Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8513/2025 16.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1974-cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində tərtib edilmiş 751 nömrəli doğum haqqında akt qeydində adın “Güllər” qrafasında “Gülər” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi ilə əvəz olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçının atası X1, anası isə X2r. Hər iki valideyninin milliyyəti azərbaycanlıdır. İddiaçının qızlıq soyadında şəxsiyyət vəsiqəsində və digər sənədlərində ad qrafasında Gülər yazılıb, sadəcə Sumqayıt şəhər qeydiyyat şöbəsinin səhvi, ya da səhlənkarlığı nəticəsində iddiaçının doğum haqqında şəhadətnaməsində ad qrafasında Güllər yazıldığına görə əziyyət çəkir. Hazırda, iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin ad qrafasında Güllər kimi qeyd edilməsi iddiaçının bütün işlərinin, yəni vərəsəlik və digər işlərin aparılması çətin vəziyyətə salır. Bu isə mərhum atasından qalmış miras əmlakdan öz payını almaq hüququnu məhdudlaşdırır. Sumqayıt şəhər qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin ad qrafasında Güllər adının dəyişdirilərək Gülər kimi yazılmasının bərpa olunması barədə ərizə ilə müraciət etsə də, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-Ə-62-418/15 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Sizin xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuş Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 751 saylı, 11,03.1974-cü il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında adın “Güllər”-dən “Gülər”-ə dəyişiklik olunmasına dair müraciətinizə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti təsdiq edən sənəddə (AB 0185201) ad “Gülər”, Abşeron rayon Mehdiabad icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 49 saylı, xx.xx.1993cü il tarixli nikah haqqında akt qeydində qadın bəndində, Abşeron rayon Mehdiabad icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 43 saylı, xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydində ana bəndində, 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 137 saylı, xx.xx.2025-ci il tarixli nikahın pozulması haqqında akt qeydində qadın bəndində ad “Gülər” göstərilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk ki, təqdim etdiyiniz sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində uşaq qrafasında adın “Güllər”-dən “Gülər”-ə dəyişiklik olunması imkanımız xaricindədir. Bildiririk ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edə bilərsiniz.”.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.
6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. İİ-ЖГ 439905 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olub, atası X1, anası X2r.
13. AB ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Vəsiqədə şəxsin adı “Gülər” kimi göstərilmişdir.
IV. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
15. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir; 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
16. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” - 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
IV. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
19. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.1974-cü il tarixdə tərtib edilmiş 751 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adının “Güllər”dən “Gülər”ə düzəliş edilməsini xahiş edir.
20. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, şəxsiyyət vəsiqəsində ad qrafasında şəxsin adı “Güllər” deyil, məhz “Gülər” olaraq qeyd olunmuşdur.
21. Yalnız İddiaçı məxsus Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1974cü il tarixdə tərtib edilmiş 751 saylı doğum haqqında akt qeydində uşaq qrafasında adı “Güllər” qeyd olunmuşdur ki, məhkəmə bunu digər sənədlərə əsasən düzgün olmayan hesab edir.
22. Belə olan halda, məhkəmə iddiaçının doğum akt qeydində adının “Güllər” kimi yazılmasını texniki yalnışlıq olaraq qiymətləndirir.
23. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
24. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə iddiaçının adının “Gülər” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və adı “Güllər” kimi deyil, “Gülər” kimi göstərilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
26. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 52-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Qərara aldı: İddia təmin olunsun. İddiaçı xx.xx.1974-cü il tarixində Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib edilmiş 751 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında adının “Gülər” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X3-Abbaszadə