Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-863/2023 20.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “X3 xx.xx.1996-cı il tarixli 449376 nömrəli ölüm haqqında şəhadətnaməsində soyadının dəyişdirilərək X1 qeyd olunması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı “X3 xx.xx.1996-cı il tarixli 449376 nömrəli ölüm haqqında şəhadətnaməsində soyadının dəyişdirilərək X1 qeyd olunması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 xx.xx.1996-cı ildə dünyasını dəyişmişdir. Atasına aid olan bütün sənədlərdə texniki pasportda, evlənmək haqqında şəhadətnamədə, doğum haqqında şəhadətnamədə atasının adı X1 qeyd olunmuşdur. Ancaq atasının ölüm haqqında şəhadətnaməsində soyadı Qurbanov deyil, X2 qeyd olunmuşdur. Bundan əlavə onun, bacılarının, anasının soyadıda sənədlərdə Qurbanova kimi qeyd olunmuşdur. Yəni onların asiləsində soyadı Babayev olan heç kim yoxdur. 01 aprel 1996-cı il tarixli 449376 nömrəli ölüm haqqında şəhadətnamədə atasının soyadı Qurbanov deyil, Babayev kimi qeyd olunmuşdur. Bununla bağlı Cavabdehnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən bundan imtina olunmuşdur. Vərəsəliyin açılması üçün müraciət etdiyi zaman atasının soyadının Qurbanov deyil, Babayev kimi qeyd olunduğundan vərəsəliyin açılması mümkün olmamışdır. Bu səbəbdən də hazırda sənədləşmə işləri apara bilmirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunan maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Ancaq Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6491/2022 saylı qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməmiş, imtina edilmişdir. Səbəb kimi isə qeyd olunan iddiaya baxılmasının inzibati məhkəmələrin səlahiyyətində olması göstərilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibətində nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriliərək qərar qəbul edilməsini xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 12 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçının atasına məxsus 13 noyabr 1941-ci il tarixli doğum haqqında akt qeydində, xx.xx.1966-cı il tarixli İİ-ИЕ seriyalı № 545126 saylı evlənmə haqqında şəhadətnamədə, xx.xx.1955-ci il tarixli ИЖ №321338 saylı doğum haqqında şəhadətnamədə, iddiaçının atasının soyadı “Qurbanov” kimi qeyd edilmişdir. - İV-ЖГ № 449376 saylı, 01 aprel 1996-cı il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçının atasının soyadı “Babayev” kimi qeyd olunmuşdur.
Əsaslandırma hissəsi:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı atasının ölüm haqqında şəhadətnaməsində soyadına düzəliş edilərək “Qurbanov” kimi qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında şəhadətnamədə iddiaçının atasının soyadına düzəliş edilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının hansı sənəddəki qeydə əsasən və hansı əsasla “Babayev” kimi yazılmasının səbəbini göstərməmişdir. Həmçinin Babayev (Qurbanov) Sədulla Dadaşbala oğlunun övladlarına məxsus olan “doğum haqqında şəhadətnamə”lərin surətlərindən də görünür ki, onların da soyadları müvafiq olaraq “Qurbanov” və “Qurbanova” kimi qeydə alınmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı münasibətində də qeyd olunan məsələyə dair hər hansı bir münasibət bildirməmişdir. Əksinə işə əlavə olunmuş, yuxarıda adları qeyd olunmuş sənədlərdə iddiaçının mərhum atasının soyadı “Qurbanov” kimi qeyd edilmişdir. İddiaçının mərhum atasının soyadının “Babayev” kimi qeyd olunmasına əsas olan hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum atası X3 xx.xx.1996-cı il tarixli 449376 nömrəli ölüm haqqında şəhadətnaməsində soyadının dəyişdirilərək X1 qeyd olunması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı mərhum atası X3 xx.xx.1996-cı il tarixli 449376 nömrəli ölüm haqqında şəhadətnaməsində soyadının dəyişdirilərək X1 qeyd olunması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva