Məhkəmə qərarları › İş №2-1(118)-844/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-844/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-844/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının hər iki bud-çanaq oynaqlarının və sağ aşıq baldır oynağının konqurentliyi tamdır. Hər iki diz oynağının kənarı osteofitləri izlənilir. Sol bud sümüyü orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı qeyd edilir. Qeyd olunanlar Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda da öz əksini tapmışdır. O, 16 ildir ki, əlildir və iddiaçıya İİ dərəcə əlillik təyin edilmişdir. Əlilliyi 2021-ci ilin sentyabr ayında ləğv edilmişdir. Əlillik ləğv edildikdən sonra yenidən baxılması üçün forma 88 hazırlanaraq aidiyyatı üzrə göndərilmişdir. Sistemdə göstərilmişdir ki, həkim tərəfindən göndərilən məlumat natamam doldurulmuşdur. İddiaçı xəstəliyilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Hazırda vəziyyəti ağırdır. Qeyd olunanları rəhbər tutaraq iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 20 gün vaxt müəyyən edilmiş, əyani müayinə olunması haqqında cavab məktubunda iddiaçıya münasibətdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə əvvəlki qərarının qüvvədə qaldığı bildirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 11 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi ümumi xəstəlik olmaqla X1 XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları: S72 - Bud sümüyünün sınığı; diaqnozun mətni: sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən bitişməyən iri qəlpəli sınığı; meyar: 2.2. İkinci dərəcə əlillik, travma səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi ümumi xəstəlik olmaqla X1 Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri: M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları, diaqnozun mətni: sol bud sümüyünün orta 1/3nin qeyri-düzgün bitişmiş sınığı; meyar: 2.2. ikinci dərəcə əlillik, digər: sümük əzələ səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron rayon Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları: S72 - bud sümüyünün sınığı, diaqnozun mətni: sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol incik sümüyünün distal hissəsinin qeyridüzgün bitişmiş sınığı; meyar: 2.2. ikinci dərəcə əlillik, travma səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və səbəbi: ümumi xəstəlik; X1: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları, S72 - Bud sümüyünün sınığı. Diaqnozun mətni: Sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol incik sümüyünün distal hissəsinin qeyri düzgün bitişmiş sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik, travma səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaiarı: S72 - Bud sümüyünün sınığı. Diaqnozun mətni: bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün orta 1/3 nin q/d bitişmiş sınığı. Ağırlaşma M25.5 oynaqda ağrı, hər iki diz oynağında ağrı; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - səbəb: Bərpa müalicəsini davam etdirmək məsləhətdir’' səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün orta 1\3-nin qeyri düzgün bitişmiş sınığı. Birincili ikitərəfli qonartroz, hər iki diz oynağının deformasiyaedici osteoartroz; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: S72.3 Bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: göndərişin natamam doldurulması səbəbi: Xəstəliyin funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçıya sonuncu göndəriş əsasında geri qaytarmanın səbəbi göndərişin natamam doldurulması - səbəb: xəstəliyin funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” olmuşdur. Bundan əlavə qeyd etmək istəyirik ki, iddiaçının müraciəti əsasında ona imtina verilməmiş və inzibati akt qəbul edilməmişdir. Bu səbəbdən iddiaçının “Forma 88”nin “göndərişin natamam doldurulması” səbəbi ilə səhiyyə müəssisəsinə geri qaytarılmasından inzibati akt formasında məhkəməyə şikayət etməsi qanunsuz və əsassızdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 X3 və Ortopediya İnstitutunun 13 oktyabr 2021-ci il və 30 sentyabr 2022-ci il tarixli arayışlarına əsasən iddiaçıya sol bud sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı, hər iki diz oynağının artrozu, sol aşağı ətrafın 6 sm qısalığı, daimi ağrı sindromu ilə XBT S72.3, T93.1, M17.0, M21.7, R52.2, R26.8 diaqnozu qoyulmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddia tələbinin xüsusi mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqandan imtina cavabını almışdır.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddə: Şəxsinorqanizminin funksiyalarının pozulması faizi, səbəbivə müddəti müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir.Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. 3.2-ci maddə: Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddə: Şəxs müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddə: Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək (...)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bənd: Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd: Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd: Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları (əvvəlki redaksiya) Əsasnamənin 13.4-cü bəndinə əsasən diz oynağının artrozu (M17) müşahidə olunan şəxsə əlillik təyin edilir.

Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər zədələnmələri (M95-M99) M95 Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər qazanılma deformasiyaları M96 Digər rubrikalarda təsnif olunmayan tibbi proseduralardan sonra sümük-əzələ sisteminin zədələnmələri M99 Digər rubrikalarda təsnif olunmayan biomexaniki pozğunluqlar

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 24-cü maddə: İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 12-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddə: Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddə: Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X4 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibb müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İşdən göründüyü kimi iddiaçının əlillik vəziyyəti ilk dəfə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 18 sentyabr 2006-cı il tarixli rəsmiləşdirilmiş göndərişi əsasında TSEK tərəfindən qiymətləndirilərək xx.xx.2006-xx.xx.2007-ci il tarixədək 1 il müddətinə “ilkin” ikinci dərəcə, habelə xx.xx.2014-xx.xx.2015-ci il tarixədək 1 il müddətinə “təkrar” ikinci dərəcə, xx.xx.2016-xx.xx.2021-ci il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Müddət tamamlandıqdan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının 30 dekabr 2021-ci il, 26 oktyabr 2022-ci il və 26 yanvar 2023-cü il tarixli göndərişləri əsasında TSEK tərəfindən qiymətləndirilmə aparılmış və xəstəliklərin qeyd edilməməsi səbəbilə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçıya sol bud sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı, hər iki diz oynağının artrozu, sol aşağı ətrafın 6 sm qısalığı, daimi ağrı sindromu ilə XBT S72.3, T93.1, M17.0, M21.7, R52.2, R26.8 diaqnozları qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarlarının əvvəlki redaksiyasında (20 iyul 2023-cü il tarixinədək) 13.4-cü bəndə əsasən diz oynağının artrozu (M17) əlillik təyin edilməsi üçün əsas hesab edilmişdir. Bundan əlavə iddiaçıda yerişin pozulması halına da rast gəlinmişdir. Məhkəmə hesab edir ki, iddiaçının fiziki cəhətdən ağır vəziyyətdə olması və onun daimi olaraq köməyə ehtiyacının olması, qoltuqaltı əsaların köməkliyi ilə gəzməsi və eyni zamanda onun tibb müəssisəsinə müraciət etməzdən öncə yuxarıda qeyd olunan əsasnamədəki xəstəliyinin aşkar edilməsinə (diaqonoz qoyulması) baxmayaraq əlillik təyin edilməməsi onun sosial hüquqlarının məhdudlaşdırılmasına səbəb olar. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya əlillik vəziyyətinə uyğun dərəcənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik vəziyyətinə uyğun əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar