Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-839/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştiraklları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “onun və ailə üzvlərinin şəhid ailəsi kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 may 2019-cu il tarixli, 101 saylı sərəncamına əsasən mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia qaldıraraq “onun və ailə üzvlərinin şəhid ailəsi kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 may 2019-cu il tarixli, 101 saylı sərəncamına əsasən mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 15 dekabr 2022-ci il tarixli **********7 saylı imtina məktubunda qeyd edilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə aiddiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə 2014-cü ilin yanvarın birinədək yerli icra hakimiyyət orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dən 2020-ci ilin yanvarın 1-dək yerli icra hakimiyyət orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşu müdafiəsi ilə əlaqədar əliliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyət orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq mənzil ilə təmin olunmuşlar”. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 may 2019-cu il tarixli, 101 saylı sərəncamı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, Mənzil Məcəlləsinin 50, 51-ci və “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 68-ci maddələri rəhbər tutularaq şəhid ailəsi İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmış və sərəncamda şəhid ailəsi İddiaçı ailə tərkibinin 5 nəfər, İddiaçı özü, X7, X4-gəlini, X8 nəvəsi, X5 olduğu qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 may 2019-cu il tarixli, 101 saylı sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına baxmayraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun müavini Zaur müəllim isə onlara mənzil verilməsinin məhkəmə müstəvisinə aid olduğunu şifahi sürətdə bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 15 dekabr 2022-ci il tarixli **********7 saylı imtina məktubu da həmin halı təsdiq edir. O, ikinci qrup əlildir, ağır xəstədir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, icraatda olan 2-1(118)-839/2022 saylı iş üzrə iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. İddiaçı Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən mənzillə təmin olunmuş və halhazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Sumqayıt şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 101 saylı sərəncamına əsasən imtiyazlı şəxs kimi 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Belə ki, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Odur ki, iddiaçının ailə üzvləri yalnız özü və oğlu hesab olunmalıdır. Belə ki, qeyd olunan hallar nəzərə alınaraq tərəfə artıq kv.m sahəsində mənzil verilib və qanunvericiliyin tələbi əlavə otağın verilməsi məsələsini istisna edir. Əlavə olaraq qeyd edirlər ki, Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda iddiaçı normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş və vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 15 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının mənzillə təmin olunmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 101 saylı, 01 may 2019-cu il tarixli “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması haqqında” sərəncamından görünür ki, şəhid ailəsi İddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. - AZ-150974 saylı Ölüm haqqında şəhadətnamdən görünür ki, X6 16 iyun 1983-cü il tarixdə torpaqlarımız uğrunda gedən döyüşlərdə həlak olmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 18 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Nazirliyin tabeliyində Sosial Xidmətlər agentliyinə təqdim etdiyi sənədlər araşdırılarkən onun 19 sentyabr 2007-ci il tarixdə imtiyazlı şəxs kimi ünvan 2 ünvanında mənzillə təmin edildiyi aşkar edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Məhkəmə araşdırması ilə məlum olur ki, hazırkı işdə iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmiş və ona mənzil ayrılmışdır. İddiaçı ona əvvəl ayrılmış 2 otaqlı mənzili satdığını, hazırda isə ailəsi ilə kirayə yaşadığını bildirərək, ona əlavə mənzil verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsi və digər amillərlə şərtləndirir. İddiaçıya dövlət mənzil fonduna aid olan yaşayış sahəsi ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçı artıq bir dəfə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi bu hüququndan istifadə etdiyindən cavabdehin onun müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “onun və ailə üzvlərinin şəhid ailəsi kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 may 2019-cu il tarixli, 101 saylı sərəncamına əsasən mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “onun və ailə üzvlərinin şəhid ailəsi kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 may 2019-cu il tarixli, 101 saylı sərəncamına əsasən mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-839/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-839/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver