Məhkəmə qərarları › İş №2-1(118)-85/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-85/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-85/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC məhkəməyə müraciət edərək “cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, **********902500 saylı vergilərin hesablanması barədə qərara əsasən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə kameral olaraq 2018-ci il 3-cü rüb üzrə ödəmə mənbəyində tutulan vergi (ÖMV) hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ÖMV əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinəə əsasən qərar ləğv olunmalıdır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixində 2018-ci il 3-cü rüb üzrə ÖMV bəyannaməsi Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral yoxlama aparılmış və xx.xx.2018-ci il tarixli, **********759800 saylı qərara əsasən kameral vergi məbləği hesablanmışdır. Qərarda göstərilmişdir ki, kameral vergi məbləği güzəştli vergi tutulan ölkə və ərazilərə 2018-ci ilin 3-cü rübündə aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlili zamanı müəyyən edilmişdir. Yəni güzəştli vergi tutulan ölkə və ərazilərə müvafiq dövr üzrə vəsaitlərin köçürülməsinə baxmayaraq, təqdim edilmiş ÖMV bəyannaməsində öz əksini tapmamışdır. Buna görə də bəyannamədə kənarlaşma üzrə vergi məbləği hesablanmışdır. İddiaçı həmin qərarla razılaşmamış və xx.xx.2018-ci il tarixində iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayəti ondan ibarət olmuşdur ki, vergi orqanının qeyd etdiyi bank vasitəsilə olan ödənişləri müqavilə ilə nəzərdə tutulan bank hesablarına köçürülmüşdür. Həmin ölkəyə pul köçürməsi zamanı isə vergi hesablanması nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən təqdim edilmiş siyahıda isə xx.xx.2018-ci il tarixində olan ödəniş iki dəfə nəzərə alınmış və xx.xx.2018-ci il tarixində köçürülmüş kimi qeyd olunmuşdur. Şikayətə qoşma olaraq həmin dövrə aid bank çıxarışlarını (iddia ərizəsinə əlavə olunur) vergi orqanına təqdim etmələrinə baxmayaraq, hesablanmış kameral vergi məbləği silinməmiş və şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçının müraciətinə cavab gəlmədiyindən, xx.xx.2019-cu il tarixində yenidən xx.xx.2018-ci il tarixli, **********759800 saylı qərardan şikayətlərinə baxılması üçün təkrar olaraq müraciət edilmişdir. Lakin şikayətləri lazımi nəticə verməmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq obyektiv araşdırılmamışdır. Bundan sonra Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məktub gəlmiş və müvafiq sənədlər iddiaçıya təqdim olunmuşdur. Sözügedən sənədlərdə (iddia ərizəsinə əlavə olunur) bir əməliyyatın iki dəfə vergiyə cəlb edildiyi aşkar görülməkdədir. İddiaçı MMC tərəfindən xx.xx.2019 -cu il tarixində bununla əlaqədar 2018-ci ilin 3cü rübü üzrə dəqiqləşmiş ÖMV bəyannaməsi Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Lakin vergi orqanı təqdim edilmiş dəqiqləşmiş ÖMV bəyannaməsini nəzərə almamış və xx.xx.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərar çıxarmışdır. Həmin qərara əsasən aparılmış kameral yoxlama nəticəsində vergi məbləği müəyyən edilmiş və eyni zamanda xx.xx.2018-ci il tarixli qərar ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı aşağıda qeyd etdiyi maddələrə istinad edərək: Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən : 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və yq) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu-vergi orqanının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 650 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 700 manat az göstərildiyinə görə 14 % dərəcə ilə 98,00 manat məbləğində kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli '**********80000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Eyni zamanda vergi iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə 2018ci ilin 3- cü rübündə aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlil zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə 272559,10 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.5-ci sətrində əksini tapmadığı üçün, 10% dərəcə ilə 27255,91 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********116300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə İnüəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin 3-cü rübünə ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aradan qaldırılaraq müvafiq olaraq bəyannamənin 1608.5-ci sətri üzrə 10% dərəcə ilə 27255,91 manat və 1607.1.2-ci sətri üzrə 14 % dərəcə ilə 98,00 manat olmaqla cəmi 27353,91 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********902500 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddiya etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, iddiaçı tərəfindən təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 650 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 700 manat az göstərildiyinə görə 14 % dərəcə ilə 98,00 manat məbləğində kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli '**********80000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Eyni zamanda vergi iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə 2018ci ilin 3- cü rübündə aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlil zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə 272559,10 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.5-ci sətrində əksini tapmadığı üçün, 10% dərəcə ilə 27255,91 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Yuxarıda qeyd olunanlara əsasən inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixli **********116300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə İnüəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin 3-cü rübünə ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aradan qaldırılaraq müvafiq olaraq bəyannamənin 1608.5-ci sətri üzrə 10% dərəcə ilə 27255,91 manat və 1607.1.2-ci sətri üzrə 14 % dərəcə ilə 98,00 manat olmaqla cəmi 27353,91 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********902500 nömrəli Qərarı göndərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi orqanı da müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, vergi orqanının qeyd etdiyi bank vasitəsilə olan ödənişləri müqavilə ilə nəzərdə tutulan bank hesablarına köçürülmüşdür. Həmin ölkəyə pul köçürməsi zamanı isə vergi hesablanması nəzərdə tutulmamışdır. Lakin iddiaçı məhkəməyə hər hansı müqavilə təqdim etməmişdir. Cavabdeh Vergi orqanı isə hesablamaya əsas olmuş ödənişlərlə bağlı müvafiq çıxarışları məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar