Məhkəmə qərarları › İş №2-1(118)-84/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-84/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-84/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaşı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Quba rayon İcra Hakimiyyətinə və Quba rayon Quba bələdiyyəsinə qarşı hərəkət və hərəkətsizliyin aradan qaldırılması, qanunsuz sərəncam və qərarların ləğvi, “Meqastore” ticarət mərkəzinin fəaliyyətinin qadağan edilməsi, qanunsuz zəbt edilmiş səkilərin boşaldılması və tikililərin sökülməsi, yanacaqdoldurma məntəqələrinin ləğv olunması, yaşıllıq zolaqlarının bərpa olunması, keçidlərin açılaraq işıqforun quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Quba rayon İcra Hakimiyyətinə və Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon İcra Hakimiyyətinin və Quba şəhər bələdiyyəsinin hərəkət və hərəkətiszliyinin aradan qaldırılması, qanunsuz sərəncam və qərarların ləğvi, “Meqastore” ticarət mərkəzinin fəaliyyətinin qadağan edilməsi, qanunsuz zəbt edilmiş səkilərin boşaldılması və tikililərin sökülməsi, yanacaqdoldurma məntəqələrinin ləğv olunması, yaşıllıq zolaqlarının bərpa olunması, keçidlərin açılaraq işıqforun quraşdırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar və vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçəı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hərəkət və hərəkətsizliyin aradan qaldırılması, qanunsuz sərəncam və qərarların ləğvi, “Meqastore” ticarət mərkəzinin fəaliyyətinin qadağan edilməsi, qanunsuz zəbt edilmiş səkilərin boşaldılması və tikililərin sökülməsi, yanacaqdoldurma məntəqələrinin ləğv olunması, yaşıllıq zolaqlarının bərpa olunması, keçidlərin açılaraq işıqforun quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğu ərizəni müdafiə edərək izah etdi ki, onun yaşadığı Quba şəhəri, T.Əhmədov küçəsində yollar Quba rayon İcra Hakimiyyəti və Quba bələdiyyəsi tərəfindən qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılmış, ərazidəki yaşıllıqlar məhv edilmiş, səkilər və yolların mühafizə zolaqları qanunsuz zəbt edilmişdir. Ölkə rəhbərliyinə şikayətlər olunduqdan sonra tikinti işləri bir müddətlik dayandırılmış, lakin sonra yenidən bərpa edilmişdir. Orada tikiləcək süd zavodunun əvəzinə “Meqastore” ticarət mərkəzi inşa edilərək istifadəyə verilmiş, qanunsuz yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. Nəticədə həmin ərazidə sakinlərin hərəkət imkanları, yaşayış binalara giriş-çıxış yolları məhdudlaşdırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir.Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Hazırkı işdən görünür ki, iddia tələbi cavabdehlər Quba rayon İcra Hakimiyyəti və Quba bələdiyyəsinə qarşı qaldırılmaqla, cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, sərəncam və qərarların ləğvi, “Meqastore” ticarət mərkəzinin fəaliyyətinin qadağan edilməsi, zəbt edilmiş səkilərin boşaldılması və tikililərin sökülməsi, yanacaqdoldurma məntəqələrinin ləğv olunması, yaşıllıq zolaqlarının bərpa olunması, keçidlərin açılaraq işıqforun quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində ünvan 1 ünvanında səkilərin zəbt edildiyini, yaşıllıq zolaqlarının məhv edilərək dayanacaq üçün ayrıldığını, yaşayış evlərinə yaxın məsafədə yanacaqdoldurma məntəqəsinin istifadə verildiyini bildirmiş, cavabdeh orqanlar tərəfindən ona münasibətdə hansı hüquqların pozulduğu və ya qanunla qorunan hansı maraqlarına müdaxilə edildiyini konkret olaraq göstərməmiş, başqa sözlə, subyektiv hüququnun mövcudluğunu əsaslandırmamışdır. Bununla da iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğu müəyyən edilmir. Digər tərəfdən iddiaçı aralarında asılılıq (əlaqə) olmayan bir neçə tələbdən ibarət və bir neçə cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, habelə hər bir tələbini konkret olaraq hansı cavabdeh orqana qarşı irəli sürdüyünü bildirməmiş, eyni zamanda bir neçə tələbi isə (zəbt edilmiş səkilərin boşaldılması, tikililərin sökülməsi və s) ümumiyyətlə, mülki xarakterlidir və inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Bundan başqa iddia tələbinni maddi və mənəvi ziyanın ödənilməsinə dair hissəsi ilə bağlı cavabdehlərə müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbu ki, bu növ iddia tələbinə baxəlması üçün iddiaçı tərəfindən cavabdehə müraciət etməsi və cavabdehin imtina cabanı verməsi mümkünlük şərtlərindən biridir. Qeyd edilənlər hallar isə əsas iddianın qanunvericiliklə tələb olunan mümkünlük şərtlərinə cavab vermədiyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 40-41, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Quba rayon İcra Hakimiyyətinə və Quba rayon Quba bələdiyyəsinə qarşı hərəkət və hərəkətsizliyin aradan qaldırılması, qanunsuz sərəncam və qərarların ləğvi, “Meqastore” ticarət mərkəzinin fəaliyyətinin qadağan edilməsi, qanunsuz zəbt edilmiş səkilərin boşaldılması və tikililərin sökülməsi, yanacaqdoldurma məntəqələrinin ləğv olunması, yaşıllıq zolaqlarının bərpa olunması, keçidlərin açılaraq işıqforun quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar