Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-844/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “iddiaçıya təyin olunmuş pensiya məbləğindən tutulmaların ləğv edilməsi və tutulmuş məbləğin hesablanaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “İddiaçı təyin olunmuş pensiya məbləğindən tutulmaların ləğv olunaraq, pensiya məbləğinin yenidən bərpa edilməsi, habelə ödənilmədiyindən məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilməsi və “iddiaçıya təyin olunmuş pensiya məbləğindən tutulmaların ləğv edilməsi və tutulmuş məbləğin hesablanaraq geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1950-ci il tarixdə Masallı rayonun Digiya kəndində doğulmuşdur. O, xx.xx.1976-cı il tarixdən Hüseyn Ərəblinski adına Sumqayıt dövlət dram teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə, hal-hazırki günə qədər 46 ilə yaxın iş stajı var. 2018-ci ildən pensiyaya çıxmışdır və 409 manat əmək pensiyası alırdı. Lakin, 2022-ci ilin iyul ayından etibarən onun əmək pensiyasından 81 manat 90 qəpik tutulur. O, bu barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən onun xahişindən 06 avqust 2022-ci il tarixli, **********3 saylı məktub ilə əsassız formada imtina edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və onun hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh orqanın mütəxəssisi X2 məhkəmə iclasına dəvət olunmuş, tərəfindən inzibati işlə bağlı zəruri sualları cavablandırılmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən İİİ qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyasından ümumi əsaslarla yaşa görə əmək pensiyası növünə keçirilməsi haqqında ərizə ilə müraciət etmiş, xx.xx.2018-ci il tarixdən İddiaçı 285.70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yığılmış pensiya kapitalının yenidən hesablanması tələbi ilə Filiala müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən müraciətin araşdırılması zamanı İddiaçı əmək pensiyası məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir Belə ki, əmək pensiyası xx.xx.2018-ci il tarixdə əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilərkən xx.xx.2006-cı il tarixədək sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalına əsasən yaranan əmək pensiyasının sığorta hissəsi düzgün hesablanmamışdır. Nəticədə İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4083.17 manat məbləğində artıq pensiya ödənişi müəyyən edilmişdir. Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının İddiaçı ünvanladığı məktubda ona xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə aşkar edilmiş və xx.xx.2022-ci il tarixdən aylıq pensiya məbləğindən 81.90 manat olmaqla tutulma aparılır. İddiaçı heç bir əsas olmadan artıq ödənilmiş 4083.17 manat məbləğinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibatı orqanlar inzibatı akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını aşkar etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsas Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının Prezidentinin Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları İlə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Filial inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış 06 avqust 2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür və ona xx.xx.2018-ci ildən 285.70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdən iddiaçının aylıq pensiya məbləğindən 81.90 manat olmaqla tutulmalar aparılmışdır. İddiaçı onun pensiya məbləğindən tutulmaların dayandırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 06 avqust 2022-ci il tarixli məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Cavabdeh təşkilatın iddia tələbinin rədd edilməsinə dair arqumentinə münasibətdə, məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya təyin olunmuş pensiya məbləğindən tutulmaların ləğv edilməsi və tutulmuş məbləğin hesablanaraq geri qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçıya təyin olunmuş pensiya məbləğindən tutulmaların ləğv edilməsi və tutulmuş məbləğin hesablanaraq geri qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva