Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-856/2022 24.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə (üçüncü şəxslər – X1, X9, X2, X4, X12, X10) qarşı “üçüncü şəxslərin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə (üçüncü şəxslər – X1, X9, X2, X4, X12, X10) qarşı “üçüncü şəxslərin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Üçüncü şəxslərdən biri olan X1 iddiaçının keçmiş gəlinidir. Belə ki, onunla iddiaçının oğlu arasında qeydə alınmış nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-2901/2017 saylı, 12 may 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Şəbnəm Mustafayeva 2017-ci ilin mart ayından ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini könüllü olaraq tərk edərək getmiş, daha sonra nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Artıq 4 ildən çox müddətdir ki, Şəbnəm Mustafayeva faktiki olaraq qeyd olunan ünvanda yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Digər üçüncü şəxsləri - X9, X2, X4, X12, X5 isə ümumiyyətlə tanımır. Onların iddiaçının evində qeydiyyatda qalmaları iddiaçının fərdi yaşayış evinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirməsinə mane olur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmış, lakin məhkəməyə ünvanladığı məktubunda iş çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmənin qəbul etdiyi qərarla razılaşdığını bildirmişdir. Üçüncü şəxslərə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin 24.08.2021-ci il tarixli, 12-64571M saylı və 14.12.2021-ci il tarixli, 96009M saylı imtina məktublarında hazırkı məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 14.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra - mübahisəli ev) iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 17.07.1989-cu il təvəllüdlü X1, 15.02.1943-cü il təvəllüdlü X9, 23.08.1978-ci il təvəllüdlü X2, 12.09.2000-ci il təvəllüdlü X4, 15.03.1969-cu il təvəllüdlü X12, 10.06.2003-cü il təvəllüdlü X10 mübahisəli evdə qeydiyyatdadırlar. İş materiallarında olan X7, X8 və X17 tərəfindən tərtib olunaraq imzalanmış 23.09.2021-ci il tarixli akta əsasən üçüncü şəxslərin mübahisəli yaşayış sahəsində yaşamadıqları müəyyən olunur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2901/2017 saylı, 12 may 2017-ci il tarixli qətnaməsinə əsasən üçüncü şəxs X1 ilə iddiaçının oğlu - X6 arasında nikahın pozulması qət edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər X1, X9, X2, X4, X12, X10 yaşayış sahəsində formal olaraq pasport qeydiyyatındadırlar. Belə ki, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 17.07.1989-cu il təvəllüdlü X1, 15.02.1943-cü il təvəllüdlü X9, 23.08.1978-ci il təvəllüdlü X2, 12.09.2000-ci il təvəllüdlü X4, 15.03.1969-cu il təvəllüdlü X12, 10.06.2003-cü il təvəllüdlü X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər - X1, X9, X2, X4, X12, X3 iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan qeydiyyatının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-856/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-856/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver