Məhkəmə qərarları › İş №2-1(118)-845/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-845/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-845/2021 18.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinə qarşı “Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin torpaqlarından 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilməsi barədə Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin torpaqlarından 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilməsi barədə Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məkhəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qanun üzrə vərəsəlik hüququ haqqında 29.08.2019-cu il tarixli şəhadətnaməyə əsasən iddiaçının 22.06.2017-ci il də vəfat etmiş atası X1 miras qalmış JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 50 ha olan torpaq sahəsi istifadəsinə keçmişdir. Mərhum atası X7 ilə Niyazoba Bələdiyyəsi arasında bağlanmış 25.02.2004-cü il tarixli 61 saylı icarə müqaviləsinə əsasən atasına 50 il müddətinə 50 hektar torpaq sahəsi icarəyə verilmişdir. Qanuna müvafiq olaraq həmin torpaq sahəsinə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə işlənərək verilmişdir. Tərəflərin razılaşmasına uyğun olaraq icarə haqqı hər hektar üçün hər il 20 manat müəyyən edilmişdir. Son vaxtlara qədər torpaqdan istifadə ilə bağlı bələdiyyə ilə aralarında hər hansı mübahisə olmamışdır. Sonuncu bələdiyyə seçkilərindən sonra Niyazoba bələdiyyəsinə seçilmiş yeni sədr tərəfindən torpaqdan istifadədə müəyyən çətinliklər yaradılmış, torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən istifadə edilməsinə şərait yaradılmışdır. Bununla əlaqədar icarədə olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etdikdən sonra göstərişə əsasən torpaq sahəsinin sərhədlərinin yerində müəyyən olunması üçün əraziyə mütəxəssis göndərilmiş, lakin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində təyin etmək və tanıtmaq mümkün olmamışdır. Bu barədə Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimov tərəfindən iştirakı ilə 7 noyabr 2017-ci il tarixli Akt tərtib edilmişdir. Respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar əraziyə mütəmadi olaraq gedib-gələ bilməmişdir. Ötən ilin sonlarında ona məlum olmuşdur ki, Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin 24.07.2020-ci il tarixli iclasının qərarına əsasən icarədə olan 50 ha torpaq sahəsinin icarə haqqı bir tərəfli qaydada dəyişdirilərək bir hektar üçün 100 manat müəyyən edilmişdir. Bu barədə ona rəsmi qaydada xəbərdarlıq göndərilməmiş, icarə haqlarının birdən birə beş dəfə qaldırılmasının əsası müzakirə olunmamış, yenə birtərəfli qaydada iştirakı və xəbəri olmadan Xaçmaz rayonu Niyazoba Bələdiyyəsi tərəfindən mərhum atası X4 torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair 25.04.2014-cü il tarixli qərar ləğv edilmişdir. Bələdiyyənin göstərilən qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları göstərilmişdir. Mübahisə edilən qərarda qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü bəndinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin maddənin 7-ci bəndinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Yuxarıda şərh olunanlardan göründüyü kimi bələdiyyə tərəfindən icarə haqqını birtərəfli qaydada beş dəfə artırılması və bu səbəbdən torpaqın icarəyə verilməsinə dair qərarın ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin aidiyyatı müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətlərində olan torpaqların fiziki və hüququ şəxslərin mülkiyyətlərinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyələrin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-nin 2.1 -ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qanun normasında bir qayda olaraq sözünün olması qeyd edilən halın istinalarının ola biləcəyi kimi başa düşülməlidir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Xaçmaz rayonun bələdiyyəsinin ünvanına ünvan 3xli sərəncamı və İddiaçı Xaçmaz rayonun Niyazoba bələdiyyəsinə qarşı “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndiirlməsinə dair” iddia ərizəsi daxil olmuşdur. Xaçmaz rayonun Niyazoba bələdiyyəsi İddiaçı iddia tələbini qəbul etmir və iddia ərizəsinə qarşı aşağıdak məzmunda etirazını bildirir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, mərhum atası X7 ilə Niyazoba bələdiyyəsi arasında bağlanmış 25.02.2004-cü il tarixli 61 saylı icarə müqaviləsinə əsasən atasında 50 il müddətinə 50 ha torpaq sahəsi icarəyə verilmiş, qanuna müvafiq olaraq həmin torpaq sahəsinə “torpaqdan müvəqqəti istifadəyə dair” JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə verilmişdir. Atası 22.06.2017-ci ildə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında 29.08.2019-cu il tarixli şəhadətnaməyə əsasən həmin 50 ha torpaq sahəsi onun istifadəsinə keçmişdir. Xaçmaz rayon Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarı ilə bələdiyyənin 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilməsinə dair 25.06.2004- cü il tarixli qərarı ləğv edilmişdir, iddiaçı xahiş edir ki, Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarı ləğv edilsin. Cavabdeh hesab edir ki, Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin qərar Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli ümumi iclasında qəbul edilmişdir. İclas protokolunda qeyd olunur ki, 25.06.2004-cü il tarixli qərarı ilə 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilərkən qüvvədə olan qanunveciliyinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində əsasən fiziki və hüququ şəxslərin icarəsinə verilmiş torpaq sahələri 15 ildən artıq müddətinə verilə bilməz. X10 icarəsinə verilmiş 50 ha torpaq sahəsi Niyazoba bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarıdır. Bu hallar bələdiyyə şurasının iclasında müzakirə edilmiş və məsələ səsə qoyularaq iclasda iştirak etmiş bütün üzvlər Niyazoba bələdiyyəsinin 25.06.2004-cü il tarixli 08 saylı qərarın ləğv edilməsinin lehinə səs vermişlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən olunur. Həmin Qanunun 29-cu maddəsinə əsasən Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən: l.Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Beləliklə Xaçmaz rayonu Niyazoba bələdiyyəsi yuxarıda göstərilən hüquq normaların rəhbər tutaraq həmin bələdiyyənin 25.06.2004-cü il tarixli 8 saylı qərarını ləğv etmişdir. Cavabdeh Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin nümayəndəsi Vəkil1 iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçı əsas olaraq iddiasını onunla əsaslandırmışdır ki, onun atası mərhum X7 ilə Niyazoba Bələdiyyəsi arasında bağlanmış 25.04.2004-cü il tarixli 61 saylı icarə müqaviləsinə əsasən atasına 50 il müddətinə 50 hektar torpaq sahəsi icarəyə verilmişdir. Hətta bu haqda onun atasına qanuna müvafiq olaraq JN 5781 saylı, 30218018 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə işlənərək verilmişdir və vaxtilə tərəflərin razılaşmasına əsasən icarə haqqı hər hektar üçün hər ilə görə 20 manat məbləğində müəyyən edilmişdir. Sonradan 24.07.2020-ci il tarixli iclasın qərarına əsasən cavabdeh Xacmaz rayonu Niyazoba Bələdiyyəsi icarədə olan 50 hektar torpaq sahəsinin icarə haqqını bir tərəfli qaydada dəyişdirərək bir hektar üçün icarə haqqını 100 manat müəyyən etmiş və bu haqda ona cavabdeh təşkilat vaxtında məlumat verməmişdir. Respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar isə özü həmin əraziyə mütəmadi olaraq gedib-gələ bitməmiş və sonradan ona məlum olmuşdur ki, Niyazoba Bələdiyyəsi onun atası X4 torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair 25.06.2004-cü il tarixli qərarı ləğv etmişdir. Odur ki, hazırda iddiaçı, cavabdeh Xaçmaz ravonu Niyazoba Bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. İlkin olaraq hazırkı iddiaya edilən etirazında qeyd edir ki, həqiqətən də iddiaçının hazırda məhkəməyə təqdim etdiyi 25 iyun 2004-cü il tarixli 08 saylı qərarından və eyni tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında 61 nömrəli Müqavilənin məzmunundan görünür ki, Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin keçmiş sədri X5 tərəfindən Niyazoba kəndinin ərazisində yerləşən 50 hektar torpaq sahəsini (örüş torpağını) 50 il müddətinə, hər il üçün illik icarə haqqı məbləği ******* (iki milyon keçmiş AZM) olmaqla heyvandarlığın inkişaf etdirilməsi üçün X6 icarəyə verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi JN 5781 saylı, 30218018 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, yuxarıda istinad edilən müqavilə və qərar əsas götürülməklə heyvandarlığın inkişaf etdirilməsi üçün X6 01 noyabr 2004-cü il tarixli Şəhadətnamədə verilmişdir. Əvvəla məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin sorğusuna uyğun olaraq Xaçmaz rayon Dövlət Arxivindən 20 noyabr 2020ci il tarixində alınmış 740 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, ümumiyyətlə Niyazoba bələdiyyəsinin arxivə təhvil verdiyi 2004-cü il üzrə sənədlər arasında X4 aid heç bir qərar aşkar edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, vaxtilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin keçmiş sədri öz səlahiyyətlərini aşaraq Bakı sakini olan X6 örüş torpağını 50 il müddətinə icarəyə vermişdir və bu haqda 25 iyun 2004-cü il tarixli 08 saylı qərarı qəbul etmişdir və daha sonrada yuxarıda qeyd edilən icarə müqaviləsini tərəflər təsdiq etmişlər. Halbuki Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü və 4-cü bəndinin tələblərinə əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yav və qıs otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən,Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən, Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin qanunun 9.1-ci maddəsinə əsasən isə, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda istinad edilən və sadalanan qanunların birbaşa tələblərindən göründüyü kimi, vaxtilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin keçmiş sədri öz səlahiyyətlərini aşaraq Bakı sakini olan X6 örüş torpağını 50 il müddətinə icarəyə verərkən Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi bu növ müqavilələrin müddətinin bir qayda olaraq 10 ildən 15 ilədək müddət müəyyən etdiyi halda, bir başa qanunun bu tələbini pozmuşdur. Bundan başqa bu növ torpaqların icarəyə verilməsi üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində bir başa müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra mümkünlüyü təsbit olunduğu halda, vaxtilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin keçmiş sədri qanunun bu tələbinidə pozmuşdur və heç bir müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Həmçinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli **********31 nömrəli məktubu ilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının hazırda məhkəməyə təqdim etdiyi JN 5781 saylı, 30218018 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə X3 istifadə hüquqları Dövlət reyestrində qeydiyyata alınmadığı üçün ərazi idarəsi tərəfindən istifadə hüquqlarının ləğvi mümkün olmamışdır. Göründüyü kimi, burada da Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda həmin maddəyə istinad edilərəkdə göstərilmişdir ki, Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Lakin həmin qanunun da tələblərinə riayət edilməmişdir. Halbuki Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Odur ki, yuxarıda göstərilən qanun pozuntuları ilə vaxtilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin keçmiş sədri öz səlahiyyətlərini aşaraq Bakı sakini olan X6 örüş torpağını 50 il müddətinə icarəyə verməsi və bu haqda 25 iyun 2004-cü il tarixli 08 saylı qərarı qəbul etməsi qanuni sayıla bilməz. Məhz göstərilən səbəblərə görə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin 27 yanvar 2021 -ci il tarixli iclasında qəbul edilmiş 02 saylı qərar ilə, Xaçmaz Regional Ədliyyə İdarəsinin 22.01.2020-ci il 04/A-581 saylı məktubuna əsasən verilən təklif nəzərə alınaraq Xaçmaz rayon Niyazoba bələdiyyəsinin 08 saylı 25 iyun 2004-cü il tarixli iclasının Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarından heyvandarlıq məqsədi ilə 50 hektar torpaq sahəsinin 50 il müddətinə X3 icarəsinə verilməsi barədə qərar ləğv edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər ilə aşağıdakılar müəyyən olunmuşdur. Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 25 iyun 2004-ci il tarixli 08 saylı qərarı ilə 50 ha torpaq sahəsinin heyvandarlığın inkişafı üçün X3 icarəsinə verilməsi qərara alınmışdır. Niyazoba Bələdiyyəsinin sədri X5 ilə X8 arasında bağlanmış Torpaq sahəsinin İcarəyə verilməsi haqqında 25.06.2004-cü il tarixli, 61 saylı müqaviləyə əsasən 50 ha torpaq sahəsi 50 il müddətinə heyvandarlığın inkişafı üçün X3 icarəsinə verilmişdir. JN 5781 saylı, KOD 30218018 Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli 08 saylı qərarı və 25.06.2004-cü il tarixli 61 saylı icarə müqaviləsi əsas götürülməklə Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin torpaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi üçün 50 il müddətinə müvəqqəti istifadə üçün X3 istifadəsinə verilmişdir. 29 avqust 2019-cu il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı X3 vərəsəsi kimi ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 50 ha olan torpaq sahəsindən pay müəyyənləşdirilmişdir. Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27 yanvar 2021-ci il tarixli iclasının 02 saylı protokol qərarı ilə Xaçmaz Regional Ədliyyə İdarəsinin 22.01.2020-ci il tarixli 04/A-581 saylı məktubuna əsasən verdiyi təklif nəzərə alınaraq Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 08 saylı 25 iyun 2004-cü il tarixli iclasının Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarından heyvandarlıq məqsədilə 50 ha torpaq sahəsinin 50 il müddətinə X3 icarəsinə verilməsi barədə qərar ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. Mübahisələndirilən Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27 yanvar 2021-ci il tarixli qərarı iddiaçının maraqlarına toxunur. Həmin qərarın qəbul edilməsi zamanı iddiaçının həmin icraata cəlb edilməsi, həmin qərarın iddiaçıya təqdim edilməsi müəyən olunmur. İddianın əsaslığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mahiyyəti baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında 29.08.2019-cu il tarixli şəhadətnaməyə əsasən iddiaçının 22.06.2017-ci il də vəfat etmiş atası X1 miras qalmış JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 50 ha olan torpaq sahəsi istifadəsinə keçmişdir. Həmin torpaq sahəsi Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 25 iyun 2004-ci il tarixli 08 saylı qərarı ilə iddiaçının mərhum atasına ayrılmış, tərəflər arasında bağlanmış 25.06.2004-cü il tarixli, 61 saylı müqaviləyə əsasən 50 ha torpaq sahəsi 50 il müddətinə heyvandarlığın inkişafı üçün X3 icarəsinə verilmişdir. X8 bununla bağlı JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə əldə etmişdir. İddiaçı ilə cavabdeh bələdiyyə arasında torpaqdan istifadə və icarə haqının az olması ilə mübahisə yaranmışdır. Son olaraqaXaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27 yanvar 2021-ci il tarixli iclasının 02 saylı qərarı ilə Xaçmaz Regional Ədliyyə İdarəsinin verdiyi təklif nəzərə alınaraq Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 08 saylı 25 iyun 2004-cü il tarixli iclasının Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarından heyvandarlıq məqsədilə 50 ha torpaq sahəsinin 50 il müddətinə X3 icarəsinə verilməsi barədə qərar ləğv edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinəəsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı, X3 vərəsəsi olmaqla, Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin torpaqlarından 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilməsi barədə Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarının ləğv edilməsini istəyir. İddiaçı ilə cavabdeh arasında torpaq icarə qiymətlərinin yenidən müəyyən olunması ilə bağlı mübahisələr olsada, hazırda mübahisələndirilən qərarın əsasını X6 örüş torpağı 50 il müddətinə icarəyə ayrılarkən Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi bu növ müqavilələrin müddətinin bir qayda olaraq 10 ildən 15 ilədək müddət müəyyən etdiyi halda, qanunun bu tələbini pozması təşkil edir. Məhkəmə ilk növbədə bu məsələyə münasibət bildirməyi vacib sayır. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü və 4-cü bəndinin tələblərinə əsasən: 3.Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. İddiaçının mövqeyi ondan ibarətdir ki, qanun normasında bir qayda olaraq sözünün olması qeyd edilən halın istinalarının ola biləcəyi kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, qanunun yuxarıd qeyd edilən “Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər” norması inzibati orqana isədiyi formada diskression səlahiyyət verilməsi kimi başa düşülməmlidir. Bu isə örüş torpaqlarının əhəmiyyətinin vacib olmasından, həmin torpaqların düzgün istifadə edilməsindən və bu hallara nəzarət imkanları mexanizminin asanlaşdırılması kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, qanunvericilikdə “yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər” norması olduğu halda digər hüquqmüəyyənedici normalara istinad etmədən həmin kateqoriya torpaqların 50 il icarəyə ayrılması qanuni hesab oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı deyil və mübahisələndirilən qərarın ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Mübahisələndirilən qərarın qəbul edilməsi əsaslarınıda yuxarıda qeyd edilənlər təşkil edir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin sorğusuna uyğun olaraq Xaçmaz rayon Dövlət Arxivindən 20 noyabr 2020-ci il tarixində alınmış 740 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, ümumiyyətlə Niyazoba bələdiyyəsinin arxivə təhvil verdiyi 2004-cü il üzrə sənədlər arasında X4 aid heç bir qərar aşkar edilməmişdir. Bundan başqa bu növ torpaqların icarəyə verilməsi üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində bir başa müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra mümkünlüyü təsbit olunduğu halda, vaxtilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin keçmiş sədri qanunun bu tələbinidə pozmuşdur və heç bir müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır.Həmçinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli **********31 nömrəli məktubu ilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının hazırda məhkəməyə təqdim etdiyi JN 5781 saylı, 30218018 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə X3 istifadə hüquqları Dövlət reyestrində qeydiyyata alınmadığı üçün ərazi idarəsi tərəfindən istifadə hüquqlarının ləğvi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Niyazoba bələdiyyəsinin arxivə təhvil verdiyi 2004-cü il üzrə sənədlər arasında X4 aid heç bir qərar aşkar edilməməsi həmin şəxsin məsuliyyəti kimi başa düşülə bilməz. İddiaçı JN 5781 saylı, KOD 30218018 Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməni məhkəməyə təqdim etmişdir və torpaq sahəsinin iddiaçının və ondan əvvəldə mərhum atasının faktiki istifadəsində olması mübahisə olunmur. Lakin məhkəmə Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü və 4-cü bəndinin tələblərinin icrası baxımından hazırkı iddianı əsaslı hesab etmir. Lakin məhkəmə bir məqamada münasibət bildirməyi vacib sayır. Hazırda inzibati məhkəmə icraatı qaydasında iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibətlərinə baxıla bilər. Lakin bələdiyyə torpaqlarının icarəyə ayrılması barədə qərar qəbul eiləndən sonra tərəflər arasında icarə müqaviləsi bağlanaraq, mülki hüquq münasibətləri yaranır. Həmin müqavilənin qanunvericliyin tələblərinə uyğun olub-olmaması müqavilə şərtlərinə əməl olunub-olunmaması, müqavilə şərtlərinə dəyişikliyin zəruri olub-olmaması kimi hallar inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar