Məhkəmə qərarları › İş №2-1(118)-839/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-839/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-839/2024 22.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlərin əmək stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “onun 2006-2008-ci illərdə Quba rayon O.Mikayılov adına Şuduq tam orta məktəbində müəllim işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasını qeyd edilən dövrləri nəzərə alınmaqla hesablama öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “2006-2008-ci illərdə Quba rayon O.Mikayılov adına Şuduq tam orta məktəbində müəllim işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməi stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasını qeyd edilən dövrləri nəzərə alınmaqla hesablama öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Quba Rayon Şuduq kəndində anadan olmuşdur, 1974-cü ildən əmək fəaliyyətinə başlamış və 14 iyun 2023-cü il tarixə kimi fasiləsiz əmək fəaliyyəti olmuşdur. O, 1987-ci ildən müəllim kimi əmək fəaliyyətini başlamış və 14 iyun 2023-cü il tarixə kimi müəllim vəzifəsində çalışmışdır. Onun yaşa görə əmək pensiyası təyin olunma yaşı çatdıqdan sonra 02 noyabr 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin onun 2006-2008-ci il tarixlərdə Quba Rayon Şuduq kənd orta mətəbində müəllim işlədiyi dövr sığorta stajına daxil edilməmiş və əmək pensiyası təyin edilərkən nəzərə alınmamışdır. O, bununla əlaqədar cavabdeh təşkilata rəsmi müraciət edib 2006-2008-ci illərdə Şuduq kənd orta məktəbində müəllim işlədiyi dövrü sığorta stajına daxil edilərək təyin edilmiş əmək pensiyası həmin dövr nəzərə alınmaqla hesablanmasını xahiş etmişdir, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (hesabat) alt sistemindən əldə olunan məlumatlara əsasən sığorta edən Quba Rayon Təhsil Şöbəsi tərəfindən 2006-2008-ci illər üzrə” təqdim edilmiş illik “Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə sığortalananlar haqqında” məlumatda adının sığortalanan kimi qeyd edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcədə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları **********273 N-li fərdi şəxsi hesabında əks olunmadığını onun qeyd olunan dövrü sığorta stajına daxil etməmişdir, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi 12 may 1975-ci il tarixli əmək kitabçasından və Quba Rayon O.Mikayılov adına Şuduq tam orta məktəbinin xx.xx.2022-ci il tarixli arayışından aşkar olur ki, o, 2006-2008-ci illərdə Quba Rayon Şuduq tam orta məktəbində müəllim işləmişdir və cədvəldə qeyd olunan əmək haqqlarını almışdır. İddia ərizəsinə əlavə etdiyi cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli məktubundan aşkar olur ki, cavabdeh təşkilat onun müraciətinə əsassız bir cavab yazaraq, onun tələbini təmin etməkdən imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona pensiya təyin olunması üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçı dah sonra 2006-2008-ci il tarixlərdə Quba rayonu Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlər onun sosial sığorta stajına əlavə edilməklə pensiyasının yenidən T^sabtanmäsını xahiş etmiş və müraciətinə inzibati orqan tərəfindən imtina verilmişdir, inzibati müvafiq imtina məktubunda həmin illər üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları əks olunmadığı üçün həmin illəri onun stajına daxil etməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin illər üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları əks olunmadığı üçün həmin illər onun stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-1-ci maddəsinin 9- 1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 10 və 11-ci maddələrinə əsasən həm sığortaedənin həm də sığortaolunanın vəzifəsi sosial sığortanı vaxtında ödəməkdir. İşin xüsusatlarından da aşkardır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixədək 30 il 8 ay 10 gün sığorta stajı (hərbi xidmət dövrü nəzərə alınmaqla) və xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 9 ay sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27548,81 manat pensiya kapitalı nəzərə alınaraq və hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən pensiyasının məbləği 364,47 manat müəyyən edilib. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanaraq 440.67 manata çatdırılmışdır. Lakin iddiaçı hesab edir ki, onun 2006-2008-ci il tarixlərdə Quba rayonu Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlər də onun stajına daxil edilməsi və pensiyası yenidən hesablanmalıdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən Quba rayon Təhsil Şöbəsi (SUN: **********8) tərəfindən 2006-2008-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda iddiaçının adı sğıortaolunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlər sosial sığorta haqqı üzrə məlumatları **********273 nömrəli fərdi şəxsi hesabınızda əks olunmamışdır. Bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən həmin dövlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci təvəllüdlüdür. - İddiaçıya məxsus НЗ № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 12 may 1975-ci il tarixdə qeydə alınmış “Əmək kitabçası”nın surətindən görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Quba rayon Təhsil Şöbəsi Ülvi Mikayılov adına Quba Şuduq kənd tam orta məktəbi tərəfindən verilmiş 04 saylı, 04 noyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, tarix müəllimi olan İddiaçı həqiqətən də 2006-2008-ci illərdə Şuduq kənd tam orta məktəbində müəllim işləmişdir və əməkhaqlarını almışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz regional Tədris İdarəsi Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbinin 25 saylı, 07 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 25 may 2005-ci il tarixli, 07 nömrəli əmrlə növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2005-ci il tarixli, 15 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdən əvvəlki iş yerinə qaytarılmışdır; xx.xx.2006-cı il tarixli, 05 nömrəli əmrlə xx.xx.2006-cı il tarixindən növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2006-cı il tarixli, 15 nömrəli əmrlə xx.xx.2006-cı il tarixindən əvvəlki iş yerinə qaytarılmışdır; xx.xx.2007-ci il tarixli, 05 nömrəli əmrlə xx.xx.2007-ci il tarixindən növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2007-ci il tarixli, 13 nömrəli əmrlə xx.xx.2007-ci il tarixindən əvvəlki iş yerinə qaytarılmışdır; xx.xx.2008-ci il tarixli, 04 nömrəli əmrlə xx.xx.2008-ci il tarixndən növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2008-ci il tarixli, 17 nömrəli əmrlə xx.xx.2008ci il tarixindən əvvəlki işinə qaytarılmışıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 24 yanvar 2023-cü il tarixli məktundan görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1957-ci təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 02 noyabr 2022-ci il tarixindən 328.06 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabadeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilən zaman onun 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçı bu səbəbdən onun 2006-2008ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını cavabdeh orqandan xahiş etmişdir. Lakin cavabdeh orqan özünün 24 yanvar 2023-cü il tarixli məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçıya yaşa görə pensiya təyini ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək pensiyaları haqqında Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Cavabdeh orqan iddiaçının sosial sığorta stajını hesablayarkən və ona yaşa görə əmək pensiyası təyin edərkən iddiaçının 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almamışdır. Lakin inzibati iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından, Quba rayon Təhsil Şöbəsi Ülvi Mikayılov adına Quba Şuduq kənd tam orta məktəbi tərəfindən verilmiş 04 saylı, 04 noyabr 2022-ci il tarixli arayışdan və məhkəməyə sorğu əsasında daxil olmuş Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz regional Tədris İdarəsi Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbinin 25 saylı, 07 sentyabr 2023-cü il tarixli məktubunundan görünür ki, iddiaçı 2006-cı ildən 2008-ci ilədək olan dövrlərdə həqiqətən də, Quba rayon Təhsil Şöbəsi Ülvi Mikayılov adına Quba Şuduq kənd tam orta məktəbində işləmiş və əməkhaqqı almışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Həmçinin iddiaçının əmək fəaliyyəti ilə bağlı inzibati iş materiallarından görünüdüyü kimi çıxarışlar da mövcuddur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya ona yaşa görə pensiya təyin edilən zaman onun 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almasından imtinası tam əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli **********1 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlərin əmək stajı kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlərin əmək stajı kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar