Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-840/2020 11.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “onun soyadının, adının və ata adının “İddiaçın”dan, “X1”na dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamədə soyadı Məmmədov adı Elnur atasının adı Ağaseyid olmuşdur. 2017-ci ildə müraciəti əsasında soyadı, adı, atasının adı “İddiaçı”na dəyişdirilmiş, AZ-İİİ N-935960 saylı yeni doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasındada Şamaxı RPŞ–dən AZE N-******** saylı şəxsiyyət vəsiqəsi almışdır. Adını atasının adını soyadını dəyişdirməkdə böyük peşmançılıq çəkir. Adı dəyişsə də hamı ona əvvəlki adı ilə Elnur deyə xitab edir. Azər çağrılanda həmin ad ona yad gəlir. Əvvəl öyrəşəcəyini zənn etsə də artıq buna öyrəşə bilmir. Dəfələrlə onu Azər deyə səsləsələrdə refleks olaraq həmin adamın çağrışına cavab vermir, lakin Elnur çağrıldıqda dərhal cavab verir. Ad ata adı soyadının dəyişilməsindən çox peşmdır. O, cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olmayan, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməmiş vətəndaşdır. Adının sadəcə əvvəlki ada dəyişdirilməsini xahiş edir, bununla bağlı Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etsə də xx.xx.2020–ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş və bildirilmişdir ki, qanunvericilikdə soyad, ad və ata adının geriyə qaytarılması ilə bağlı hər hansı müddəa olmadığına görə, bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı adını və soyadını “ İddiaçı” dan “Elnur Məmmədov" a dəyişdirilməsi barədə Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. İddiaçıun adı və soyadı Azərbaycan Respublikası Naziriər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə “Elnur Məmmədov"dan “İddiaçı”a dəyişdirilmişdir. Yuxarıda qeyd edilən “Qaydalar"ın tələbinə əsasən Qeydiyyat şöbəsində adın, soyadın növbəti dəfə dəyişdirilməsinə (ər–arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilmir. Odur ki, Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəni təmin etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi Vüqar Qəhrəmanov ərizə ilə müraciət edərək bildirmişdir ki, Şamaxı rayon qeydiyyat şöbəsində şöbə rəisindən başqa inzibati vəzifə daşıyan şəxs olmadığı və Şamaxı regional "Asan xidmət“ mərkəzi qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra etdiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə inzibati orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti,Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti,Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-111/15 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli, 05/Q- 243/13 nömrəli etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1989-cu ildə Şamaxı rayonunda doğulmuş, İddiaçı soyadının və adının dəyişdirilməsi ilə bağlı Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə Elnur Məmmədovun soyadı və adı İddiaçı dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının və adının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının və adının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının və adının dəyişdirilməsinin ailə həyatında, peşə və həyat tərzində ciddi maneələrin yaranmasına və problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla soyadın və adın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Əksinə məhkəmədə iddiaçı bildirmişdir ki, ilk dəfə soyadının dəyişdirilməsinə səbəb onun ilk adı və soyadı ilə Rusiya Federasiyasından deportasiya olunması ilə bağlı olmuşdur. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək soyadını və adını dəyişdirilən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş və soyadını, adını dəyişmişdir. Buna isə məsuliyyəti onun özü daşıyır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddia tələbi rədd edildiyindən işə baxılması ilə bağlı ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “onun soyadının, adının və ata adının “İddiaçın”dan, “X1”na dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat Dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-840/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-840/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver