ölmüşdür. - Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 20 dekabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti nəticəsində yaranmış sənədlərin idarə arxivlərində mühafizə müddətinin 5 il olduğu, bu müddət bitdikdən sonra sənədlərin Dövlət Arxivinə təhvil verildiyi, buna görə də vaxtı ilə fəaliyyət göstərmiş Şamaxı rayon X7 İcraiyyə Komitəsinə aid sənədləri rayon İcra Hakimiyyətində saxlanılmadığı bildirilmişdir. - Məhkəmənin 2-1(118)-835/2022 saylı, 28 fevral 2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X10 19 aprel 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 1986-1987-ci illərin protokollarında Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən xidməti binada mənzillərin verilməsinin siyahısı və təqdim edilmiş orderlər haqqında heç bir məlumat aşkar olunmamışdır, kommunal mənillərə verilən orderlər və orderlərin siyahısı X15 Filialına təhvil verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı mərhum əri X5 rabitə işçisi olaraq Şamaxı rayon X13 İcraiyyə Komitəsinin 74 saylı, 19 mart 1987-ci il tarixli qərarı əsasında yaşadıqları mənzilə dair order verildiyini və həmin orderin mərhum əri tərəfindən itirildiyini iddia edir. O, bu səbəbdən orderin verilməsi ilə bağlı cavabdeh inzibati orqan olan Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müracitənin təmin edilməsindən imtina edilmişdir. Beləliklə iddiaçının tələbindən görünür ki, o, yaşadıqları mənzilə dair verilmiş orderin itdiyini iddia edir, yenidən orderin verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə yerli icra hakimiyyəti orqanları və ya hər hansı başqa orqan tərəfindən mənzillərə “Order” adlı sənədin verilməsi ilə bağlı hər hansı bir müddəa təsbit edilməmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, onun tələbi orderin (və ya kirayə müqaviləsinin) verilməsi deyil, itirilmiş orderin əvəzinə yeni orderin verilməsindən ibarətdir. İtirilmiş orderin əvəzinə yeni orderin verilməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsaən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə iddiaçının qanunvericilikdə nəzərdə tutulmamış, eyni zamanda verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid edilməmiş sənədin, yəni “order”in verilməsi ilə bağlı tələbi əsassızdır və cavabdehin hər hansı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının pozulması müəyyən olunmur. Qeyd olunan qanundan göründüyü kimi vətəndaş tərəfindən order itirildiyi halda o, dövlət arxivinə arxiv arayışının verilməsi üçün müraciət etməlidir. Hazırki işdə iddiaçının yaşadıqları mənzilin sənədləri ilə bağlı müraciətlərinə cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X10 284 saylı, 16 sentyabr 2021-ci il tarixli, Şamaxı rayon İcra Hakimiyyətinin Ş-06-1599 saylı, 24 avqust 2021-ci il tarixli və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 12 iyul 2021-ci il tarixli məktubları ilə mənzilə dair orderin aşkar olunmadığı bildirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da iddiaçının mərhum əri X1 mənzilə dair orderin verildiyi müəyyən edilməmişdir. Belə ki, orderin verilib-verilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X8, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə müvafiq sorğular göndərilmiş, sorğulara cavab əsasında iddiaçının mərhum ərinə orderin verildiyi aşkar olunmamışdır. Beləliklə məhkəməyə sözügedən orderin təqdim edilməsi, ümumiyyətlə sözügedən orderin mövcudluğu barədə məlumatın təqdim edilməsi təmin edilməmiş, məhkəmə araşdırması zaman da orderin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşadıqları mənzilin orderinin (və ya kirayə müqaviləsinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşadıqları mənzilin orderinin (və ya kirayə müqaviləsinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-835/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-835/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver