Məhkəmə qərarları › İş №2-1(118)-8559/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-8559/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8559/2025 13.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsindən sərbəst şəkildə istifadə edilməsinə qarşı törədilən bütün maneələrə son qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayon İcra Hakimiyyəti tərəfindən MA seriyalı ******* saylı və MA seriyalı ******* saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, mülkiyyətində olan 0,24 ha torpaq sahəsindən sərbəst istifadə etməyinə qarşı törədilən bütün maneələrin aradan qaldırılması bərədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MA seriyalı, ******* saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən sərbəst şəkildə istifadə etməyinə qarşı cavabdeh Qusar rayon İcra Hakimiyyəti tərəfindən törədilən bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayonunda hüquq mühafizə orqanlarında xidmət edərək ömrünün iyirmi beş ildən çox hissəsini Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunmasına həsr etmişdir. Ömrünün bu hissəsindən ona qalan və Qusar rayonu ərazisində yeganə mülkiyyəti olan rayonun Yuxarı Ləyər kəndi ərazisində 2006-cı ildə fərdi yaşayış evi tikmək üçün aldığı 0,12 ha həyət yanı torpaq sahəsidir. 2010-cu ildə bu torpaq sahəsinin ətrafına hasar çəkmək məqsədi ilə tikinti işləri görmüşdür. Lakin Qusar RİH bu işlərdən xəbər tutan kimi Mahir Mustafayev adlı şəxs bir neçə nəfərlə ora gələrək icra hakimiyyəti başçısı Şair Alxasovun adından həmin tikililəri sökdürmüş və istifadə etdiyi tikinti materiallarını oradan uzaqlaşdırmışdır. Nəticədə, iddiaçıya iki min manatdan çox maddi ziyan dəymişdir. O vaxtdan xüsusi mülkiyyətində olan və DƏDRX-də qeydiyyata alınmış torpaq sahəsini ya istifadə edə bilmir, ya da sata bilmir. Dövlət tərəfindən torpaq sahəsi olan ərazidə tikinti tikilməsini məhdudlaşdıran hər hansı qərar və sərəncam qəbul edilməmişdir.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, rayonun Yuxarı Ləgər kəndi ərazisində sonuncunun və həyat yoldaşının adlarına 0,12 ha olmaqla, cəmi 0,24 ha torpaq sahəsi vardır. Ötən müddət ərzində həmin torpaq sahəsinin istifadəsinə hər hansı maneə törədilməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə edilməmişdir. 2025-ci ilin oktyabr ayında iddiaçı həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, müraciət baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məsələ cavabdeh tərəfindən araşdırılaraq vətəndaşa 09 oktyabr 2025-ci il tarixdə rəsmi cavab məktubu göndərilmişdir. Qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması məqsədəuyğun deyildir. Belə ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazidən 35 kv-luq Qusar-Cağar və 10 kv-luq Cağar-Xuray hava elektrik verilişi xətləri keçməklə iddiaçı tərəfindən aparılacaq tikinti işləri həmin elektrik xətlərinin mühafizə zonasına düşür. Eləcə də, X1 Agentliyinin rayon İcra Hakimiyyətinə göndərilmiş rəsmi məlumata əsasən, hazırda mövcud Qusar-Laza yolu əsasında gələcəkdə 1-ci texniki dərəcəli, dörd zolaqlı Qusar-Laza avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur. Yeni dörd zolaqlı yolun layihəsi və koordinatları artıq mövcuddur və iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi həmin yolun altına düşür. Bu barədə sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məsələnin ciddiliyini nəzərə alaraq iddiaçıya həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması məqsəduyğun olmadığı bildirilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, torpaq sahəsinin yanından keçən Qusar-Laza yolu X3 Turizm Mərkəzinə gedən yol olmaqla oradan mütəmadi olaraq xarici və yerli turistlər tərəfindən istifadə olunur və həmin yol mühafizə baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİ İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.), məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

14. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

İİ Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

16. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

17. İddia ərizəsindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməyinə qarşı törədilən bütün maneələrin aradan qaldırılmasını xahiş edir.

18. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ötən müddət ərzində həmin torpaq sahəsinin istifadəsinə hər hansı maneə törədilməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə edilməmişdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

20. Məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı hazırki iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırki iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz.

21. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilkin olaraq, həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə verilməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edərək nail ola bilər. İddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunsa da, bununla razılaşmamışdır.

22. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

23. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X2-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar