Məhkəmə qərarları › İş №2-1(118)-837/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-837/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-837/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “23 iyul 2008-ci il tarixli qəbzə əsasən bələdiyyənin hesabına ödənilmiş 1200 manat pulun iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “23 iyul 2008-ci il tarixli qəbzə əsasən bələdiyyənin hesabına ödənilmiş 1200 manat pulun iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya Qobu Bələdiyyəsi tərəfindən 23.07.2008-ci il tarixdə 0.08 h torpaq ayrılmasına dair bələdiyyənin hesabına 1200 manat pul vəsaiti ödənilmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ödədiyi pul geri qaytarılmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbinin predmeti iddiaçının Abşeron rayon Qobu Bələdiyyəsinə rəsmi qəbz əsasında ödənilmiş pul vəsaitinin geri qaytarılmasından ibarətdir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə Abşeron rayon Qobu Bələdiyyəsi arasında bağlanmış alğı-satqı müqaviləsi olmuşdur. Məhz həmin alğı-satqı müqaviləsi nəticəsində iddiaçı bələdiyyə hesabına 1200 manat pul vəsaiti ödəmişdir. Həmin alğı-satqı müqaviləsinə əsasən ödənilmiş pul vəsaitini geri qaytarılmasının qanunsuz və ya qanuni olması məsələsi mülki mühakimə icraatı qaydasında baxılmasını zəruri edir. Belə ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, cavabdeh inzibati orqanın iddiaçıya ödəmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “23 iyul 2008-ci il tarixli qəbzə əsasən bələdiyyənin hesabına ödənilmiş 1200 manat pulun iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar