Məhkəmə qərarları › İş №2-1(118)-838/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-838/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-838/2025 11.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə (Açar sözlər: ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə (stomatologiya ixtisası) bakalavr ali təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “bakalavr ali təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “X7 Universiteti” MMC-nin 5 may 2022-ci il tarixli, 000675 nömrəli, 0676 qeydiyyat nömrəli “Diplom”undan görünür ki, İddiaçı stomatologiya ixtisası üzrə doktor dərəcəsi ilə təltif olunmuşdur.

2. “X7 Universiteti” MMC-nin 5 may 2022-ci il tarixli, 000675 nömrəli, 0676 qeydiyyat nömrəli “Diplom”a əlavə.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 30 dekabr 2023-cü il tarixli, NA00021301 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı müraciətinə baxılaraq onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.

4. “X7 Universiteti” MMC-nin 4 dekabr 2025-ci il tarixli, 648/01 nömrəli arayışından görünür ki, İddiaçı 2016-cı il tarixdə X7 Universitetinə səhiyyə fakültəsi tərəfindən həyata keçirilən gürcü dilli birpilləli stomatologiya təhsil proqramına qəbul olunmuşdur. Tədris forması gündüz əyanidir. Tələbənin mühazirələri səbəbsiz buraxması halları olmamış, davamiyyətlə bağlı müstəsna hallarda tələbə universitetə tibbi arayışlar təqdim edib və bunun əsasında qeyd olunan buraxılmalar əsaslı hesab edilmişdir. Təhsil aldığı dövrdə İddiaçı 303 ECTS krediti toplamışdır. Səhiyyə fakültəsi şurasının 5 fevral 2022-ci il tarixli, 2 nömrəli protokolunun qərarı ilə İddiaçı diplomlu stomatoloq akademik dərəcəsi verilmiş və onun adına THTU 000675 nömrəli (qeydiyyat nömrəsi: 0676, 5 may 2022-ci il tarixli) diplom verilmişdir.

5. “X7 Universiteti” MMC-nin 15 dekabr 2025-ci il tarixli, 731/01 nömrəli arayışından görünür ki, xx xxx 1998-ci il təvəllüdlü İddiaçı Tbilisi şəhər Humanitar Tədris Universitetinin “Stomatologiya” ixtisası üzrə bakalavr proqramına qəbul olunduğu təsdiqlənir. Tələbə 2016-2022-ci tədris illəri ərzində təhsil alıb və bu dövrdə bütün semestrlərdə tədris prosesində iştirak etmişdir. Nəzəri və təcrübi saatlarda iştirak etmişdir. Akademik miqrasiyanın - akademik borcların (natamamlıqların) yarandığı dövrdə təhsilini davam etdirmiş və növbəti semestrləri uğurla başa vurub. Universitetin təhsil proqramında nəzərdə tutulan bütün nəzəri və təcrübi fənləri tam şəkildə keçmiş və bütün akademik tələbləri uğurla yerinə yetirmişdir. 300 kreditlik proqramı 303 akademik kreditlə bitirib və bu da proqramı tam keçdiyini təsdiqləmişdir. Tələbənin səbəbsiz dərs buraxması halları olmamışdır, davamiyyətlə bağlı müstəsna hallarda tələbə universitetə tibbi arayışlar təqdim etmiş və dərslərin belə buraxılması üzürlü hesab edilmişdir. Həmçinin təsdiqlənmişdir ki, tələbə bütün semestr imtahanlarında şəxsən iştirak etmişdir, yekun dövlət imtahanlarında iştirak etmiş və onları uğurla keçmişdir.

6. İddiaçı məxsus PC seriyalı, C01466962 nömrəli pasportun surəti.

7. 5 iyul 2022-ci il tarixli, **********29987 nömrəli “X7 Universiteti” MMC-nin “Apostil”i.

8. İddiaçı məxsus 26 yanvar 2017-ci il tarixli, SX seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

9. İddiaçı səhhəti ilə əlaqədar ambulator kitabçadan çıxarışlar və arayışlar.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 7 oktyabr 2024-cü il tarixli, 3-29-61/2- 46/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 4 ay 2 gün; İİ il – 5 ay 24 gün; İİİ il – 6 ay 22 gün; İV il – 4 ay 9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü); V il – 2 ay 21 gün (pandemiya dövrü); Vİ il – 2 ay 19 gün (kəsrlər).

11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 9 iyul 2025-ci il tarixli, 3-28- 33/2-252/25 nömrəli məktubu ilə İddiaçı dövlət sərhədindən hərəkəti barədə cədvəlməlumatı göndərilmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti X4 26 yanvar 2026-cı il tarixli, 3-28-20-4/2-1/2026 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında stomatologiya ixtisası üzrə normativ müddət və kredit sayı barədə, həmçinin Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsində tədris olunan fənlərin siyahısı barədə sənədlər qoşma şəklində təqdim edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

13. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Universiteti tərəfindən verilmiş THTU 000675 nömrəli, 5 may 2022-ci il tarixli bakalavr diplomumun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi işin hallarına (§1-8) istinad edilərək onunla əsaslandırılmışdır ki, xx xxx 1998-ci il təvəllüdlü iddiaçı orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Gürcüstan Respublikasında fəaliyyət göstərən X5 Universitetinə qəbul olunmuş, 2019-cu ildə isə köçürmə əsasında X7 Universitetinin “stomatologiya” fakültəsinə qəbul olunmuş və 5 fevral 2022-ci il tarixdə bu ali tədris müəssisəsini müvəffəqiyyətlə bitirməklə iddiaçıya THTU 000675 nömrəli 5 may 2022-ci il tarixli diplom verilmişdir. İddiaçının ixtisası üzrə Azərbaycan Respublikasında işlə təmin olunmaq məqsədi ilə tələb olunan müvafiq sənədləri də toplamaqla cavabdeh təşkilata təqdim edilmiş, lakin cavabdeh 30 dekabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla diplomun tanınmasından imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı müddətdə təhsil aldığı dövlətin ərazisində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş normativ müddət üzrə həmin dövlətin ərazisində olmamağı müəyyən edilmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7, 1.0.8, 1.0.9, 10.5, 13.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1, 67.2, 67.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilniş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.2, 1.6, 3.2, 3.6, 3.7, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2010-cu il tarixli, 147 saylı qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili” Qaydalarının 5.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.2, 1.6, 1.28-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 70.1, 70.3-cü maddələrinə istinad edilmişdir.

16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, diplom üzrə ixtisasın və ixtisas üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 14 noyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

18. Məhkəmənin 4 aprel 2024-cü il tarixli, 2-1(118)-3148/2024 nömrəli qərardadı ilə iddiaçının “diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbi ilə əlaqədar yenidən inzibati icraatın aparılması cavabdehə həvalə edilmişdir.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

20. Cavabdeh hazırkı iddia tələbinə dair iş üzrə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə - 4 ay 2 gün, 2017/2018-ci tədris ili üzrə - 5 ay 24 gün, 2018/2019-cu tədris ili üzrə - 6 ay 22 gün 2019/2020-ci tədris ili üzrə - 4 ay 9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) 2020/2021-ci tədris ili üzrə - 2 ay 21 gün (pandemiya dövrü) 2021/2022-ci tədris ili üzrə - 2 ay 19 gün (kəsrlər) Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir

22. Etirazın maddi hüquqi əsası kimi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.3, 3.10, 4.1.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-265/2020 saylı, 16 fevral 2021-ci il tarixli, 2-1(102)-251/2021 saylı qərarlarına, prosessual hüquqi əsası kimi isə İPM-in 73.3-ci maddəsinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin ediməsini xahiş etmişdir.

24. Həmçinin, məhkəmənin əvvəlki iclaslarında iddiaçının özü də məhkəmə prosesində iştirak etmiş, iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

27. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

28. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

29. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X3 izahat verərək, imtina məktubunun dəlillərini müdafiə etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

31. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

32. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

34. Məhkəmənin 11 fevral 2026-cı il tarixli, 2-1(118)-4996/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “bakalavr ali təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

35. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

36. İddiaçı tərəfin mövqeyinə görə, o, 2016-cı ildə Gürcüstan Respublikasında fəaliyyət göstərən X5 Universitetinə, 2019-cu ildə isə köçürmə əsasında X7 Universitetinin “stomatologiya” fakültəsinə qəbul olunmuş və 5 fevral 2022-ci il tarixdə bu ali tədris müəssisəsini müvəffəqiyyətlə bitirməklə ona THTU 000675 nömrəli 5 may 2022-ci il tarixli diplom verilmişdir. İddiaçının təhsil müddətində həmin ölkədə olduğuna baxmayaraq, cavabdeh orqan tərəfindən əsassız olaraq diplomun tanınmasından imtina edilmişdir.

37. Cavabdeh tərəfin mövqeyinə görə isə, iddiaçının ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.

38. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı “X7 Universiteti” MMC tərəfindən stomatologiya ixtisası üzrə doktor dərəcəsi ilə təltif olunmuşdur. Həmin kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar verərək, müraciətin icrasından imtina etmişdir.

39. İşin hallarını nəzərə alaraq, məhkəmə aşağıdakıları qeyd edir.

40. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

41. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

42. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.

43. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

44. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı mübahisənin düzgün həll olunması üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”dır ki, həmin Qaydaların: 1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, bakalavriat səviyyəsində təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. 2.1-ci bəndinə əsasən, bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir; 2.7-ci bəndinə əsasən, tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. (-)

45. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin mübahisələndirilməyən halıdır.

46. Cavabdehin təqdim etdiyi məlumata əsasən iddiaçının sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti 1-ci il üzrə 4 ay 2 gün, 2-ci il – 5 ay 24 gün, 3-cü il – 6 ay 22 gün, 4-cü il – 4 ay 9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 4-cü il – 2 ay 21 gün (pandemiya dövrü), 5-ci il – 2 ay 19 gün (kəsrlər) müəyyən edilmişdir.

47. Məhkəmə hesab edir ki, iş materiallarında mövcud olan “X7 Universiteti” MMC-nin arayışları, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Tibb Universiteti X4 məlumatına əsasən iddiaçının təhsil aldığı universitet ilə nəzərdə tutulmuş və iddiaçı tərəfindən mənimsənilmiş tədris yükü (kredit sayı) Azərbaycan Respublikasına nəzərdə tutulan tədris yükünə uyğun olsa da, onun faktiki olaraq xarici ölkədə olduğu müddət ərzində qanunvericiliklə 40 həftə tədris ili müddətinə uyğun nəzərdə tutulmuş proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır.

48. İddiaçının diplomuna Gürcüstanda Apostil şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə tərəfindən araşdırılma aparılmış və bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının 5 mart 2004cü il tarixli, 595-İİQ nömrəli Qanunla qoşulduğu, 5 oktyabr 1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə əsasən, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.

49. Göründüyü kimi, iddiaçının diplomuna Apostil şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur.

50. Cavabdeh orqan tərəfindən hazırkı iş üzrə iddiaçıya “X7 Universiteti” MMC-nin verdiyi 5 may 2022-ci il tarixli, 000675 nömrəli, 0676 qeydiyyat nömrəli diplomunun saxta olub-olmaması deyil, tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ödənilib-ödənilməməsi mübahisələndirilir.

51. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur.

52. Həmçinin, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən:

3. Tanınmaya dair müraciətə baxılması 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ...

4. Tanınmaya dair tələblər

4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: ... 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); ...”

53. İPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

54. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

55. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

56. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

57. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı X7 Universiteti cavabdeh orqan tərəfindən müəyyən edilmiş “ən çox imtina alan universitetlər”in siyahısına da daxil edilmişdir. (https://tkta.edu.az/az/rejected-universities)

58. İPM-in 12-ci maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçının X6 Universiteti tərəfindən verilmiş THTU №000675, 5 may 2022-ci il tarixli bakalavr diplomuna qoşma şəklində əlavə edilmiş fənnlərin Azərbaycan Respublikasında diplom üzrə ixtisasına görə fəaliyyət göstərməsi üçün kifayət olub-olmaması kimi halların araşdırılması məqsədi ilə (təcrübəni müəyyən etməkdən ötrü) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasına sorğu ünvanlansa da, qurum həmin sualın cavablandırmağın səlahiyyətlərinə daxil olmadığını bildirmişdir.

59. Məhkəmə həmçinin bildirir ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərər vurur. Odur ki, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz.

60. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

61. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

62. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar