Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8480/2025 22.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona məcburi köçkün vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə məcburi köçkün statusu yoxdur. 12 iyun 2007-ci ildə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var: 02 iyul 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı. Həyat yoldaşı X2 10 noyabr 1981-ci il tarixdə Cəbrayıl rayonu, Quyçaq kəndində anadan olmuşdur. Həmin ünvanda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malik idi. (Seriya AA № 122783) 23 oktyabr 2022-ci il tarixdə "Bronxların və ağciyərin yuxarı payının xərçəngi” səbəbi ilə vəfat etmişdir. Qeyd edir ki, birgə nikahdan olan hər iki övladı məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alır. Həmçinin qeyd edir ki, məhkəmənin müvafiq qərarı ilə xx.xx.2025-ci il tarixdə birgə nikahdan olan 02 iyul 2007-ci il təvəllüdlü X1 məcburi köçkün vəsiqəsi verilmişdir. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməmişdir. Bütün bunlar Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasinin Qanununun və Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının tələbinə ziddir. Ərizə ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edərək, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də imtina verilmiş və aşağıdakı məzmunda cavab məktubu göndərilmişdir: “Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə daxil olmuş X1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizəyə baxılmışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeydiyyatınız ünvan 2 ünvanında olduğundan xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsini təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir". Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə yetkinlik yaşına çatmayan övladı İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası Qanuni nümayəndə qeydiyyatı ünvan 3 ünvanında olduğundan istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Seriya AA 122783 məcburi köçkün vəsiqəsinə əsasən X2 məcburi köçkün statusuna malik olmuşdur. AZ İİ 303930 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X2 barədə ölüm haqqında akt qeydləri kitabında 30 oktyabr 2022-ci il tarixdə 499 №li qeyd aparılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsini istəyir. Cavabdeh isə imtinasını iddiaçının anası Qanuni nümayəndə qeydiyyatının Sumqayıt şəhəri ünvanında olması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında əsaslı olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı iş üzrə iddiaçının mərhum atasının məcburi köçkün statusuna malik olması mübahisə olunmur. İşin mübahisə olunan tərəfi iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) şəhər olmaması təşkil edir. Belə ki, Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Məhkəmə işin hallarını nəzərdən keçirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-8480/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8480/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver