Məhkəmə qərarları › İş №2-1(118)-8552/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-8552/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8552/2025 05.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “BF 0009, KOD 41001004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mərhum atası X2 məxsus olan Şamaxı şəhəri, Sabir qəsəbəsindəki 0.50 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, 01 № li hərrac protokolunun, xx.xx.2013-cü il tarixli, 4542 № li alqı-satqı müqaviləsinin və onların hüquqi nəticəsi olan çıxarışın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X1 vərəsəsidir. X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. BF 0009, KOD 41001004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Şamaxı şəhəri Sabir qəsəbəsindəki 0.50 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin atasına ayrılmasına dair Şamaxı RİH-nin xx.xx.1998-ci il tarixli, 121 saylı sərəncamı verilmişdir. Sonradan məlum olmuşdur ki, hansısa yollarla atasına məxsus torpaq sahəsi başqalarının adına sənədləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsinin 0.19 ha-ı Şmaxı rayon, Həmyəli kəndi ərazisində JN-50 saylı dövlət aktına əsasən, Qasımov Qasıma, 0.20 ha-ı JN-51 saylı dövlət aktına əsasən, Qubatov Durasana, 0.024 ha-ı JN-26 saylı dövlət aktına əsasən, Əhmədova Gülüstana, 0.049 ha-ı JN-27 saylı dövlət aktına əsasən, Eminov Babayara, 0.00134 ha-ı JN-28 saylı dövlət aktına əsasən, İsayev Əlisaya verilmişdir. 0.03 ha-ı isə yol kimi istifadə edilməkdədir. Əldə etdiyi məlumata görə, həmin torpaq sahəsi 2013-ci ildə X4 tərəfindən özəlləşdirilmişdir. Həmin torpaq sahəsi Şamaxı-Şərab-1 ASC-nin özəlləşdirilməsi zamanı Hacıyev Seymura satılmışdır. Hərrac protokolunda yazılmışdır ki, torpaq sahəsi 136425.8 kv. m-dir. Əslində isə daha az, yəni 84000 kv. m. olmuşdur. Aydındır ki, mərhum X3 məxsus torpaq sahəsi qanunsuz olaraq Hacıyev Seymura satılmışdır. Odur ki, hazırda xx.xx.2013-cü il tarixli, 01 №li hərrac protokolunun, xx.xx.2013-cü il tarixli, 4542 № li alqısatqı müqaviləsinin və onların hüquqi nəticəsi olan çıxarışın ləğv edilməsinə zərurət vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, hüquqi yardımın göstərilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı BF 0009, KOD 41001004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mərhum atası X2 məxsus olan Şamaxı şəhəri, Sabir qəsəbəsindəki 0.50 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, 01 № li hərrac protokolunun, xx.xx.2013-cü il tarixli, 4542 № li alqı-satqı müqaviləsinin və onların hüquqi nəticəsi olan çıxarışın ləğv edilməsini istəyir. İddiaçının hüquqi marağı həmçinin yuxarıda qeyd edilənlərdən əlavə Azərbaycan Respublikası Cavabdeh 16 avqust 2013-cü il tarixli, 280 saylı sərəncamının mübahisələndirilməsindən ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. AZ-İİ №414674 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Göründüyü kimi, X1 ölümündən sonra vərəsəsi İddiaçı tərəfindən qeyd edilən sənədlər xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. Məhkəmə hazırki vəziyyətdə şəxsin öz ehtimal edilən hüququnun bildiyi vaxtı deyil, bilməli olduğu vaxtı əsas tutur. Belə ki, 2013-cü il tarixli Cavabdeh sərəncamının, hərrac protokolunun və alqı-satqı müqaviləsinin verilməsindən kifayət qədər uzun müddət keçmişdir. Bu dövr ərzində iddia etdiyi torpaq sahəsinin hüquqi vəziyyəti barədə məlumatının olmaması onun məsuliyyət sferasına aiddir, belə ki, iddiaçı və ya mərhum atası lazımi maraq və diqqət göstərsə idi qeyd edilən sənədər barədə məlumatı vaxtında əldə etmiş olardı. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar