Məhkəmə qərarları › İş №2-1(118)-838/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-838/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-838/2024 01.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı-yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən mülkiyyətində ümumi sahəsi 0,0946 ha, məqsədli istifadəsi sahibkarlıq olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 133.305 manat (111.088 m əsas + 22.217 m 20% əlavə) məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib dövlət ehtiyacları üçün alınan onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən seriyası MA N20301810 olan ********** qeydiyyat nömrəli 0.0946 ha torpaq sahəsinin hər sotunun bazar qiymətinin 20000 (iyirmi min) manat olması nəzərə alınmaqla və ümumi məbləğin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ilə birlikdə cəmi 198660 (bir yüz doxsan səkkiz min altı yüz altmış) manat məbləğində kompensasiyanın və ona məxsus torpaq sahəsindən istifadənin məhdudlaşdırılmasına görə itirilmiş gəlirə, işgüzar nüfuzuna xələl gəlməsi və mənəvi ziyana görə 150000 (bir yüz əlli min) manat vəsaitin ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xx.xx.2011-ci il tarixdə **********44 reyestr nömrəli torpağa çıxarış almaqla xx.xx.2011-ci il tarixdə seriyası MA N0301810 olan ********** qeydiyyat nömrəli 0.0946 ha sahibkarlıq təyinatlı torpaq sahəsini xüsusi mülkiyyətinə keçirilməklə almış, "xxxx" ASC-nin sifarişi ilə həyata keçirilən “Bilgəh-Sumqayıt Avtomobil Yolunun Tikintisi” layihəsi çərçivəsində yuxarıda qeyd etdiyi mülkiyyətində olan 0.0946 ha torpaq sahəsi yolun tikintisi aparılan əraziyə düşmüşdür. Bununla əlaqədar səlahiyyətli şəxslər onunla söhbət apararaq torpaq sahəsinin dövlət məqsədləri üçün haqqı ödənilməklə alınacağını bidirmişlər. Bu məqsədlə xx.xx.2014-cü il tarixdə Ə-4/16-6989 saylı məktubla ona məxsus 0.0946 ha torpaq sahəsinə dəyən ziyan 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində qiymətləndirilməsi və X2 filialına köçürüldüyü barədə məlumat verilmişdir. O da qeyd edilən qiymətlə razılaşmayaraq həmin vaxt kompensasiya məbləğini götürməkdən imtina etmişdir. Bir müddət sözügedən yolun tikintisi ləngisə də hazırda işlər davam etdirilməyə başlamışdır. Bu məqsədlə artıq "xxxx" ASC tərəfindən torpaq sahəsindən boru xətləri keçirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-yə torpaq sahəsini zəbtdən azad edilərək boşaldılmasını rəsmi ərizə ilə tələb etsə də heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin dəvət etdiyi müstəqil qiymətləndirici ilə arasında razılaşma protokolu imzalanaraq ona 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində dəymiş ziyana görə vəsait təqdim edildi. İddiaçıya ödənilmiş məbləğ barədə narazı olduğunu bildirmiş və bu barədə razılaşma protokolunda narazı qaldığı üçün məhkəməyə müraciət edəcəyinə dair qeyd yazmışdır.Həmçinin torpaq sahəsinin dəyəri barədə internet resursları üzərindən apardığı araşdırmalara görə hal-hazırda həmin ərazidə yerləşən torpaq sahələrinin bir sotunun bazar qiyməti 20000 (iyirmi min) manatdır. Göründüyü kimi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0946 ha torpaq sahəsinə dəymiş ziyan Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən düzgün hesablanmamış, real bazar qiymətindən çox-çox aşağı qiymət tətbiq edilmişdir.Hesab edir ki, agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ona ədalətli kompensasiya ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ilə razı deyil və aşağıdakı sadalanan qanunda olan müddəalara və işdə olan sübutlara əsasən etirazını bildirir.Agentlik tərəfindən 2013-2016-cı illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus xüsusi mülkiyyət hüququ əsasında olan torpaq sahəsi 0.0946 ha yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır.Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2014-cü ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat kompensasiya "xxxx" ASC-nin Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən xx.xx.2023-cü tarixində alınmışdır.Daha sonra iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və torpağın yenidən qiymətləndirilməsini xahiş etmişdi. İddiadan göründüyü kimi, iddiaçıya məxsus olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0946 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihənin ərazisinə düşməsi və torpağın cavabdeh tərəfindən dövlət ehtiyacları məqsədilə alınmağı tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir.Müəyyən olunur ki, iddiaçının və onnan yanaşı “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihənin altına düşən bütün mülkiyyətçilər məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdehin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür.Bundan əlavə, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sifarişi ilə "xxxx" MMC-nin hesabatına əsasən qiymətləndirilmişdir. Qiymətləndirmə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə əsasında aparılmaqla, bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə obyektin və onun sahibinə dair məlumatlar, o cümlədən, foto-şəkillərdən və müxtəlif elmi metodlardan istifadə olunur və yekunda müstəqil ekspert, ümumilikdə, təyin etdiyi sahənin qiyməti, AR Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz miqdarında hesablanmış əlavə ilə 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində olmuşdur.Göstərənlərə əsasən hesab edir ki, dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiyməti qanuna əsasən istənilən qiymətləndirici tərəfindən deyil, müvafiq icra hakimiyyəti müəyyən qaydada hesablanaraq İddiaçı tam ödənilib və bununla belə hüququnun pozulması müəyyən olunmamışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 31 may 2023-cü il tarixli, 11-1/2-41xx-xx/2023 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********44 reyestr nömrəli çıxarışın surəti, xx.xx.2023-cü ildə tərtib edilmiş razılaşma protokolunun surəti, Abşeron rayon 1 saylı Notariat ofisinin 4920 nömrəli, ..10.2023-cü il tarixli məktubu, "xxxx" MMC-nin ekspert rəyi, məhkəməyə təqdim edilmiş 4Ə-578 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surəti, 4Ə-577 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surəti, 4Ə-93 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surəti, mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyətini əsk etdirən ortofoto görüntünün surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır.Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı-yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən ümumi sahəsi 0,0946 ha, məqsədli istifadəsi sahibkarlıq olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir.İddiaçıya məxsus torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” ilə bağlı həyata keçirilən layihə çərçivəsində tikinti altına düşmüşdür. Bu işin mübahisələndirilməyən halıdır. Həmin torpaq sahəsinə görə cavabdeh təşkilat tərəfindən iddiaçıya 28380 manat kompensasiya ödənilmişdir. Lakin, iddiaçı həmin kompensasiya məbləğinin həddindən artıq az olmasını xx.xx.2023-cü ildə tərtib edilmiş razılaşma protokolunda qeyd edərək, məhkəməyə müraciət edilməsi hüququnu özünda saxladığını qəti şəkildə bildirmişdir. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə ədalətli şəkildə hesablanmış kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 31 may 2023-cü il tarixli, 11-1/2-41xx-xx/2023 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsini onunla əsaslandırmışdır ki, iddiaçıya qanunvericiliyə uyğun şəkildə vəsaitin ödənilməsini həyata keçirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tədqiq olunan sübutlara əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş kompensasiya ədalətsiz şəkildə ödənilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Notariat ofislərinə sorğu göndərilmiş və həmin ərazinin yerləşdiyi yerdə konkret alqı-satqı müqavilələri Notariat konturları tərəfindən məhkəməyə təqdim edilə bilinməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan torpağın ünvanı Saray qəsəbəsi göstərilsə də, Masazır qəsəbəsində yerləşən “Düz gölünün” yanında yol kənarında yerləşir və torpaq sahəsinin məqsədi sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Daşınmaz əmlakın bazar qiymətlərinə diqqət yetrildikdə torpaq sahəsinin yerləşdiyi məkana və məqsədli təyinatına uyğun qiymətinin digər torpaq sahələrindən daha dəyərli olması müəyyən olunur. Hazırkı torpaq sahəsinə görə kompensassiya ödənilərkən torpaq sahəsinə görə Saray qəsəbəsinin içərisində yerləşən torpaq sahələri ilə hazırkı, torpaq sahəsinin arasında hər hansı bir fərq qoyulmadan kv.m torpaq sahəsinə görə 3.000 manat kompensasiya ödənilmiş, iddiaçı isə həmin məbləği qəbul etsə də verilən kompensasiya məbləği ilə razı olmadığını və gələcəkdə bununla bağlı iddia qaldıracağını qeyd etmişdir. Məhz bu səbəbdən məhkəmə tərəfindən onun hazırkı iddia tələbinin baxılması mümkün hesab edilmişdir. Hazırkı torpaq sahəsinin real bazar qiymətini müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında, yəni eyni xətt üzrə yerləşən və Masazır qəsəbəsinin inzibati ərazisinə daxil olan torpaq sahələrinin alqı-satqı müqavilələri və yerləşmə sxemləri əldə edilmişdir. Belə ki, iddiaçının torpaq sahəsinin yerləşdiyi əraziyə yaxın alqı-satqı müqavilələrindən müəyyən olunur ki, 4Ə-578 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazidə 0.033 ha torpaq sahəsi 84700 manata satılmış, 4Ə-577 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazində 0.031 ha torpaq sahəsi 30.000 manata satılmış, 4Ə- 93 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazidə 0.045 ha torpaq sahəsi 40.000 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, o cümlədən 4Ə-578 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazidə 0.033 ha torpaq sahəsi 84700 manata satılmış, 4Ə-577 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazində 0.031 ha torpaq sahəsi 30.000 manata satılmış, 4Ə-93 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazidə 0.045 ha torpaq sahəsi 40.000 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 3.3 sot 84700 manat - 1 sotu 25.666 m, 2-ci – 3.1 sot 30.000 manat-1 sotu 9.677 m, 3-cü – 4.5 sot 40.000 manat-1 sotu 8.888 m olmaqla, 1 sotun orta qiyməti təqribən 14.743 manatdan çox edir (25666+9.677+8.888=44231:3=14.743). Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya torpaq sahəsinin hər sotuna görə 3000 manat kompensasiya ödənilmişdir (14743-3000=11.743 manat x 9.46 sot = 111.088 manat ). Ona görədə məhkəmə iddiaçıya ödənilmiş kompensasiya məbləğini araşdırma nəticəsində müəyyən olunmuş torpaq sahəsinin hər sotundan çıxmaqla hesablanma aparması və müvafiq kompensasiyanın iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 111.088 manat + 22.217 m (111.088 x 20% = 22.217 m) = 133.305 manat təşkil edir. İddiaçının mülkiyətində olan torpaq sahəsinin 9.46 sot olduğunu, cavabdeh tərəfindən hər sotuna görə ona 3000 manat ödəniş ödənilməsini və daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% əlavə də nəzərə alaraq torpaq sahəsinin qiyməti 133.305 (yüz otuz üç min üç yüz beş) manatdan çox təşkil edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, 133.305 (yüz otuz üç min üç yüz beş) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı-yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən 0,0946 ha, məqsədli istifadəsi sahibkarlıq olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 133.305 manat (111.088 m əsas + 22.217 m 20% əlavə) məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar