Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-851/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Hümbətova Dildar Babaş qızının, üçüncü şəxs Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilkin olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı “cavabdehlərin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın hər iki cavabdehdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2011-ci ildə təsis edilmiş və həmin cəmiyyətin nəzdində Sumqayıt şəhəri üzrə tətbiq edilmiş sxem əsasında 10A saylı marşrut fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 10A saylı şəhərdaxili avtobus marşrutunun pasportu hazırlanmış və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişi əsasında həmin marşrut üçün “İsuzu SAZ” markalı 18 ədəd avtobus alınmışdır. İddiaçının təsisçisi həmin avtobusları almaq üçün 2011-ci ildə "xxxx" ASC-dən daşınar və daşınmaz əmlaklarını girov qoyaraq 784 min manat kredit götürmüş və 2014-cü ilin dekabr ayınadək ümumilikdə 975839 manat kredit qaytarmışdır. Həmin marşrutda iş yerləri açmış, işçilər qəbul etmiş, onlara əmək haqqı ödəmiş, dövlətin vergi və rüsumlarını vaxtı-vaxtında ödəmişdir. Bir sözlə, bu marşrutun normal fəaliyyəti üçün bütün imkanlardan istifadə etmişdir. 10A saylı marşrut onun rəhbərliyi altında 2018-ci ilin oktyabr ayına kimi fəaliyyət göstərmiş, lakin həmin vaxt heç bir əsas, heç bir məhkəmə qərarı olmadan marşrut üzrə avtobusların işə çıxmasına cavabdeh tərəfindən icazə verilməmiş və "xxxx" MMC-nin rəhbəri kimi tanıdığı Elgiz Fərəcov adlı şəxs qeyd edilən marşruta “İsuzu Novociti” avtobusları buraxaraq həmin marşrutu mənimsəmişdir. İddiaçının təsisçisi bununla bağlı X10, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Nəqliyyat Departamentinə müraciət etmiş, lakin onun şikayətlərinə baxılmamışdır. Sonuncu dəfə etmiş olduğu müraciətə cavabdeh tərəfindən bildirilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatının təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iri və kiçik tutumlu, müasir avro-5 və avro-6 standartlara cavab verən ümumilikdə 206 ədəd olmaqla “AKİA ULTRA”, “KARSAN JET” və “İSUZU” markalı avtobuslar gətirilərək 19 marşrut xəttinə buraxılmışdır. Avtobuslar wifi və mərkəzləşdirilmiş dispetçer xidməti sistemi ilə tam təchiz olunmuşdur. Həmin avtobuslar Bakı-Sumqayıt, Sumqayıtın inzibati ərazisi, Corat və Hacı Zeynalabdin qəsəbəsi, Stansiya Sumqayıt, Ceyranbatan qəsəbəsi ərazilərində əhaliyə xidmət göstərir. Köhnə yararsız dayanacaqlar yeni müasir tipli dayanacaqlarla əvəz olunmuşdur. Sizin yuxarıda qeyd olunan standartalara cavab verən avtobuslarınız olduğu təqdirdə müraciətinizə yenidən baxılacaqdır. İddiaçı cavabdehin bu cavabı ilə razılaşmır. Belə ki, 2011-ci ildə “İsuzu SAZ” markalı 18 ədəd avtobus məhz cavabdehin sifarişi əsasında alınmış, isifadə edilmiş və həmin avtobuslar yeni standartlara cavab vermişdir. Cavabdeh təşkilat tərəfindən 206 ədəd yeni avtobusların gətirilməsinə gəldikdə isə hazırda 10A saylı marşrutda hərəkət edən “İsuzu Novociti” avtobuslarının üzərində Sumqayıt şəhər İcra Hakimiyyəti sözü yazılsa da həmin avtobuslar "xxxx" MMC-yə məxsus olmaqla hüquqi ünvanı kimi ünvan 2yat – 1” MMC cavabdehə və Sumqayıt Nəqliyyat Departamentinə tabe olmayan müstəqil şirkətdir və gətirilən maşınlar da şirkətin mülkiyyətindədir. İddiaçı 2 ildən artıqdır ki, qazanc və gəlirdən məhrumdur. İddiaçının illik dövriyyəsindən gələn gəlir təxminən 300 min manat olmuş, iki il yarım işsiz qaldıqları müddətdə 750 min manat gəlirdən məhrum olmuşlar. İddiaçının təsisçisi bankdan külli miqdarda götürdüyü kreditlər hesabına aldığı avtobuslar istifadə edilmədiyi üçün öz yararlılığını tədricən itirdiyindən onların bir qismini dəyərindən də aşağı satmaq məcburiyyətində qalmışdır. O, hətta cavabdeh təşkilatda olarkən uzun illər boyu işlətdiyi 10A saylı marşruta onların təklif etdiyi markalı avtobusları almağa da etiraz edilmədiyini bildirmiş, lakin bütün bunlara baxmayaraq iddiaçı cavabdehin bilavasitə təhriki üzündən bu marşrutdan məhrum olmuşdur. Cavabdehin bu hərəkətləri qanunsuzdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaya dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh qismində qeyd etdiyi "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilə birlikdə üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmələrini xahiş etmiş və Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi məhkəmə prosesinə üçüncü şəxslər kimi cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli qərardadı ilə Tahir-Mahir” MMC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ona vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehdən tutulması hissəsində iddiası mümkün sayılmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 17.11.2016-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaranmışdır. Cəmiyyət tərəfindən mülkiyyət və təşkilati, hüquqi formasından asılı olmayaraq daşıyıcıların sərnişin daşınması prosesinə cəlb edilməsi, cəmiyyətin xidmət etdiyi ərazi üzrə şəhərdaxili avtomobil nəqliyyatı ilə sərnişin daşıma, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi, mövcud marşrutların bağlanması, birləşdirilməsi paralel marşrutların ləğv edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmanın təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iritutumlu, müasir standartlara cavab verən 149 ədəd (75 ədəd AKİA, 26 ədəd KARSAN və 48 ədəd İSUZU) avtobus şəhər sakinlərinin ixtiyarına verilmişdir. Şəhər ərazisində qanunsuz işləyən kiçik tutumlu, yararsız vəziyyətdə olan avtobusların fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq Sumqayıt şəhər X14 əməkdaşları ilə birlikdə reydlər keçirilir və sakinlər tərəfindən sərnişindaşıma ilə bağlı qaldırılan məsələlər maksimum qısa müddətdə həll edilir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli, 704 Fərmanına əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişindaşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmanın v ahid norma və qaydalar əsasında təhlükəsiz yerinə hüquqi şəxslərin iştirakı ilə keçirilmiş 17A saylı, 03 oktyabr 2016-cı il tarixli protokola əsasən həmin iclasda iddiaçı da iştirak etmiş və əhalinin rahatlığının təmin edilməsi məqsədilə şəhərə müasir tipli avtobusların gətirilməsinin zəruriliyi onun diqqətinə çatdırılmışdır. Lakin həmin xəbərdarlıqdan 2 il müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən bu sahədə heç bir irəliləyiş əldə olunmamış, 10A saylı marşrut xətti üzrə şəhərə müasir tipli orta və iri tutumlu avtobusların gətirilməsində onlar tərəfindən heç bir addım atılmamışdır. Belə ki, iclasın keçirildiyi 2016-cı ilin oktyabr ayından 2018-ci ilin noyabr ayına kimi iddiaçı köhnə, istifadəyə yararsız, istismar müddəti bitmiş avtobuslarda əhaliyə xidməti davam etdirmişdir. 2018-ci ilin dekabr ayından isə sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 10A saylı marşrut xətti üzrə müasir standartlara cavab verən 15 ədəd buraxılış ili 2018-ci il olan “İSUZU NOVOCİTİ” markalı müasir tipli avtobuslar "xxxx" MMC tərəfindən reysə buraxılmışdır. Ona görə də cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbi ilə eyniməzmunlu izahat verərək bildirdi ki, onlara məxsus 18 ədəd “İSUZU SAZ” markalı avtobuslardan 11 ədədi satılmışdır. Cavabdeh tərəfindən yeni və müasir tipli avtobusların gətirilməsi barədə onlara heç bir təklif irəli sürülməmişdir. Belə bir təklif irəli sürüldüyü təqdirdə onlar tərəfindən qəbul ediləcəkdi. Onlar yalnız 1 ay öncədən bu barədə xəbər tutdular. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus “İSUZU SAZ” markalı avtobuslar yeni avtobuslardır və yararsız vəziyyətdə deyildir. Cavabdeh tərəfindən yeni tipli avtobusların gətirilməsinə dair iddiaçıya heç bir yazılı xəbərdarlıq təqdim edilməmişdir. İddiaçı 2018-ci ilə kimi fəaliyyət göstərmişdir və onlar bu barədə cavabdeh təşkilata müraciət etməsinə baxmayaraq müsbət nəticələnməmişdir. Məhkəmədə iştrak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, 03.10.2016-cı il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin iclası keçirilmişdir. Həmin iclasda şəhər daxilində fəaliyyət göstərən avtobusların yenilənməsi, daha müasir tipli avtobuslarla əvəz olunması məsələsi müzakirə edilmişdir. İddiaçıya bununla bağlı olaraq 2 (iki) il möhlət verilmişdir. Hətta ən çox möhlət verilən şirkət məhz iddiaçı olmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı tərəfindən hər hansı bir tədbir görülməmişdir. Hazırda şəhərdaxili sərnişindaşıma fəaliyyətinin yaxşılaşdırılması, əhalinin rahatlığının təmin olunması məqsədilə müasir standartlara cavab verən yeni avtobuslar fəaliyyət göstərir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi Hümbətova Dildar Babaş qızı izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 365 nömrəli Qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" MMC yaradılmış, Nizamnaməsi təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 03 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin iclası keçirilmiş və həmin iclasa İddiaçı MMC də dəvət olunmuşdur. İclasda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istifadəsində olan, günün tələblərinə cavab verməyən, istifadəyə yararsız avtobusların marşrutlardan kənarlaşdırılması barədə müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. "xxxx" MMC-yə məxsus avtobuslar 2018-ci ilin istehsalı olmaqla müasir standartlara cavab verir və əhalinin rahatlığının təmin edilməsinə xidmət edir. Həmin avtobuslar ən son avadanlıqlarla təchiz olunmuşdur. Hazırda 10A və 33 saylı saylı marşrut üzrə hər birində 15 avtobus mövcuddur. İddiaçı şirkətin əməkdaşlarının 50 nəfəri hazırda həmin şirkətdə olmaqla, onlardan 30 nəfəri 10A saylı marşrutda, 20 nəfəri isə 33 saylı marşrutda çalışır. Qeyd olunanlara əsasən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına digər üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07.12.2015-ci il tarixli, 704 nömrəli Fərmanının 5-ci bəndinə müvafiq olaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılmışdır. Həmin idarənin 17/A saylı, 01.10.2016-cı il tarixli iclasında tərtib olunmuş protokolda da qeyd edildiyi kimi iclasda Sumqayıt şəhərinin inzibati ərazisində sərnişindaşımalarının yerinə yetirilməsi ilə əlaqədar şəhərdaxili avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə marşrutlar üzrə sərnişindaşınmaların təşkil edilməsi, sərnişindaşımaya cəlb olunan nəqliyyat vasitələrinin dövlət standartlarının qanunvericiliklə müəyyən olunmuş təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə norma və tələbə cavab verən yeni, müasir tipli, orta və iri tutumlu avtobuslarla təmin olunmasının vacibliyi müzakirə olunmuşdur. Həmin iclasda eyni zamanda istifadəyə yararsız avtobusların marşrutlardan kənarlaşdırılması barədə müvafiq tədbirlərin görülməsi bildirilmişdir. İddiaçıya möhlət verilməsinə baxmayaraq onlara məxsus avtobuslar yenisi ilə əvəz edilməmişdir. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər: Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 19.01.2021-ci il tarixli imtina məktubu ilə müəyyən olunur ki, Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatının təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iri və kiçik tutumlu, müasir avro-5 və avro-6 standartlara cavab verən ümumilikdə 206 ədəd olmaqla “AKİA ULTRA”, “KARSAN JET” və “İSUZU” markalı avtobuslar gətirilərək 19 marşrut xəttinə buraxılmışdır. Avtobuslar wifi və mərkəzləşdirilmiş dispetçer xidməti sistemi ilə tam təchiz olunmuşdur. Həmin avtobuslar Bakı-Sumqayıt, Sumqayıtın inzibati ərazisi, Corat və Hacı Zeynalabdin qəsəbəsi, Stansiya Sumqayıt, Ceyranbatan qəsəbəsi ərazilərində əhaliyə xidmət göstərir. Köhnə yararsız dayanacaqlar yeni müasir tipli dayanacaqlarla əvəz olunmuşdur. İşdə olan iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 06.12.2011-ci il tarixli lizinq müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə 784 min manat kredit ayrılmış və ödəniş cədvəlinə əsasən 975839 manat iddiaçı tərəfindən ödənilmişdir (ödəniş tapşırıqları ilə də müəyyən olunur). İddiaçıya məxsus Nizamnamə ilə müəyyən edilir ki, təsisçiləri X2, X5 və X8 olan İddiaçı MMC 22 sentyabr 2011-ci ildə qeydiyyatdan keçərək təsis edilmişdir. Cəmiyyətə məxsus lisenziya 18.10.2011-ci il tarixdə NNL003350 nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan qiymətlərin razılaşdırma protokoluna əsasən 18 ədəd “İSUZU SAZ” markalı avtobusların yekun məbləği 864 min manat təşkil edir. İş materiallarına 10A saylı şəhərdaxili avtobus Marşrutunun pasportu, işçilərin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri daxil edilmişdir. İş materiallarına üçüncü şəxs “Sumqayıt Nəqliyyat-1“ MMC tərəfindən təqdim edilən və 16 noyabr 2016-cı il tarixdə iddiaçıya ünvanlanan məktubla müəyyən edilir ki, şəhərdaxili sərnişindaşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi, habelə yeni müqavilələrin bağlanılması məsələsinə baxılması məqsədilə 2016-cı ilin noyabr 18-i, saat 11:00-da ünvan 3 ünvana gəlmək iddiaçıdan xahiş olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 04.02.2016-cı il tarixli, 14 nömrəli sərəncamına əsasən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir (Əsasnamə iş materiallarına əlavə edilmişdir). İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Sumqayıt Nəqliyyat“ MMC yaradılmışdır. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə, iddiaçı tərəfindən ilkin olaraq irəli sürülmüş iddia tələbi aşağıdakılardan ibarət olmuşdur: 1) cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması və fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması; 2) vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehdən tutulması. İddia tələbi ikinci hissədə iddiaçı tərəfindən ona vurulmuş ziyanın əvəzinə kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən qeyri-mümkün hesab edilmişdir. İddia tələbinin 1-ci hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər (34.2.). İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 2011-ci il tarixdən təsis edilmişdir və Cəmiyyətin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə lisenziya aldıqdan sonra məşğul ola bilər. Lakin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavənin 34-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı” tələb olunur. Bundan başqa məhkəmə iş materiallarını araşdırarkən müəyyən edir ki, Azərbaycan Respublikası Prezidentinin 07.12.2015-ci il tarixli, 704 nömrəli Fərmanı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılmışdır. Həmin idarə Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər keçirilməsini həyata keçirən dövlət orqanıdır. Həmin İdarənin 03 oktyabr 2016-cı il tarixdə iclası keçirilmiş və həmin iclasda tərtib olunmuş 17/A saylı protokolla müəyyən olunmuşdur ki, dəvət olunanlar siyahısında İddiaçı MMC-nin də adı vardır. Həmin iclasda gündəmdə olan məsələ Sumqayıt şəhərinin inzibati ərazisində şəhərdaxili sərnişindaşımaya cəlb olunan nəqliyyat vasitələrinin dövlət standartlarına və qanunvericiliklə müəyyən olunmuş təhlükəsiz və ətraf mühitin mühafizəsi üzrə norma və tələblərə uyğun təmin olunması olmuşdur. Həmin iclasın protokolundan da göründüyü kimi nəqliyyat vasitələrinin yeni, müasir tipli, orta və iritutumlu avtobuslarla təmin olunmasının vacibliyi bildirilmişdir. Həmin iclasda qərara alınmışdır: 1) yaxın aylarda şəhərdaxili avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istifadəsində olan marşrut xətlərində köhnə, istismar müddətini başa vurmuş, şəhərin estetik mənzərəsinə xələl gətirən avtobusların yeni, müasir tipli, orta və iritutumlu avtobuslarla əvəz olunması; 2) tələblər icra olunmadığı təqdirdə daşıyıcı olduqları marşrut barədə aidiyyatı müvafiq tədbirlər görüləcəyi barədə məlumatladırılsınlar. Eyni zamanda məhkəmə bildirməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 365 nömrəli qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tabeliyində "xxxx" MMC təsis edilmişdir. "xxxx" MMC-yə məxsus 2018-ci il istehsalı olan “İSUZU NOVOCİTİ” markalı avtobuslar müasir tipli avtobuslar olmaqla əhalinin rahatlğının təmin olunmasına xidmət edir. Lakin iddiaçıya məxsus nəqliyyat vasitələri isə 2011-ci il istehsalı olmaqla müasir standartlara cavab vermir və belə imkanlara malik deyildir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İşdən göründüyü kimi "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri istismara yararlı olduğu üçün cavabdeh tərəfindən onların fəaliyyətinə icazə verilməsi daha məqsədə müvafiq hesab edilmişdir. İddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-851/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-851/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver