Məhkəmə qərarları › İş №2-1(118)-842/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-842/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-842/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 (Sumqayıt 1 saylı Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 48, mənzil 28-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı AbşeronƏrazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ona ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X2rşı iddia ərizəsi ilə Sumqayıtİnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ona ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onununla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 sayıl sərəncamına əsasən Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən İddiaçı müstəsna hal kimi 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və orada ona fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin torpağa dair mülkiyyət hüququmun qeydə alınması üçün cavabbehə müraciət etmiş və cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Belə ki, cavabdeh qəsəbə nümayəndəsinin torpaq ayırmaq səlahiyyətinin olmadığını və ayrılmış torpaq sahəsinini normadan artıq olduğunu bildirmişdir. Halbuki, qəsəbə nümayəndəsi bu sərəncamı özbaşına deyil, Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray əhalisinə paylanması üçün nəzərdə tutulmuş 12 ha torpaq sahəsinin məhz qəsəbə XDS İK-nə həvalə edilməsi barədə olan qərarına əsasən ayırmışdır. Bundan əlavə qanunvericilikdə vətəndaşa verilən torpaq sahələrinə hər hansı bir norma qoyulmamışdır. Vətəndaşa fərdi ev tikintisi və ya başqa məqsədlərlə istənilən ölçüdə torpaq sahəsi verilə bilər və bunu məhdudlaşdıran hər hansı bir qanun yoxdur və cavabdeh də bu əsasla hüquqları qeydə almaqdan imtina etdikdə hər hansı bir normaya əsaslanmamışdır. Məhkəmə iclasında içtirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun olaraq iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamından çıxarışdan görünür ki, “Köhnə Sarayə2 kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən müstəsna hal kimi Ələkbərov Zörhab İzzət oğluna 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona fərdi yaşayış ev kikməyə icazə verilmişdir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F-1471 saylı arxiv arayışından görünür ki, “Köhnə Saray” kəndində ata-baba yurdunun bərpası ilə əlaqədar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən 0,20 ha həyətyanı torpaq sahəsi iddiaçıya ayrılmış və həmin ayrılmış sahədə fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. -Abşeron rayonu Saray bələdiyyəsinin yerqurluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsi DTXK Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ərizəsinəcavabolaraqcavabdehinzibatiorqanbildirmişdirki, Abşeron rayon İHB Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçı tərəfindən normadan artıq əldə edildiyi aşkar edildiyindən və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmadığından ərizənin icrasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 xx.xx.2020-ci il tarixli **********79 saylı məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsini ayırmaq səlahiyyətinin olmaması və torpağın normadan artıq ayrıldığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpağın ayrılması barədə sərəncamın özündə həmin torpağın Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ayrıldığı qeyd edilmişdir. 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Reslublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər.Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 417 saylı sərəncamında torpaqların vətəndaşlara Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilməsi qeyd olunduğundan Saray qəsəbəsi üzrə nümayəndəliyin Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini vətəndaşlara ayırmaq səlahiyyəti olmuşdur. Qüvvədə olan Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Məhkəmə cavabdehin imtina cavabının digər dəlilinə, yəni torpağın normadan artıq ölçüdə ayrılmasına gəldikdə qeyd edir ki, vətəndaşa torpaq sahəsinin ayrılması üçün hər hansı norma müəyyən edilməmiş, bundan başqa iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamda müstəsna hal olaraq 0.20 ha torpaq sahəsinini ayrıldığı qeyd eidlmişdir. Bundan başqa 0,20 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin sərəncamı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək,Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdeh DƏDRX-nin 4 saylı X3 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar