Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-849/2025 03.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Quba Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2023-cü il tarixli, 12 nömrəli əmrindən görünür ki, Quba Rayon İcra Hakimiyyəti başçısının 22 fevral 2023-cü il tarixli, 03 saylı əmrinə əsasən aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı ərizə ilə Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək bildirmişdir ki, verilmiş intizam tənbehi dövlət qulluqçusu olaraq onun gələcək fəaliyyətinə mənfi təsir edəcək. Bunu nəzərə alaraq həmin intizam tənbehinin ləğv edilməsini xahiş etmişdir. Hesab edilir ki, İddiaçı dövlət qulluqçusu olaraq gələcək fəaliyyəti, yaşı, intizam tənbehindən nəticə çıxarması nəzərə alınaraq, həmin intizam tənbehinin və əmrin ləğv olunması məqsədəmüvafiqdir. Rayon İcra Hakimiyyəti başçısının 22 fevral 2023-cu il tarixi, 3 saylı əmri və İddiaçı barəsində tətbiq edilmiş töhmət intizam tənbeh tədbirin ləğv edilməsi əmr edilmişdir.
2. Quba Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2023-cü il tarixli, 19 nömrəli əmrindən görünür ki, aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı dövlət qulluğundan azad edilməklə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsinə əsasən onun dövlət qulluğuna xitam verilmişdir.
3. Quba Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2023-cü il tarixli, 19 nömrəli əmrindən görünür ki, Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı 3 aprel 2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
4. Quba Rayon İcra Hakimiyyəti başçısının aparatının 8 may 2023-cü il tarixli, 5-61/2- 2-Ə-8xx/xx/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, öz arzusu ilə işdən azad edilməyi ilə əlaqədar verdiyi ərizənin etibarsız hesab edilməsi və işə bərpa edilməsi barədə müraciətinə baxılmış, bildirilmişdir ki, dövlət qulluğuna öz arzusu ilə xitam verilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Həmin Qanuna əsasən işçinin işə bərpa edilməsi nəzərdə tutulmamışdır.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 11 avqust 2023-cü il tarixli, PHŞ-6-56/2-1070/2023 nömrəli məktubundan görünür ki, X2 şikayətində övladı İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışın verilib, sonra isə ləğv edildiyini, Ouba RMX-nın həkim heyyəti haqqında da bəzi qərəzli fikirlərini iddia etmişdir. Vətəndaş H.Əliyevin müraciətinin mahiyyətinin dəqiqləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma ararılmış və məlum olmuşdur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı verilmiş arayışda göstərilən diaqnoz əsassız olduğu müəyyən edildiyinə görə, vətəndaşa əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışın verilməməsi məqsədə müvafiq hesab edilmişdir. Məsələ ilə əlaqədar gələcəkdə belə halların baş verməməsi məqsədi ilə həkimə şifahi xəbərdarlıq edilmişdir.
6. Azərbaycan Respublikası Vəkillər X1 16 fevral 2024-cü il tarixli, 242 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “İstiqlal” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciətinə baxılmış, məsələ ilə bağlı vəkil Rəyasət Heyətinə dəvət edilərək, onunla müvafiq söhbət aparılmış, verdiyi izahatda müraciətdə göstərilənlərin həqiqətə uyğun olmadığını, nikahın pozulması, uşaqların valideynlərdən hansının yanında saxlanılması, aliment, uşaqla ünsiyyət tələbinə dair, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlara mühafizə orderinin alınması və sair bu kimi məsələlərin Quba Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanında hansı formada həll edilməsi ilə bağlı vətəndaş kimi informasiya sorğusu verdiyini, sorğusuna heç bir cavab verilmədiyini, İddiaçı tanımadığını, heç bir mübahisə və ədavətinin olmadığını bildirmişdir. Belə vəziyyətdə, ərizədə qeyd edilən məlumatlarla bağlı vəkil E.İ.Əlixanlının intizam məsuliyyətinə cəlb olunması üçün əsas müəyyən edilməmişdir.
7. 27 mart 2023-cü il tarixli xəstəliklə əlaqədar işdən müddətli azad edilməyə dair arayış.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 mart 2023-cü il tarixli İddiaçı dair tövsiyə vərəqəsi.
9. Vəkil Elgün Əlixanlının Quba Rayon İcra Hakimiyyəti başçısına göndərilmiş “İnformasiya sorğusu”.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. Quba Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli, 2(027)-1499/2023 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “işə bərpa və məcburi buraxılmış günlər üçün əmək haqqının ödənilməsi” tələbinə dair 1499/2023 saylı mülki iş üzrə iddia ərizəsi 19 iyun 2023-cü il tarixdə Quba Rayon Məhkəməsinə daxil olmuşdur.
11. Quba Rayon İcra Hakimiyyətinin 17 may 2024-cü il tarixli, 5-61/2-1059/2024 nömrəli məktubu ilə Quba Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2023-cü il tarixli, 19 nömrəli əmrinin (§3) surəti qoşma şəklində göndərilmişdir.
12. Quba Rayon İcra Hakimiyyətinin 20 oktyabr 2025-ci il tarixli, 5-61/2-2020/2025 nömrəli məktubu ilə əvvəllər Quba Rayon İcra Hakimiyyəti başçısının aparatında aparıcı məsləhətçi – yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu vəzifəsində işləmiş İddiaçı barəsində verilmiş əmrlərin surəti qoşma şəklində göndərilmişdir: - Quba Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2023-cü il tarixli, 19 nömrəli əmri (§3); - Quba Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2023-cü il tarixli, 12 nömrəli əmri (§1); - Quba Rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2023-cü il tarixli, 3 nömrəli əmrindən görünür ki, aparıcı məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı barəsində töhmət intizam tənbeh tədbirin tətbiq edilməsi əmr edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
13. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Quba Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 aprel 2023-cü il tarxili, 19 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmağı və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən cavabdeh orqanda aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu vəzifəsində işləmişdir. 3 aprel 2023cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı iddiaçının işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmağı barədə 19 saylı əmri imzalamış və əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçının şikayət edəcəyini bildikləri üçün ona deyilmişdir ki, könüllü işdən getməsi barədə ərizə yazmaq olar. Əmək tarixçənin korlanmaması üçün məcbur olaraq, işdən könüllü çıxması barədə ərizə vermişdir. Cavabdeh orqan bir gündə iki əmr imzalaması özü-özlüyündə göstərir ki, iddiaçının işdən azad olunmağında Əmək Məcəlləsinin tələbləri tam şəkildə pozulmuşdur. Qanunvericilikdə qeyd edilən hallar iddiaçıya aid deyildir və buna görə də, işə götürən iddiaçını əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinə əsasən həmin günü əmr verə bilməzdi. Yəni iddiaçı, ümumi qaydada xəbərdarlıq müddəti bitənədək, vəzifəni icra etməli idi. İddiaçıya bu imkan yaradılmadığından, yenidən 3 aprel 2023-cü il tarixli, 19 saylı əmrin ləğv edilməsi və könüllü işdən çıxması barədə imzaladığı ərizənin etibarsız hesab edilməsi barədə müraciət etmişdir. Qanunun tələbinə görə Rayon İcra Hakimiyyətinin başçısı yuxarıda qeyd edilən pozuntuları rəhbər tutaraq, iddiaçını işinə qaytarmalı idi. Əvvəlki işinə bərpa edilməsi üçün ilkin olaraq, Quba Rayon İcra Şöbəsinə təklif ilə, sonra isə Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 12 iyun 2023-cü il tarixdə keçirilmiş mediasiya prossesinə cavabdeh tərəfin nümayəndəsi gəlməmiş, bu səbəbdən də mübahisə barədə heç bir razılıq əldə olunmamışdır.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, prosessual hüquqi əsası kimi isə İPM-in 2.1, 2.2, 14.3-cü maddələrinə istinad olunmuşdur.
16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı 3 aprel 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, onun həmin tarixdən tutduğu vəzifədən azad edilməsi barədə əmr verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə əsasən (yəni dövlət qulluqçusunun öz arzusu ilə) iddiaçı cavabdehin 3 aprel 2023-cü il tarixli, 19 saylı əmri ilə tutduğu vəzifədən azad edilməklə, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilir və yalnız bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun işə qəbul edilməsi və işdən azad olunması qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – “ƏM”) normalarının tətbiq edilməsi yolverilməzdir. Hətta iddiaçının ƏM-in 69-cu maddəsində qeyd olunan hallara yanaşması da doğru deyildir. Belə ki, həmin maddədə göstərilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Belə olduğu halda əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Lakin iddiaçının ərizəsində belə bir xəbərdarlıq müddəti müəyyən edilməmiş, o, müraciətində konkret vaxtda tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və buna uyğun əmr verilmişdir. Dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verildikdən sonra o, ərizəsinin etibarsız hesab edilməsini və işə bərpa olunmasını xahiş etsə də, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda belə bir işə bərpa forması nəzərdə tutulmadığından, bu mümkün olmamışdır. İddiaçının həmin ərizəsinə rəsmi cavab verilmiş və bu imtinaya hər hansı etiraz bildirilməmişdir. Həmçinin, iddiaçı fəaliyyət qabiliyyəti və müstəqil qərar vermə bacarığı olan bir şəxs kimi təqdim etdiyi ərizənin nədən ibarət olduğunu və onun hansı nəticələr verəcəyini əvvəlcədən dərk etmə bacarığına malikdir. Təsir altında qalaraq ərizə verməsi iddiaçının şəxsi mülahizəsidir və belə bir hal mövcud olmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
26. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
30. Məhkəmənin 1 may 2025-ci il tarixli, 2-1(118)-849/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
31. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
32. İddiaçı tərəfin mövqeyinə görə, iddiaçıya münasibətdə cavabdeh tərəfindən 3 aprel 2023-cü il tarixdə işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmağı barədə 19 saylı əmri imzalanmış, daha sonra cavabdeh orqanın təklifi əsasında öz arzusu ilə vəzifədən azad olunması barədə müraciətinə əsasən həmin tarixdə qeyd edilən əsasla tutduğu vəzifədən azad edilmiş, dövlət qulluğuna və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yaranmış hal əmək qanunvericiliyin tələblərinə zidd olduğundan, müvafiq əmrlər ləğv olunmalıdır.
33. Cavabdeh tərəfin mövqeyinə görə, iddiaçı öz arsuzu ilə vəzifəsindən azad edilmiş, fəaliyyət qabiliyyəti və müstəqil qərar vermə bacarığı olan bir şəxs kimi təqdim etdiyi ərizənin nədən ibarət olduğunu və onun hansı nəticələr verəcəyini əvvəlcədən dərk etmə bacarığına malikdir, təsir altında qalaraq ərizə verməsi iddiaçının şəxsi mülahizəsidir və belə bir hal mövcud olmamışdır.
34. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti (-) 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-) 25.2.6. dövlət qulluğundan azad edilməsi. (-) Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; (-) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-)
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin 3 aprel 2023-cü il tarixli, 19 nömrəli əmri ilə iddiaçının aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu vəzifəsindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
36. İddiaçı tərəf qeyd edilən əmrdə öz arsuzu ilə işdən azad edildiyinin qeyd olunduğuna baxmayaraq, bu barədə ərizəsini həmin gün qəbul edilmiş əmrin təsiri altında, inzibati tənbeh qismində işdən azad edilməsinin tətbiq edilməməsi üçün verdiyini bildirir.
37. Məhkəmə iş materiallarına əlavə edilmiş cavabdehin ilk 3 aprel 2023-cü il tarixli, 19 nömrəli əmrini araşdıraraq iddiaçının işdən azad edilməsi üçün iki əsas müəyyən etmişdir: - iddiaçı 27 mart 2023-cü il tarixdə səhər saat 09:00-dan 13:00-dək iş yerində olmamış, işdə olmamasının səbəbi barədə əsaslandırılmış sənəd təqdim etməmiş, daha sonra isə bu intizam pozuntusunu pərdələmək məqsədilə işə davamiyyət dəftərinə yalan qeyd əlavə edərək, imza atmışdır; - iddiaçı ona verilmiş tapşırığı lazımi şəkildə icra etməyərək, Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində inzibati xəta tərkibi yaradacaq intizam pozuntusuna yol vermiş, daxil olmuş informasiya sorğusu ilə əlaqədar hazırlamalı olduğu məlumatlara yanlış informasiyalar daxil edərək, sorğunun vaxtında cavablandırılmasına mane olmuşdur.
38. İddiaçı cavabdeh orqanın istinad etdiyi ilk səbəbinə münasibətdə işə qanuni əsaslarla, yəni səhhəti ilə əlaqədar gəlmədiyini, bu barədə xəstəxananın müvafiq arayışının mövcud olduğunu bildirir.
39. Lakin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin verdiyi məlumata əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayış verilsə də, arayışda göstərilən diaqnoz əsassız olduğu müəyyən edilmiş, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışın verilməməsi məqsədə müvafiq hesab edilmişdir.
40. Əmrin ikinci dəlili ilə əlaqədar məhkəmə bildirir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.1-ci maddəsinə əsasən, informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi informasiya əldə olunmasının əsas prinsiplərindən biridir.
41. Göründüyü kimi, cavabdeh orqanın istinad etdiyi vəkil X4 tərəfindən göndərilmiş sorğu onun konkret işə münasibətdə vəkillik xidməti ilə əlaqədar deyil, ümumi qaydada, yəni qeyd edilən qanunvericilik müddəaları ilə nəzərdə tutulmuş “informasiya sorğusu” qismində göndərilmişdir. Vəkillərin informasiya sorğusu göndərməsi ilə bağlı heç bir məhdudiyyət mövcud deyildir.
42. İddiaçı yaranmış vəziyyət ilə əlaqədar qeyd edilən sorğunun onun hüquqlarına toxunduğunu, nəticədə işdən azad edilməsinə səbəb olduğunu iddia edərək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etmiş, aparılmış araşdırma zamanı vəkillə müvafiq söhbət aparılmış, onun verdiyi izahatda iddiaçının müraciətində göstərilənlərin həqiqətə uyğun olmadığını, nikahın pozulması, uşaqların valideynlərdən hansının yanında saxlanılması, aliment, uşaqla ünsiyyət tələbinə dair, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlara mühafizə orderinin alınması və sair bu kimi məsələlərin Quba Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanında hansı formada həll edilməsi ilə bağlı vətəndaş kimi informasiya sorğusu verdiyini, sorğusuna heç bir cavab verilmədiyini, iddiaçını tanımadığını, heç bir mübahisə və ədavətinin olmadığını bildirmiş, nəticədə vəkilin intizam məsuliyyətinə cəlb olunması üçün əsas müəyyən edilməmişdir.
43. İddiaçının onun işdən azad olunması barədə ərizəsi əsasında əmək qanunvericiliyin müddəaları ilə nəzərdə tutulmuş 1 ay müddətdən sonra deyil, həmin güm əmrin verilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.3-cü maddəsinə əsasən, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.
44. Lakin hazırkı işin hallarına əsasən iddiaçının işlədiyi dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı mövcud deyil, bu səbəbdən də iddiaçının işdən azad edilməsinə dair ərizənin təqdim edilən günü əmrin verilməsində hər hansı qanun pozuntusu müəyyən edilmir.
45. İPM-in müvafiq müddəalarına əsasən: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Beləliklə, məhkəmə tərəfindən yuxarıda sadalanmış bütün hallar ümumilikdə qiymətləndirilirək, hesab edilir ki, iddiaçının iddia etdiyi əmrinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmiş, iddiaçının istinad etdiyi halları öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
47. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova