Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-853/2021 05.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “onun işsiz kimi qeydiyyata alınması və ona 190 manat birdəfəlik ödəmənin verilməsi və bundan sonrakı aylardan etibarən işlə təmin olunana kimi əmək haqqının 70%-nin ödənilməsi barədə qərar qəbul edilməsi, habelə cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “onun işsiz kimi qeydiyyata alınması və ona 190 manat birdəfəlik ödəmənin verilməsi və bundan sonrakı aylardan etibarən işlə təmin olunana kimi əmək haqqının 70%-nin ödənilməsi barədə qərar qəbul edilməsi, habelə cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(112)-3080/2021 saylı qərardadı ilə iddiaçının iddia tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazır ki, iddia tələbinə aşağıda qeyd olunanlara əsasən Sumqayıt İnzibati Məhkəməsində baxılması düzgün deyil. Belə ki, Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Məhkəmə hesab edr ki, ilk öncə hazır ki, iddia tələbinin mübahisələndirmə və ya öhdəliyin icrası haqqında iddia növlərinə aid olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32 və 34-cü maddələrində qeyd olunan iddia tələblərinin bir birindən fərqi nəzərdə tutulub. Lakin qeyd olunan maddələrdə nəzəri cəhətdən fərqlərin göstərilməsinə baxmayaraq praktiki cəhətdən inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarların və ya imtina məktublarının inzibati akt qüvvəsinə malik olub olmamasının müəyyən edilməsi çətinlik yaradır. İnzibati “İcraat haqqında” Azərbaycan Respublikası Qanununda (maddə 61) inzibati aktların yazılı formada olması, bəzi hallarda inzibati aktın müəyyən hərəkətlər vasitəsi ilə həyata keçirilməsinin mümkün olması, lakin hərəkətlərlə qəbul edilmiş inzibati aktın sonradan yazılı formada dərc olunması qeyd olunub. “İnzibati İcraat” haqqında Qanunun 81.1-ci maddəsindəndə göründüyü kimi qüvvəyə minmiş inizbati akt məcburi xarakter daşıyır və həmin inizbati akt barəsində qəbul edilmiş şəxs üçün vəzifə öhdəliyi yaradır. Lakin iddiaçıya ünvanlanan xx xxxxxxxx 2020-ci il tarixli, **********9 saylı məktub onun üçün hər hansı bir öhdəlik yaratmayıb. Başqa sözlə desək mübahisələdirilən iddia tələbinə artıq qəbul edilmiş və maraqlarına toxunan şəxs üçün hər hansı bir öhdəlik yaratmış inzibati aktın ləğv və ya dəyişdirilməsi aiddir. Ona görə də hesab olunur ki, iddiaçıya göndərilən imtina məktubu mübahisələdirilən iddia kateqoriyasına deyil öhdəliyin icrası iddiasına aiddir. Belə ki, “Covid-19” xəstəliyi ilə mübarizə sahəsində işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli qərarı publik xarakter daşıyır və müəyyən edilmiş kriteriyalara cavab verən işsiiz şəxslərə şamil edilir. Hazırkı mübahisə üzrə iddiaçı özünün işsiz şəxslərin kriteriyasına cavab verdiyini, inizbati orqan isə kriteriyaya cavab vermədiyini bildirir. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 127 nömrəli Qərarında inzibati orqan tərəfindən işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcəyi tədqirdə hər hansı inzibati aktın qəbul edilməsi nəzərdə tutulmayıb. ƏƏSMN müvafiq Qərarda qeyd olunmuş kriteriyalara cavab verən şəxslərə 190 manat birdəfəlik ödəməni işsiz şəxslərə verilmiş plastik bank kartına köçürməklə öz vəzifəsini yerinə yetirmiş olur. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, işsizlərə 190 manat birdəfəlik ödəmənin həyata keçirilməsi inzibati orqanın vəzifəli şəxsinin subyektiv fikrinə deyil məcburi qüvvəyə malik olan Nazirlər Kabinetinin qərarına əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Ona görədə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi mübahisələndirmə haqqında deyil, öhdəliyin icrası haqqında iddiaya aiddir. İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə görə öhdəliyin icrası haqqında iddia tələblərinə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Ona görədə iş, aidiyyətin müəyyən olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “onun işsiz kimi qeydiyyata alınması və ona 190 manat birdəfəlik ödəmənin verilməsi və bundan sonrakı aylardan etibarən işlə təmin olunana kimi əmək haqqının 70%-nin ödənilməsi barədə qərar qəbul edilməsi, habelə cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-853/2021 saylı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-853/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-853/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver