Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-846/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis şöbəsinə qarşı X2 Məti qızının onun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 42-də yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qulam qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis şöbəsinə qarşı iddia qaldıraraq X2 Məti qızının onun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 42-də yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə cavabdeh inzibati orqana müraciət edərək Hüseynova İlahə Məti qızının ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik edilərək iddiaçının müraciətinə rəsmi cavab verilməmişdir. Hüseynova İlahə Məti qızı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 42-də yerləşən 47 saylı mənzil mərhum həyat yoldaşı X1 tərəfindən 2004-cü ildə alqı-satqı yolu ilə öz mülkiyyətinə keçirilmişdir. Həmin vaxt onlarla birlikdə X2 Məti qızı da formal olaraq sözügedən mənzilə qeydiyyata düşmüşdür. Həyat yoldaşının vəfatından sonra mənzil 20.07.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyesterində onun adına qeydiyyata alınmışdır. X2 Məti qızı 2004-cü ildən hal-hazıradək qeyd olunan mənzildə yaşamamışdır. Bu faktı ərizəyə əlavə olunmuş 130 nömrəli 15.12.2020-ci il tarixli Akt təsdiq edir. Baldızı uzun müddətdir ki, Türkiyədə yaşayır. Qeyd olunan hallar sözügedən mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirməyə və digər sənədləşdirmə işlərinə mane olur. İddiaçı Hüseynova İlahə Məti qızının, mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 42-də yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxarılmasına dair ərizə ilə 21 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin ona ərizəsi ilə bağlı nə müsbət, nə də imtina olunma barədə cavab verilməmişdir. Qanunda qeyd olunan 35 gün müddət keçdiyi üçün məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Qulam qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-846/2021 saylı, 10.03.2021-ci il tarixli sərəncamı ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı iddiasına dair qərar qəbul olunarsa, tərəflərindən icra olunacaqdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh və üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 iyul 2013-cü il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı Mənzil Kommunal sahəsinin 14 dekabr 2020-ci il tarixli, 2017 saylı arayışından görünür ki, Hüseynova İlahə Məti qızı ünvan 1 ünvanpında qeydiyyatdadır. İşə əlavə edilmiş 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş, 15 dekabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Hüseynova İlahə Məti qızı 2004-cü ildən bu günə kimi, yəni 15 dekabr 2020-ci il tarixə qədər həmin ünvanda yaşamayıb və hal-hazırda da yaşamır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 İddiaçı məxsusdur. Həmin mənzildə iddiaçı və onun ailə üzvləri ilə yanaşı Hüseynova İlahə Məti qızı da qeydiyyatdadır. 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilən, həmin sahənin sahə ustası və qonşular tərəfindən tərtib edilmiş 130 saylı, 15 dekabr 2020-ci il tarixli aktda Hüseynova İlahə Məti qızının 2004-cü ildən bu günə kimi, yəni 15 dekabr 2020-ci il tarixə qədər həmin ünvanda yaşamadığı və hal-hazırda da yaşamadığı qeyd edilmişdir. İddiaçı ona məxsus mənzildən Hüseynova İlahə Məti qızının qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək iddiaçının müraciətinə hər hansı cavab verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsi ilə bağlı hərəkətsizliyi əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. Üçüncü şəxs Hüseynova İlahə Məti qızı inzibati məhkəmə icraatına cəlb olunmasına və məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmyaraq, o məhkəmə iclaslarında iştirak etməmiş və həmin evdə yaşamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüseynova İlahə Məti qızının Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 42-də yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlə Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Hüseynova İlahə Məti qızının Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 42-də yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlə Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-846/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-846/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver