Məhkəmə qərarları › İş №2-1(118)-836/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-836/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-836/2025 10.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək 2169,6 manat verginin ondan tutularaq Xırdalan Bələdiyyəsinin yerli Büdcəsinə ödənilməsi haqqında Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, mülkiyyətində Xırdalan şəhəri ərazisində torpaq sahəsi var. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Xırdalan Bələdiyyəsinin sədri xx.xx.2024-cü il tarixində qərar qəbul edərək 2169,6 manat vergi borcunun ondan tutulmasını Abşeron rayon İcra Şöbəsinə həvalə etmişdir. Qərar barədə xx.xx.2024-cü il tarixində icra məmurunun zəngi nəticəsində xəbər tutmuşdur və qərarın surətini əldə etmişdir. Dərhal hüquqşünaslardan məsəhət alaraq öyrənmişdir ki, qərar qanunsuz və əsassızdır. Qərar maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci, 200.5, 200.6, 203.1, 203.2, 204, 205-ci maddələri göstərilmişdir. Həmin maddi hüquq normalarında boş torpaq sahəsinə görə əmlak vergisi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçının torpaq sahəsi 0,50 ha olmaqla 500 kv metrə bərabərdir. Beləliklə, 2020-ci ildən bu günə qədər 4 il ötür və hər il 2*5=10 manat olmaqla cəmi 40 manat torpaq vergisi tələb etmək əvəzinə cavabdeh inzibati orqan ondan 2169,6 manat vergi tələb edir. Qərarda verginin konkret növü və dərəcəsi göstərilməmişdir. İnzibati icraat düzgün aparılmamış, qərar onun fikri öyrənilmədən çıxarılmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, vətəndaşın iddia ərizəsi ilə tanış olduqdan sonra müəyyən olmuşdur ki, əvvəlki illərdə keçmiş heyət tərəfindən torpaq qeyri yaşayış sahəsi kimi hesablanmış, halbuki, vətəndaşın istifadəsində olan 0.50 ha (50 sot) torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır. Vətəndaş İddiaçı istifadəsində olan torpaqla bağlı borca dair hesablanma qaydası, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən Vergi dərəcələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaqlardan istifadə olunduqda, hər 100 kv.m üçün 2 manat vergi tutulur. 0.50 sot x 2.00 manata =100 manat. (1 il üçün torpaq vergisi) 100 x 0.1% x 365 günə = 36.50 manat ( 1 illik % dərəcəsi) 100 + 36.50 = 136.50 136.50 x 4 ilə = 546 manat ( ötən dövrlər üzrə borc) Xırdalan bələdiyyəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar Xırdalan bələdiyyəsinin elektron bazasında görsənən məlumatlar əsasında, qanunvericiliyə tam uyğun şəkildə və vergi öhdəliklərinin icrasını təmin etmək üçün qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 07 yanvar 2024-cü il tarixli 01/02-54 saylı qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı mülkiyyətlərində olan əmlak və torpağa görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Abşeron rayonu Xırdalan şəhəri ünvanında 5000 kv.m torpaq sahəsinə görə cari il üçün 400 manat hesablanmışdır, o cümlədən 2020ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 1600 manat, faiz üzrə 469.6 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə 2169.6 manat ümumi borcunu ödəməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı barəsində vergi borcunun tutulması haqqında qəbul edilmiş qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 26 iyul 2024-cü il tarixli məktubu ilə **********51 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2026-cı il tarixli, 58 saylı məktubunda xx.xx.2024-cü il tarixli qərarın Xırdalan bələdiyyəsinin elektron bazasında görsənən məlumatlar əsasında qanunvericiliyə tam uyğun şəkildə və vergi öhdəliklərinin icrasını təmin etmək üçün qəbul edildiyi qeyd edilmiş, İddiaçı 0,50 ha (50 sot) torpaq sahəsinə hesablanmış 642.1 manat (hal-hazırda xx.xx.2026-cı ilin tədiyyə bildirişində 756.7 manat borc görsənir) nəzərə alaraq Xırdalan bələdiyyə büdcəsinə ödənilməsi xahiş edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, 07 yanvar 2024-cü il tarixli 01/02-54 saylı qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı mülkiyyətlərində olan əmlak və torpağa görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Abşeron rayonu Xırdalan şəhəri ünvanında 5000 kv.m torpaq sahəsinə görə cari il üçün 400 manat hesablanmışdır, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 1600 manat, faiz üzrə 469.6 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə 2169.6 manat ümumi borcunu ödəməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı barəsində vergi borcunun tutulması haqqında qəbul edilmiş qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı 2169,6 manat verginin ondan tutularaq Xırdalan Bələdiyyəsinin yerli Büdcəsinə ödənilməsi haqqında Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə Bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Həmin əsasnamənin tələblərinə əsasən: 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmamış, nəticədə iddiaçı üçün əlverişsiz qanunsuz inzibati akt qəbul etmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalı, vergi öhdəliyi yaradan mülkiyyət sənədləri müəyyən edilməli, vergi hesablanması üçün əsasları araşdırmalı, inzibati icraat haqqında qanunvericiliyin və vergi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fiziki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərar inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə 2196.6 manat borc məbləğinin tutulması qərara alınsa da, cavabdehin xx.xx.2026-cı il tarixli, 58 saylı məktubunda İddiaçı 0,50 ha (50 sot) torpaq sahəsinə 642.1 manat (halhazırda xx.xx.2026-cı ilin tədiyyə bildirişində 756.7 manat) borcunun olması qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarı qanunsuzdur, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2169,6 manat verginin İddiaçı tutularaq Xırdalan Bələdiyyəsinin yerli Büdcəsinə ödənilməsi haqqında Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024cü il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar