Məhkəmə qərarları › İş №2-1(118)-844/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-844/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-844/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a)İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: 1.31 dekabr 1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22 avqust 1975-ci il tarixdə “Drujba” üzümçülük sovxozunda ərizəsinə əsasən 3 nömrəli üzümçülük briqadasına fəhlə qəbul edilmişdir. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-M-243431/2023 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, təqdim edilən sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 1 sentyabr 1976-cı il tarixdən 1 iyul 1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla, 1 yanvar 2006-cı il tarixədək 29 il 1 ay 16 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 26.129,70 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (368,79 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanın surətində qeyd edilmiş 22 avqust 1975-ci il tarixdən sonrakı dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma haqqında hər hansi bir qeyd yoxdur) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, sözgüdən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etdikdən sonra təkrar müraciəti əsasında sözügedən dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər: 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 3 oktyabr 2023-cü il və 19 yanvar 2024-cü il tarixli “Müraciət vərəqəsi”. 4.İddiaçı məxsus EB seriyalı, 272234 nömrəli diplomun surəti. 5.İddiaçı göndərilmiş 19 yanvar 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubdan görünür ki, pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq 2 sentyabr 2023-cü il tarixdən 371,20 manata çatdırılmışdır. 6.Azərbaycan Respublikası Dövlət X2 31 may 2024-cü il tarixli, 3-48-DA-3F/2- 45/2024 nömrəli məktubundan görünür ki, İddiaçı işlədiyi Füzuli rayon “Drujba” üzümçülük sovxozun 1975-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq tamamilə məhv edilmişdir. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı tərəfin tələbi və əsasları 7.İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək fəaliyyətinin 22 avqust 1975-ci il tarixdən 1 sentyabr 1976-cı il tarixə qədərki dövrün siğorta stajına daxil edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçi Füzuli rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Tam orta məktəbdə müəllim işləyir. 1975-ci ildə orta məktəbi bitirmiş, 22 avqust 1975-ci il tarixdə 144 nömrəli əmrlə Füzuli rayonu “Dostluq” savxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. Bir ildən sonra 1 sentyabr 1976-cı il tarixdə ali məktəbə qəbul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş 1975-ci ildən sonrakı dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul haqqında əmr yazılıb, işdən çıxma əmri yazılmayıb) həmin ilin siğorta stajına daxil edilməmişdir. İşğalla əlaqədar olaraq Füzuli arxivi yandırılmışdır. Əmək fəaliyyətinin həmin bir ili nəzərə alınsa, iddiaçıya ayrılan pensiya məbləği 8-10 manat artıq hesablana bilər. 9.İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının tərtibi qaydaları”na istinad olunmuşdur.

10. İddiaçı məhkəməyə ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - “cavabdeh”) ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək fəaliyyətinin 22 avqust 1975-ci il tarixdən 1 sentyabr 1976-cı il tarixə qədər Füzuli rayonu “Drujba” Üzümçülük-Maldarlıq Sovxozunda işlədiyi dövrünün sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 2 may 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

15. Etiraz imtina məktubunda göstərilən hallara (§2) istinad edərək onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən 1 sentyabr 1976-cı il tarixdən 1 iyul 1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 29 il 1 ay 16 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 26.129,70 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (368,79 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 22 dekabr 1975-ci il tarixdən sonrakı dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma haqqında hər hansı bir qeyd yoxdur) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır.

16. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 22-1.1, 22-1.3, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan SSR dövründə orta məktəbi bitirdikdən sonra işsiz qalmaq mümkün deyildir. İşə başladıqdan sonra fəaliyyətininin dayandırıldığı təqdirdə, ali məktəbə müraciətin edilməsinin mümkün olmadığını, həmin dövrdə bu cür təcrübənin formalaşdığını qeyd etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§15) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (-) 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktik sığorta stajı nəzərə alınır.

26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (-) ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-) Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-) Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-)

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

29. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. (-)

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

34. İddiaçı hazırda iddia tələbini qaldıraraq, onunla əsaslandırır ki, 1975-ci ildə orta məktəbi bitirmiş, 22 avqust 1975-ci il tarixdə 144 nömrəli əmrlə Füzuli rayonu “Dostluq” savxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1 sentyabr 1976-cı il tarixdə ali məktəbə qəbul olmuşdur. Lakin 22 avqust 1975-ci il tarixdən ali təhsil müəssisəsinə qəbul olunduğu tarixədək olan əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdir.

35. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, əmək kitabçasında qeyd edilmiş 22 dekabr 1975-ci il tarixdən sonrakı dövrün doldurulma qaydası pozulmuş, işdən azadolma haqqında hər hansı bir qeyd aşkar olunmamışdır.

36. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 22 avqust 1975-ci il tarixdə “Drujba” üzümçülük sovxozunda ərizəsinə əsasən 3 nömrəli üzümçülük briqadasına fəhlə qəbul edilmişdir. Əmək fəaliyyəti dövrü, o cümlədən 1 sentyabr 1976-cı il tarixdən 1 iyul 1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla, 1 yanvar 2006-cı il tarixədək 29 il 1 ay 16 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 26.129,70 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və təyin edilmiş 368,79 manat pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçının cavabdeh orqana 19 yanvar 2024-cü il tarixli müraciəti nəticəsində müəyyən edilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq 2 sentyabr 2023-cü il tarixdən 371,20 manata çatdırılmışdır.

37. Məhkəmə tərəfindən göndərilmiş sorğunun cavabı olaraq X3 filialı tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının işlədiyi Füzuli rayon “Drujba” üzümçülük sovxozun 1975-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq tamamilə məhv edilmişdir.

38. İddiaçının verdiyi izahatına görə isə işdən azad olunma tarixi onun ali müəssisəyə daxil olduğu günü, yəni 1 sentyabr 1976-cı il olaraq qəbul edilməlidir. Lakin qeyd edilən məlumat ehtimala əsaslanmış, iş fəaliyyətinin dövrü ali müəssisəyə daxil olduğu gündən daha qısa və ya daha uzun müddət təşkil etdiyi heç bir mötəbər sübut ilə, hətta heç bir sübutla öz təsdiqini tapmamışdır.

39. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir.

40. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının13.1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qərarın 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

41. Göründüyü kimi, qanunla əmək kitabçası, arxiv arayışı, əmrlər, əmək haqqı cədvəlləri, əmək stajını təsdiq edən sənədlər olmadıqda əmək stajı hüquqi əhəmiyyətli fakt qaydasında məhkəmə qətnaməsi ilə təsdiq edilir. İddiaçının qeyd edilən arxiv sənədinə malik olmadığı halda onun əmək kitabçasına müvafiq qeydlər daxil edilmişdir. İddiaçının həmin dövr üzrə əmək fəaliyyətinə dair sənədlər araşdırma zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz.

42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyətinin 22 avqust 1975-ci il tarixdən 1 sentyabr 1976-cı il tarixə qədər Füzuli rayonu “Drujba” üzümçülük-Maldarlıq Sovxozunda işlədiyi dövrünün sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar