Məhkəmə qərarları › İş №2-1(118)-850/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-850/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-850/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümyəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “iddiaçının istifadəsində olan Şamaxı rayonunun, Qızmeydan kəndində yerləşən, Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokoluna və həmin komissiyanın 04 dekabr 2001-ci il tarixli aktına əsasən 2 ədəd 200 başlıq mal tövləsinin və 1 ədəd yem sexinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçının istifadəsində olan Şamaxı rayonunun, Qızmeydan kəndində yerləşən, Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokoluna və həmin komissiyanın 04 dekabr 2001-ci il tarixli aktına əsasən 2 ədəd 200 başlıq mal tövləsinin və 1 ədəd yem sexinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun, Qızmeydan kəndində yerləşən, ferma tipli tikili İddiaçı istifadəsindədir. Şamaxı rayonunun Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokoluna və həmin komissiyanın 04 dekabr 2001-ci il tarixli aktına əsasən qeyd edilən sahə İddiaçı istifadəsində olmaqla yanaşı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********76- 12301 reyestr nömrəsi ilə texniki pasportu vardır. Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokolunda göstərilmişdir ki, binalar təsərrüfatın kreditor borcların ödəmək üçün ayrılmışdır. Maliyyə vəsaiti olmadığından binanın təmiri və mühafizəsi işlərini icra etmək mümkün olmamışdır. Belə ki, son 7-8 ildə təmir edilməmiş binalar istifadəyə yararsız vəziyyətə düşmüşdür. Buna görədə Qızmeydan kəndinin mal fermasında yerləşən 2 (iki) ədəd 200 (ikiyüz) başlıq mal tövləsinin və 1 (bir) ədəd yem sexinin nağd pulla İddiaçınə satılması məqsədəuyğun hesab edilmişdir. Həmin əmlak İddiaçı istifadəsində olsa da hələdə çıxarış əldə edə bilməmişlər. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə məktub ünvanlasalar da bildirmişlər ki, 01 dekabr 2001-ci il tarixli Şamaxı Rayon Astraxanovka kənd X3 Komissiyasının iclas protokoluna əsasən satılmış iki ədəd 200 başlıq mal ferması və bir ədəd yem sexinin inventarlaşdırılması və qiymətləndirilməsi aparılmamışdır. Cavabdehin mövqeyi ilə razı deyillər və hesab edirlər ki, bu süründürməçiliyə son qoyulmaqla qeyd etdikləri əmlak qeydiyyata alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, qeyd edilən əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alıması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair” iddia ərizəsini əsassız hesab edirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı ərizə ilə Ərazi İdarəsinə müraciət edərək, “Karat Holdinq" MMC-yə məxsus Şamaxı rayonun Qızmeydan kəndində yerləşən ferma tipli tikililərə reyestrdən çıxarışların verilməsini xahiş etmişdir. Müraciətlə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 01 dekabr 2001-ci il tarixli Şamaxı Rayon Astraxanovka kənd X3 Komissiyasının iclas protokoluna əsasən “Karat” Kiçik müəssəsinə satılmış iki ədəd 200 başlıq mal ferması və bir ədəd yem sexinin inventarlaşdırılması və qiymətləndirilməsi aparılmamışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlaklar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şamaxı rayonun Qızmeydan kəndində yerləşən ferma tipli tikililərə dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Şamaxı rayon Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokol qərarından görünür ki, təsərrüfatın balansında olan, kreditor borcu üçün saxlanılmış, Qızmeydan kəndinin mal fermasında yerləşən 1982-ci ildə istifadəyə verilmiş 2 ədəd mal tövləsinin faktiki qalıq dəyəri 13476 min manat, 1 ədəd 1987-ci ildə istifadəyə verilmiş yem sexi, faktiki qalıq dəyəri 2780 min manat olmaqla mövcud vəziyyətdə İ.Bədəlova təhvil verilməsi qərara alınmışdır. - 04 dekabr 2001-ci il tarixdə Şamaxı rayon Astraxanovka kənd X3 Komissiyasının üzvləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokol qərarına əsasən “Karat kiçik müəssisəsinin” nümayəndəsi X1 Astraxanovka təsərrüfatının balansında olan kreditor borcu üçün saxlanılmış Qızmeydan kəndinin mal fermasında yerləşən 2 ədəd 200 başlıq mal tövləsi və 1 ədəd yem sexi təhvil verilmişdir. - **********76-12301 saylı, 02 fevral 2009-cu il tarixli, 49 invetar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, İddiaçı MMC-nin adına Şamaxı rayonu Qızmeydan kəndində əmlak kompleksi kimi müəssisənin texniki pasportu tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 29 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının Şamaxı rayonu Qızmeydan kəndində yerləşən ferma tipli tikililərə reyestrdən çıxarışın verilməsinə dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Şamaxı rayon Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokol qərarı ilə təsərrüfatın balansında olan, kreditor borcu üçün saxlanılmış, Qızmeydan kəndinin mal fermasında yerləşən 1982-ci ildə istifadəyə verilmiş 2 ədəd mal tövləsinin faktiki qalıq dəyəri 13476 min manat, 1 ədəd 1987-ci ildə istifadəyə verilmiş yem sexi, faktiki qalıq dəyəri 2780 min manat olmaqla mövcud vəziyyətdə “Karat” kiçik müəssisəsinin nümayəndəsi İ.Bədəlova təhvil verilməsi qərara alınmışdır. 04 dekabr 2001ci il tarixdə Şamaxı rayon Astraxanovka kənd X3 Komissiyasının üzvləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, qeyd olunan tikililər hazırki iddiaçı müəssisəyə təhvil verilmişdir. İddiaçı həmin tikililər üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciıt etmişdir. Cavabdehin 29 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi 01 dekabr 2001-ci il tarixli Şamaxı rayon Astraxanovka kənd X3 Komissiyasının iclas protokoluna əsasən “Karat” kiçik müəssisəsinə satılmış iki ədəd 200 başlıq mal ferması və bir ədəd yem sexinin inventarlaşdırılması və qiymətləndirilməsinin aparılmaması göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2 və 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı(bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Məhkəmə hesab edir ki, cavabdehin idiaçının sözügedən torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtinası üşün göstərdiyi hallar onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaması üçün əsas hesab oluna bilməz. Belə ki, torpaq sahəsinin ayrıldığı dövrdə X3 komissiyası tərəfindən qiymətləndirilməməsi və inventarizasiyasının aparılmaması iddiaçının təqsiri kimi qiymətləndirilib iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokolu ilə iddiaçıya ayrılmış 2 ədəd 200 başlıq mal tövləsi və 1 ədəd yem sexi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Astraxanovka kənd X3 Komissiyasının 01 dekabr 2001-ci il tarixli protokolu ilə iddiaçıya ayrılmış 2 ədəd 200 başlıq mal tövləsi və 1 ədəd yem sexi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar