Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-859/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin səbəbinin “Əlillik” altsistemində dəyişdirilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı «Əlillik» altsistemində əlillik səbəbinin dəyişdirilməklə “hərbi xidmət dövrü ilə bağlı» səbəbinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» səbəbi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, əlilliyin səbəbinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı İ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və aldığı güllə yarası, çoxsaylı qəlpə yaralanmaları nəticəsində AR MN HHEK qərarına əsasən şəhadətləndirilmiş və aldığı xəsarətlərin «Azərbaycan Respublikasının müdafiəsi zamanı almağı» qeyd olunmuşdur. 2010-cu ildən 2014-cü ilədək hər il əlillik təyinatı aparılmış və yekunda 2014-cü ildə müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuş və bununla bağlı verilmiş arayışda da əlilliyin səbəbi kimi «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə bağlı» kimi qeyd edilmişdir. 2021-ci il dekabr ayının 31-nə kimi 2-ci dərəcəli Müharibə əlili kimi hər ay Prezident təqaüdü almışdır. Lakin 2-ci dərəcəli əlil kimi hal-hazıra kimi 327 manat pensiya alır. Prezident təqaüdünün verilməməsi ilə bağlı dəfələrlə AR ƏƏSMN-nə müraciət etmiş, lakin təqaüd bərpa olunmamışdır.Yalnız sonuncu dəfə cavabdeh orqana müraciətindən sonra məlum olmuşdur ki, əlillik səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət almağı” göstərilsə də sonradan cavabdeh orqan məlum olmayan səbəblərdən əlillik altsistemində əlilliyin səbəbini dəyişməklə «hərbi xidmət dövrü ilə bağlı» kimi qeyd etmişdir. Lakin AR MN-nin HHEK-nın qərarında əlillik təyinatının aparıldığı müddətlərdə, sonuncu müayinə aktında əlillik səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda» kimi qeyd edilmiş və müddətsiz 2-ci dərəcəli əlillik təyinatından sonra 8 il Prezident təqaüdü almışdır. Onun 1-ci Qarabağ döyüşlərində iştirakını və döyüş tapşırığını yerinə yetirən zaman kürək nahiyyəsindən güllə yarası, qəlpə yaraları almağı tibbi sənədlərlə təsdiq olunur və bununla bağlı yetərincə sübutlar vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və hərbi xidmət dövrü il əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı iddiaçıya dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmisdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, T8EK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2010cu il tarixindən müharibə ilə əlaqədar İİ dərəcə əlilliyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.2021-ci il tarıxınədək ödənilmişdir. Təqaüd işinə daxil olan SER TSE-01 № 452130 saylı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən xx.xx.2014-cü il tarixindən müddətsiz Azərbaycan Respublikasının müdafiəsi İlə əlaqədar İİ dərəcə əlilliyin müəyyən olunmasına baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində əlilliyinin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Abşeron-Xızı Regional filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək Müharibə əlillərinə İİ qrup Prezident təqaüd alan kimi qeydiyyatda olub və aylıq təqaüdün məbləği 350.00 manat (üç yüz əlli manat) təşkil edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 3- 17-7/2-K-4661/2024 və 3-17-7/2-K-4691/2024 saylı arayışlarında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər Prezident təqaüdü alıb... 2- ci dərəcəli əlilliyə görə xx.xx.2014 - cü il tarixdən aylıq 327.21 (üç yüz iyirmi yeddi manat 21 qəpik) manat əmək pensiyası alır. Təyinatın bitmə tarixi - müddətsiz. İddiaçının hərbi biletinin surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli, 6/83 saylı arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissədə (Beyləqan hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 677 saylı Qərarında qeyd edilmişdir ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sol dirsək oynağının kor odlu silah qəlpə yarası. İrinli artrit. Bazu sümüyünün oynaqdaxili sınığı. Oynağın yad cismi» (Qubadlı RHK-nın xx.xx.2010-cu il tarixli 228 nömrəli göndərişi, xx.xx.2010-cu ıl tarixli 347 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli 394/48 nömrəli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 287 saylı Qərarında qeyd edilmişdir ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun 10.04 2007-cı il tarixli 17/988 nömrəli məktubuna əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-cı ildə N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ kürəyin dəlib keçən güllə yarası" və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz. "Sol dirsək oynağının kor odlu silah qəlpə yarası. İrinli artrit. Bazu sümüyünün oynaqdaxili sınığı. Oynağın yad cismi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin xx.xx.2023-cü il tarixli 14 nömrəli göndərişi. xx.xx.2023-cü il tarixli 229 nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2023-cü il tarixli 6183 nömrəli arayışı, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" MN MHHK-nın xx.xx.2010-cu il tarixli 677 nömrəli qərarı ləğv edilir. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. Tibbi-sosial ekspert komissiyasının SER TSE-01 № 110372 saylı, SER TSE-01 № 164222 saylı, SER TSE-01 № 049441 saylı, SER TSE-01 № 221731 saylı və SER TSE- 01 № 452130 saylı müayinə aktından çıxarışların surəti, sonuncu müayinəyə dair məlumat iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın 02 oktyabr 2024-cü il tarixli məktubu ilə iddiaçının pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etirazından görünür ki, iddianın əsassız olduğu üçün təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı «Əlillik» altsistemində əlillik səbəbinin dəyişdirilməklə “hərbi xidmət dövrü ilə bağlı» səbəbinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə əvəz edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və hərbi xidmət dövrü il əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı iddiaçıya dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi istər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 287 saylı Qərarında, istər xx.xx.2023-cü il tarixli, 287 saylı Qərarında, istərsə də iddiaçının 2-ci dərəcə əlilliyini təsdiq edən tibbi sosial ekspert komissiyasının müddətsiz müayinə aktından çıxarışlarda onun əlilliyinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı təqdim edilmiş pensiya işi materiallarında olan müayinə aktlarından da göründüyü kimi iddiaçının əlilliyinin səbəbi hərbi xidmət dövrü ilə bağlı yox, “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq qeyd edilmişdir. Təqaüd işinə daxil olan SER TSE-01 № 452130 saylı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən iddiaçıya xx.xx.2014-cü il tarixindən müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin müəyyən olunması cavabdeh inzibati orqan tərəfindən təsdiq edilmiş və işin mübahisələndirilməyən halı olmuşdur. Məhkəmə qeyd edir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində əlilliyinin səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar qeyd edilməsi cavabdehin öhdəlik sferasında olan məsələdir və bunun məsuliyyəti iddiaçının üzərinə qoyularaq onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İş materiallarına əlavə edilmiş Tibbi-sosial ekspert komissiyasının SER TSE-01 № 110372 saylı, SER TSE-01 № 164222 saylı, SER TSE-01 № 049441 saylı, SER TSE-01 № 221731 saylı və SER TSE-01 № 452130 saylı müayinə aktından çıxarışların kötüyündən dan görünür ki, əlilliyin səbəbi kimi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Həmçinin iş materialları ilə iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək Müharibə əlillərinə İİ qrup Prezident təqaüd alan kimi qeydiyyatda olması və təqaüd alması təsdiq edilmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq iddiaçının əlilliyinin səbəbi əlillik altsistemində dəyişdirilmiş, əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (E.Hacıyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə qarşı xx.xx.2021-ci il tarixli 2- 1(102)-313/2021, V.X5 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-222/2022, M.X6 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü tarixli, 2-1(102)-2550/2023, N.X4 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)- 2118/2023 və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin hərbi xidmətlə əlaqədar əlillik səbəbi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən, əlilliyin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş vermədiyindən cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində qeyd edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Yuxarıda qeyd edilən normadan da göründüyü kimi qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır: 1. TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır; 2. şəxs əyani müayinəyə cəlb olunmalıdır. “İnzibati icraat haqqında” Qanuna əsasən:
11. Qanunçuluq prinsipi 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2 inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1 qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır;
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı «Əlillik» altsistemində əlillik səbəbinin dəyişdirilməklə “hərbi xidmət dövrü ilə bağlı» səbəbinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» səbəbi ilə əvəz edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova