Məhkəmə qərarları › İş №2-1(118)-851/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-851/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-851/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qusar rayonunun X1 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün iddiaçıya satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qusar rayonunun X1 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün iddiaçıya satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən ona Qusar rayonunun X1 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün 5,28 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 18 aprel 2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akta əsasən ona yerində təhkim edilmişdir. Həmin 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun adına 12 may 2006-cı il tarixdə JN:335 KOD 30115028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasındakı xəritədə həmin 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən adına verilmiş JN:335 KOD 30115028 saylı Dövlət Aktı qeydə alınmışdır. Ötən 18 ildən artıq müddətdə həmin torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuş, həmin torpaq sahəsindən heç kimin etirazı olmadan istifadə etmişdir. O, həmin torpaq sahəsinə öz adına mülkiyyət hüququnu qeydə aldırıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 22 iyun 2023-cü il tarixdə mənə yazılı cavab verməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməsindən imtina etməsini onunla əsaslandırmışdır ki, Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən ona satılmış 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun adına verilmiş 12 may 2006-cı il tarixli JN:335 KOD 30115028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı DT və XK Qusar rayon şöbəsi tərəfindən DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bunu səbəb tutan DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Buna etiraz edərək bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən adına verilmiş 12 may 2006-cı il tarixli JN:335 KOD 30115028 saylı Dövlət Aktının cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmaması və həmin dövlət aktının arxiv nüsxəsinin 5 saylı Ərazi İdarəsində aşkar edilməməsi həmin torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, Qusar rayonunun X1 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün 5,28 ha torpaq sahəsinin ona satılmasına dair Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı hal-hazırda qüvvədədir, həmin qərarın və digər ilkin sənədlərin arxiv nüsxələri də mövcuddur. Ona görə də həmin torpaq sahəsinə onun adına verilmiş 12 may 2006-cı il tarixli JN:335 KOD 30115028 saylı Dövlət Aktının cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydiyatda olmaması cavabdehin həmin torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina etməsi üçün əsas deyildir. Cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına və digər ilkin sənədlərə əsasən həmin 5,28 ha torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli 04 nömrəli qərarından görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədilə 5.28 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 16 saylı, 07 aprel 2005-ci il tarixli “Mədaxil orderin qəbzi”ndən görünür ki, İddiaçı tərəfindən Qusar rayonu X1 hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Məhkəməyə sorğu əsasında daxil olmuş JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli 04 nömrəli qərarı ilə 5.28 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, iddiaçıya 5.28 ha torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. - “Torpaqların alqı-satqısı”na dair 18 aprel 2005-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi Qusar rayonu X1 hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Mübahisə predmeti olan torpaq sahəsinə dair Qusar rayonu Yeni Həyat bələdiyyəsi tərəfindən iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarında öz əksini tapmamışdır, lakin “Azərbaycan Respublikasında torpaq münasibtlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu inormasiya sistemində öz əksini tapmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 22 iyun 2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının Qusar rayonu X1 04 nömrəli, 15 aprel 2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı Qusar rayonu X1 alqı-satqı predmeti olan 5.28 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən 07 aprel 2005-ci il tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 3.390.000 manat məbləğində pul Qusar rayonu X1 hesabına ödənilmişdir. İddiaçıya torpaq sahəsinin satılması “Torpaqların alqı-satqısı”na dair 18 aprel 2005-ci il tarixli aktla da rəsmiləşdirilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 22 iyun 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamasını və dövlət aktının arxiv nüxsəsinin Ərazi İdarəsində aşkar edilməsini və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Qusar rayonu X1 04 nömrəli, 15 aprel 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin və Qusar rayonu İcra Hakimiyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyləri ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 15 aprel 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Eyni zamanda məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə aidiyyatı üzrə sorğular vermişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarında öz əksini tapmamışdır, lakin “Azərbaycan Respublikasında torpaq münasibtlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu inormasiya sistemində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qusar rayonunun X1 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün satılmış 5,28 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayonu X1 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qusar rayonunun X1 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün satılmış 5,28 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar