Məhkəmə qərarları › İş №2-1(118)-842/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-842/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-842/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx N73- cü il təvəllüdlüdür. Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən N91- ci ildə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissə komandirinin N aprel N92- ci il tarixli 23 saylı əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. Erməni işğalçılarına qarşı döyüş tapşırıqlarını yerinə yetirərək N saylı hərbi hissə komandirinin N iyun N92- ci il tarixli 42 saylı əmri ilə çavuş kimi Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin N sentyabr N92- ci il tarixli 69 saylı əmri ilə 01.08.N92- 31.08.N92- ci il tarixlərində Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmişdir. N saylı hərbi hissə komandirinin N mart N93- cü il tarixli 160 saylı əmri ilə 01.02.N93- 28.02.N93- cü il tarixdə Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmişdir. Həmçinin N saylı hərbi hissə komandirinin N mart N93- cü il tarixli 183 saylı əmrində adı qeyd olunmuşdur. Yəni bütün hallarda döyüş tapşırıqlarını yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq N saylı hərbi hissə komandirinin N91- ci il tarixli nizami hissə üzrə əmrləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Başqa yerlərdən də bu əmrləri əldə etmək qeyri-mümkündür. X9 daxil olmamasında onun günahı yoxdur. Amma qeyd etdiyi bu faktlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində öz rəsmi təsdiqini tapmışdır. Mərkəzi Arxivin SHXÇDX- nin Şabran rayon bölməsinə ünvanladığı N.08.20N- cu il tarixli məktubunda, həmçinin iddiaçının hərbi biletində də bu faktlar öz əksini tapmışdır. O, müharibə veteranı kimi 2004- cü ilin avqust ayından 2010- cu ilin may ayına kimi olan dövrdə bütün güzəşt və imtiyazlardan «KapitalBank»ın kartı ilə istifadə etmişdir. Veteranlıq kitabçası, vəsiqəsi, pul kartı olmuşdur. Bununla belə 2010- cu ildən heç bir güzəşt və imtiyazlardan istifadə etmir. Heç bir əsas olmadan hamısı dayandırılmışdır. Halbuki onunla bir yerdə döyüşən yoldaşları indinin özündə də müharibə veteranı kimi bu imtiyazlardan istifad edirlər. Rəsmi sənədlərdəki hərbi əməliyyatlarda iştirakı barədə qeydlərdən də birbaşa görünür ki, iddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Belə olan halda nəyə görə ona «Müharibə vetdranı» adı və vəsiqəsi verilmir. Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə təsdiq olunmuş «Təlimat»ın 1.6- cı bəndinin tələblərinə uyğun olaraq «Müharibə veteranı» adı və vəsiqəsi 09.10.N91ci il tarixdən 10.05.N94- cü il tarixə kimi döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə onların Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər əsasında verilir. Onun döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməyimi sübut edən kifayət qədər əsaslar - sənədlər vardır. Qarabağda müxtəlif ərazilərdə gedən döyüşlərdə iştirak etməsini onunla birlikdə döyüşlərdə iştirak etmiş və hazırda müharibə veteranı kimi dövlətimiz tərəfindən müəyyən olunmuş imtiyazlardan istifadə edən döyüşçü yoldaşları da - Kəlbəcərdə döyüşmüş X7 (ünvan: Şabran rayonu Dağbilici kəndi), Füzulidə döyüşmüş X4 (ünvan: Şabran rayonu Dəvəçikənd kəndi) və başqaları da şahid kimi təsdiq edə bilərlər. X3 ölmüşdür. Sağ qalan şahidlərin məhkəmə iclasında iştirakını özü də təmin edə bilər. Hesab edir ki, Müdafiə Nazirliyinin müvafiq komissiyası ona müharibə veteranı adını verməməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, inzibati orqana müracət etmədiyini bildirmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin 22.09.N95-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı ilkin olaraq inzibati orqana müracət etməlidir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə inzibati orqana müraciəti ilə əlaqədar tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar