Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-856/2025 18.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə müvafiq arayışın verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər keçmiş X11 İcraiyyə Komitəsinin ləğv edilmiş X17 ilə bağlanılmış torpaq icarə müqaviləsi əsasında “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan bağ torpaq sahəsi iddiaçının mərhum X2nun istifadəsinə verilmişdir. X2 19 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra sözügedən bağ torpaq sahəsi və üzərində yerləşən bağ evi iddiaçının istifadəsində qalmaqda davam etsə də, həmin torpaq sahəsinin mülkiyyət sənədini obyektiv səbəblərdən bugünədək ala bilməmişdir. Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sözügedən bağ torpaq sahəsi üzərində mərhum X2nun əvəzsiz mülkiyyət hüququ yaranmışdır, sadəcə olaraq atası sağlığında hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. İddiaçı vərəsə olaraq atasına məxsus olmuş torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirmək məqsədi ilə hələ keçən əsrin 60-70-ci illərindən mərhum X2nun istifadəsinə verilmiş və hal-hazırda iddiaçının istifadəsində olan sahəsi 0,06 ha təşkil edən B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin olaraq mərhum X2na məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən müraciətinə verilmiş 23 oktyabr 2023-cü il tarixli.3-21-3-31/2-3623/2023 saylı cavab məktubu ilə mərhum atasının qeyd olunan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3227/2024 nömrəli sərəncamına əsasən (hakim - Leyla Mirzəyeva) İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində X1nun mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı xx.xx.2000-ci il tarixli 8514 nömrəli “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün müqaviləsi”nin arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Novxanı bağ massivi, B-1496 ünvanı ilə X5 adına **********67 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin bildirirlər ki, təqdim edilən xx.xx.2000-ci il tarixli 8514 nömrəli “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün müqaviləsi”ndə sözügedən torpaq sahəsinin ölçüsündə düzəliş olunmuş, lakin müvafiq möhürlə təsdiq edilməmişdir. Bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: 8514 saylı, 23 oktyabr 2000-ci il tarixli müqavilə; AZ-İİ №250797 saylı, “Ölüm haqqında şəhadətnamə”; Bakı şəhər 19 saylı Notariat Ofisinin 10 oktyabr 2023-cü il tarixli məktubu; cavabdeh orqanın iddiaçıya ünvanladığı 23 oktyabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 23 oktyabr 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən, sənəd üzrə sahəsi 0.06 ha olan B1496 saylı bağ sahəsi “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” haqqında 23 oktyabr 2000-ci il tarixli, 8514 saylı müqavilə əsasında X1nun icarəsinə verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında mübahisə predmeti olan bağ sahəsi üzərində mərhumun mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 23 oktyabr 2023-cü il tarixli bildirişi ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh orqan imtinasının əsası kimi bağ təsərrüfatı idarəsi ilə bağlanmış icarə müqaviləsinin nömrəsində düzəliş olunduğunu, arxiv nüsxəsinin aşkarlanmadığını, həmçinin B1496 saylı ünvan ilə digər şəxsin adına **********67 reyestr nömrəli torpaq sahəsinin qeydiyyata alındığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırki işdə də iddiaçının mərhum X2na torpaq 2000-ci il tarixli müqavilə əsasında verilmişdir. İddiaçının mərhum atasına münasibətdə torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının mərhum X2nun bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətindən imtina etməsini əsaslı hesab etmək olmaz. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə inzibati işin hərtərəfli araşdırmasını təmin etmək məqsədilə müayinə aktının verilməsi üçün cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Cavabdeh orqan tərəfindən 14 may 2024-cü il tarixli məktuba əlavə edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi isə 0.075 ha-dır; müayinə zamanı heç bir mübahisə halı baş vermədi; torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Məhkəmə cavabdeh orqanın sonuncu dəlilinə araşdırılması məqsədilə cavabdehə sorğu ünvanlayaraq X5 bağ sahəsinə dair adına tərtib edilmiş dair çıxarışın və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərdən görünür ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” haqqında 23 oktyabr 2000-ci il tarixli, 7236 saylı müqavilə əsasında B 1496 saylı, ümumi sahəsi 0.12 ha bağ sahəsi X6 ayrılmışdır. Daha sonra torpaq sahəsi bir neçə dəfə alqı-satqı əsasında digər şəxslərə satılmış, nəticədə sonuncu mülkiyyətçi X5 adına Sumqayıt şəhər, Novxanı bağları ərazisində yerləşən B 1496 saylı bağ sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Məhkəmə qeyd edilən hala münasibət bildirir ki, digər şəxsin adına dövlət qeydiyyatına alınmış bağ sahəsinin nömrəsi hazırki mübahisə predmeti olan bağ sahəsi ilə eynilik təşkil etsə də, göründüyü kimi fərqli müqavilələr əsasında vətəndaşlara ayrılmışdır, həmçinin bağ sahələrinin ölçüsü də fərqlidir. Məhkəmə cavabdeh orqan tərəfindən müayinə aktında qeyd edilən heç bir mübahisə halının olmaması faktına əsasən qeyd edir ki, bağ sahələrinin nömrəsi eyni olsa da, ərazi olaraq eyni torpaq sahəsi olması mübahisə predmeti kimi qiymətləndirilməməlidir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum atasının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B- 1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva