Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-844/2022 04.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Abşeron-Xızı regional filialına qarşı “sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01.10.2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1962-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 02.07.1978-ci ildə Qusar rayonu, Vəliyev adına Kolxozda başlamış, 01 dekabr 2009-cu ildə işdən azad edilmiş, ümumi iş stajı 26 ildən artıqdır. O, 4 uşaq anasıdır, uşaqlarından X2 1982-ci ildə anadan olmuşdur. X.Qayırmazova anadangəlmə ruhi xəstədir, İİ qrup müddətsiz əlildir. Hal-hazırda onun 59 yaşı tamam olmuşdur. İddiaçı sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olan tarixdə güzəştli pensiya hüququ əldə etmişdir. Bu məqsədlə o pensiya təyini üçün DSMF-nin 1 saylı Regional Ərazi Filialına müraciət etmiş, cavabdeh özünün 17.1 1.2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi məktubda sığorta stajının 20 il 2 ay 22 gün olduğu qeyd edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə edərək bildirmişdir ki, iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İş üzrə icraat materiallarına əlavə edilmiş iş materiallarından məlum olur ki, iddiaçının sağlamlıq imkanları məhdud olan uşağı- İddiaçı 1982-ci il tarixdə anadan olmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki. Xəyalə Qayıtmazovanın sağlamlıq imkanları məhdud uşaq olması ilə bağlı İddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçının övladı Xəyalə Qayıtmazova ilkin müayinədən 22.04.1995-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 3-cü maddəsində əmək pensiyası almaq hüququ olan şəxslərin kateqoriyasına İ qrup əlilə və ya 16 yaşma çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər aid edilmişdir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının övladı Xəyalə Qayıtmazovanın əlilliyi 22.04.1995-cı il tarixdə, yəni 13 yaşında müəyyən olunmuşdur. Buna görə də iddiaçının sağlamlıq imkanları məhdud olan qızına qulluq etdiyi dövr 1995-1998-ci il aralığı (Xəyalə Qayıtmazovanın 13-16 yaş aralığı-keçmiş qanunvericiliyə əsasən yetkinlik yaşı 16 yaş hesab edilirdi.) hesab edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan da göründüyü kimi, sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən aşağıdakı 2 şərt ödənilməlidir: Sığortaolunan bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmalı; Sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Belə ki, İddiaçı hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, yaş həddinə çatmamışdır. İddiaçı hal-hazırda Qanunun 8-ci maddəsinin şərtləri daxilində ona pensiya təyin edilməsini tələb edir. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının sağlamlıq imkanları məhdud övladı X4 şəxsiyyət vəsiqəsinin surətləri, TSEK tərəfindən verilmiş 13.04.1998-ci il tarixli, 025001 nömrəli arayışın surəti, DSMF-nin 1 saylı regional ərazi filialının 17.11.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu və fondun etiraz ərizəsi, iddiaçıya aid İT-İ ******* nömrəli əmək kitabçasının surəti, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə Aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun yaşa görə əmək pensiyası yaşının tamam olduğu vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Abşeron-Xızı regional filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının 17.11.2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Suamqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud qızı X1 anadan olduğu 02.08.1982-ci il tarixdən ona qulluq etdiyi dövrü nəzərə alaraq ona yaşaya görə təyin ediləcək pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin iddiaçının sağlamlıq imkanları məhdud qızı X2 doğulduğu andan yetkinlik yaşına çatanadək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə Aktından müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan 02.08.1982-ci il təvəllüdlü X2 anadan olduğu gündən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur. Qeyd olunan qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının işlədiyi müddətləri onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Hesab olunur ki, İddiaçı əmək kitabçasında göstərildiyi müəssisələrdə işlədiyi illəri sığorta stajına daxil edildiyi və sağlamlıq imkanları məhdud övladının tərbiyə etdiyi nəzərə alınırsa onun yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan başqa məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, əmək kitabçasında göstərildiyi müəssisələrdə işlədiyi illər və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2021-ci ilin 01 iyul ayından 30 iyun 2022-ci ilədək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 il 6 aydır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan və sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır, yəni 57 yaşı tamam olduğu 01.10.2017-ci il tarixdən. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan iddiaçının pensiya təyinatı işindən müəyyən olunur ki, iddiaçı 20 oktyabr 2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin ödənilməsi 20 oktyabr 2018-ci il tarixdən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı 20 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 01 oktyabr 2017-ci tarixdən (20 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi şərti ilə) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-844/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-844/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver