Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-843/2024 17.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, 27 saylı evdə yerləşən 40 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzilə reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, 27 saylı evdə yerləşən 40 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, 27 saylı evdə yerləşən 40 saylı mənzilə dair "xxxx" MTK ilə 00687 saylı 07 sentyabr 2009-cu il tarixli müqaviləni bağlamışdır. Həmin tarixdə də mnənzilin dəyərini tam ödəmişdir. Müqavilə bağlanan zaman MTK-nın satış üzrə meneceri bildirmişdir ki, bir müddətdən sonra iddiaçıya mənzilin orderi və daha sonra, həmin order əsasında mənzilin çıxarışı veriləcəkdir. xx.xx.2011-ci il tarixdə Abşeron rayon İcra Başçısı həmin binada yerləşən mənzillərə order verilməsinə dair 1402 saylı sərəncam vermişdir. O, zəruri sənədləri topalyaraq mənzilə dair çıxarış almaq məqsədi ilə cavabdeh orqana müraciət etmişdir. lakin cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Səbəb kimi sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində "xxxx" MTK-nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alinmadığı bildirilir. MTK-nin əvvəlki sədri vəfat etmiş və MTK-nin rəhbərliyi hazırda mövcud deyildir. Bu səbəbdən maliyyə arayışı da ala bilmir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmənzilli vasavıs binası üzərində "xxxx" MTK-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxısın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı müəyyən olunmuşdur.. İş materiallarında olan : - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 07 sentyabr 2009-cu il tarixli 00687 nömrəli mənzil tikintisi haqqında müqavilədən görünür ki, həmin müqavilə Abşeron rayonu, Məmmədli kəndi, bina 29, 40 saylı mənzilə dair bağlanmışdır. - Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 1631 nömrəli orderdən görünür ki, İddiaçı Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 27, 40-cı mənzilinə yiyələnmək hüququ vardır. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanının qeydiyyatdan keçməsi barədə arxivdə məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Məmmədli kəndi ərazisində inşası başa çatmış beş mərtəbəli üç bloklu yaşayış binasının 27 nömrəli binasının istismar üçün qəbul edilməsi haqqında xx.xx.2009-cu il tarixli akt və texniki baxış rəyi məhkəməyə təqdim edimişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan həm iddiaçının ərizəsinə verdiyi imtina məktubunda, həm də iddia ərizəsinə etirazında ona istinad etmişdir ki, iddiaçının aldığı mənzilin yerləşdiyi bina üzərində MTK-nin mülkiyyət hüququ qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 144-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir (144-1.1). Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. Tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər (144-1.2). Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır (144-1.4). Həmin Məcəllənin 144-1.5-ci maddəsinə görə bu Məcəllənin 144-1,4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur : 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); İstinad olunan həmin maddədə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Məhkəmə araşdırmazı zamanı sözügedən mənzilin yerləşdiyi binanın istismara qəbul edildiyi müəyyən edildi. Lakin bina üzərində MTK-nin mülkiyyət hüquqları qeydə alınmamışdır. Bundan başqa iddiaçı tərəfindən mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və mənzilin dəyərini tam ödəməsini təsdiq edən maliyyə arayışı təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə həmin binada başqa mənzillər üzərində mülkiyyət hüququnun qeydə alınıb-alınmamasının müəyyən edilməsi üçün cavabdeh idarəyə verdiyi sorğu nəticəsində həmin binada hər hansı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmamasını müəyyən etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında verilmiş orderə münasibətdə qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsində mənzilə order verilməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Bundan başqa əvvəlki mənzil qanunvericiliyinə görə də yerli icra hakimiyyəti orqanının mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş mənzillərə order verilməsi nəzərdə tutulmadığından və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan hazrda həmin sənədlərə hüquqmüəyyənedici sənəd kimi istinad edilməsini məhkəmə məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-843/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-843/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver