Məhkəmə qərarları › İş №2-1(118)-848/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-848/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-848/2022 17.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “ X1, X5, X3, X2 və 05.05.2006-ci il təvəllüdlü X18r qızının ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanda yerləşən 10 saylı evin 52 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,84 kvadrat metr olan 4 otaqlı mənzil onunla X4 arasında bağlanılmış 17 sentyabr 2021ci il tarixli daşınmaz əmlakın alqı-satqısı və ipoteka müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Həmin mənzil DƏDRX tərəfindən verilmiş Qeydiyyat nömrəsi ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən 06 oktyabr 2021-ci il tarixdə onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Lakin, X6 ailə üzvləri olan övladları X7,X10, X8 və gəlini X12 ilə birlikdə bu günədək adı çəkilən mənzildə qeydiyyatda qalmaqla həm mənzilin alqı-satqı müqaviləsinin tələblərini, həm də aralarında əldə olunmuş razılaşmanın şərtlərini pozmuşlar. Belə ki, onunla X4 arasında bağlanılmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı və ipoteka müqaviləsinin tələblərinə görə satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, X6 ailə üzvləri olan övladları X7, X10, X8 və gəlini X12 ilə birlikdə adı çəkilən mənzildə pasport qeydiyyatında qalmış və bugünədək qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştrakını təmin etməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-42669Ə-3221 nömrəli, 25 noyabr 2022-ci il tarixli imtina məktubu, İP 1022 nömrəli, 17.09.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, 17 nömrəli MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanda yerləşən 10 saylı evin 52 nömrəli mənzili İP 1022 nömrəli, 17.09.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi əsasında almışdır və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. Belə ki, iddiaçı ilə X4 arasında bağlanılmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı və ipoteka müqaviləsinin tələblərinə görə satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Ancaq hal-hazıradək müqavilənin şərtlərini yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçının tələbi qanunidir. Üçüncü şəxslər X4, X10, X9, X7 və 05.05.2006-ci il təvəllüdlü X18r qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, yəni mənzilin köhnə sakinləridir, onların iddiaçı ilə qohumluq münasibətləri yoxdur və faktiki olaraq başqa ünvanda yaşayırlar. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X4, X10, X9, X7 və 05.05.2006-ci il təvəllüdlü X18r qızı Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanda yerləşən 10 saylı evin 52 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, X5, X3, X2 və 05.05.2006-ci il təvəllüdlü X18r qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanda yerləşən 10 saylı evin 52 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar