Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-852/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarış ilə iddiaçıya məxsus 0.045 ha torpaq sahəsində tikilmiş mağaza üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarış ilə iddiaçıya məxsus 0.045 ha torpaq sahəsində tikilmiş mağaza üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddi atələbini müdafiə edərək izah etdi ki, Abşeron rayonu Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 0.045 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsi onun qohumlarına məxsus olmuşdur və üzərində kiçik mağaza mövcud olmuşdur. 1998-ci ilin dekabr ayında İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamına əsasən ona göstərilən torpaq sahəsində 03 x 05 m ölçüdə mağaza tikməyə icazə verilmişdir. Həmin vaxtdan başlayaraq iddiaçı əvvəllər mövcud olmuş mağazanı böyütmüş, 2002-2004-cü illərdə mağazanın tikintisi tam başa çatmışdır. Mağazanın hazırda ölçüləri 150 kv m-ə yaxın təşkil edir. Həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti başçısının 22.10.2019cu il tarixli 185/1 nömrəli tikinti obyektinin istismarına icazə verilməsinə dair sənədə və "xxxx” MMC tərəfində hazırlanmış eskiz lahiyəyə əsasən, öz vəsaiti hesabına ümumi tikinti sahəsi 147.13 kv m, tikintialtı sahə 156.28 kv m olan mağaza inşa etdirərək, istismara vermişdir. Həmin mağazaya dair eskiz lahiyə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq, müvafiq möhürlə təsdiq edilmişdir. Sözügedən mağazanın daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması və çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət edərkən, tikiliyə və torpaq sahəsinə aid bütün sənədləri həmin müraciətə əlavə etmişdir. Cavabdeh tərəfindən ona göndərilmiş 09.02.2021-ci il tarixli məktubla sözügedən mağaza üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edildiyi bildirilmişdir. Həmin cavab məktubunda qeyri yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə edilmədiyi, icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, həmçinin tikilinin eskiz lahiyəsinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən qanunamüvafiq qaydada təsdiq edilmədiyi göstərilmişdir. Bunula bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ərizəsi araşdırılarkən sözügedən qeyri-yasayıs binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin müraciətə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qeyd edilməmişdir. Bundan başqa müraciətə sözügedən qeyri-yaşayış binasına dair əlavə edilmiş eskiz layihənin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir.Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.10cu maddəsinə müvafiq olaraq hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmur.Eləcə də, adıçəkilən Məcəllənin 103-cü və “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarına əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 1) tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 2) tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3) tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 4) tikinti obyektinin istismar təyinatı; 5) tikinti obyektinin əsas texniki göstəriciləri; 6) Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarında olan : - 23 avqust 2008-ci il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X3 Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində mülkiyyətdə olan 0.125 ha torpaq sahəsində yerləşən, 1 və 2 mərtəbəli 6 otaqlı, 134.9 kv.m yaşayış, 160.8 kv.m köməkçi sahəsindən ibarət olan 1 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0.045 ha torpaq sahəsini almışdır. -DƏDRX-nin 03.09.2018-ci il tarixli, seriya MH № ******* çıxarışından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi ünvanında yerləşən 0.045 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1998-ci il tarixli 92 saylı sərəncamından çıxarışdan görünür ki, X1 məxsus olan həyətyanı torpaq sahəsində qohumu X2 S.Qazıyeva küçəsinin M.Ə.Sabir küçəsi ilə kəsişdiyi yolun şimal tərəfində 03 m x 05m ölçüdə mağaza tikməsinə icazə verilmişdir. -Abşeron rayon İcra Hakimiyyətinin 22.10.2019-cu il tarixli 185/1 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi ünvanında yerləşən mağazanın təsdiq olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 22.10.2019-cu il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir. -“xxxx” MMC-nin Memarlıq planlaşdırma həllindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi ünvanında yerləşən mağazanın ölçüləri 125.19 kv m, köməkçi hissəsi 20.14 kv m, sanitar qovşağı 1.80 kv m təşkil edir. - DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş AA 012115 saylı Torpaq sahəsini planı və ölçü sənədindən görünür ki, həmin sənəd Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsinə aid tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq DƏDRX-nin 4 saylı ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizənizə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edildiyindən, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qeyd edilmədiyindən, müraciətə sözügedən qeyri yaşayış binasına dair əlavə edilmiş eskiz layihənin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən qanunamüvafiq qaydada təsdiq edilmədiyindən, onun müraciətinə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı sözügedən mağaza Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü ilədək inşa edilmişdir. Beləliklə, həmin vaxt qüvvədə olan şəhərsalma qanunvericiliyinin tələblərinə görə mağazanın tikintisi üçün icazə tələb edilmişdir. Abşeron rayonİcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə yalnız 15 (03 x 05) kv m ölçüdə mağazanın tikintisinə icazə verilməsinə baxmayaraq iddiaçı tərəfindən 156 kv m ölçüdə mağaza inşa edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ...8.0.9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair:…8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyaı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, qeyri-yaşayış sahəsinin tikintisinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının icazə sənədi, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” xx xxxx 2012-ci il tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVİ-XVİİİ fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 18-ci fəslinə aid 101-ci maddəsinin yuxarıda istinad edilən müddəalarının tələbindən göründüyü kimi, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin həmçinin 101-ci maddəsinin müddəaları tətbiq olunduğundan, iddiaçıya məxsus daşınmaz əmlakın tikintisi 2013-cü il yanvarın 1-dən əvvəl başa çatdığından Məcəllənin 101-ci maddəsinin müddəalarına əsasən həmin tikinti obyektinin istismarına icazə alınmalı deyildir. Lakin həmin tikilinin hazırki ölçüdə tikilməsinə icazə verilməsinə dair sənəd və istismara qəbul aktı sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biridir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququnun qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-852/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-852/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver