Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8630/2025 19.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 25 noyabr 2022-ci il tarixli, 1317 nömrəli arayışından görünür ki, İddiaçı 2 avqust N9-cu il tarixdən (əmr 43 nömrəli, 2 avqust N9-cu il) 2 aprel 2001-cı il tarixədək “КЕЧ З.Такиевского района (Takiyev rayonu)” növbətçi elektrik montyoru vəzifəsində işləmiş və 2 aprel 2001-cı il tarixdən (əmr 26 nömrəli, 2 aprel 2001-ci il) öz xahişi ilə işdən azad olunmuşdur. 2 aprel 2001-ci il tarixdən (əmr 17 nömrəli, 2 aprel 2001-ci il) 1 oktyabr 2004-cü il tarixədək 1 saylı Evlər İdarəsində elektrik qaynaqçı vəzifəsində, 1 oktyabr 2004-cü il tarixdən (əmr 67 nömrəli, 21 oktyabr 2004-cü il) 3 mart 2006-cı il tarixədək montajlayıcı texniki-çilingər vəzifəsində, 3 mart 2006-cı il tarixdən (əmr 14 nömrəli, 3 mart 2006-cı il) 26 noyabr 2014-cü il tarixədək DKVR qazanxanasıda təmirçi-çilingər vəzifəsində işləmiş və 26 noyabr 2014-cü il tarixdən (əmr 138 nömrəli, 25 noyabr 2014-cü il) öz xahişi ilə işdən azad olunmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin 6 dekabr 2022-ci il tarixli, 4/2-/8662 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən gəlmiş İddiaçı N1 nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 119 nömrəli əmrilə (əsas: səh-151, §-10, sıra-80, əmr rus əlifbası iiə yazılmışdır) həmin tarixdən “электросварщик (elektrik qaynaqçı)” vəzifəsinə təyin olunaraq əmək haqqı hesablanmışdır. İddiaçı N2 nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 13 nömrəli əmrilə (əsas: §2, sıra-3) 10 may N5-ci il tarixdən Qaraheybətə ezamiyyətə göndərilmişdir. N2 nömrəli hərbi hissədən gəlmiş, 1962-ci il təvəllüdlü İddiaçı Höccəş oğlu N3 nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli, 30 nömrəli əmrilə (əsas: -1, sıra-2, əmrdə atasının adı “Höccəş” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) “эл.сварщик (el.qaynaqçı)” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin “B” bəndinə əsasən, АО fəhləsi İddiaçı Höcət oğlu N3 nömrəli hərbi hissə komandirinin N mart N9-cu il tarixli, 13 nömrəli əmrilə (əsas: səh-13, sıra-5, əmrdə atasının adı ‘‘Höcət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1 aprel N9-cu il tarixdən işdən azad olunmuşdur. Qeyd edilmişdir ki, N4 nömrəli hərbi hissə komandirinin mart, sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri, N2 nömrəli hərbi hissə komandirinin iyun N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 26 avqust 2025-ci il tarixli, 30 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı Höcət oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qaynaqçı vəzifəsində 1 saylı Evlər İdarəsində 2 aprel 2001-ci il tarixdən 1 oktyabr 2004-cü il tarixədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 3 il 6 ay, işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətlərin işlədiyi qaynaqçı peşəsində əl ilə qaynaqdan ibarət olduğu göstərilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 sentyabr 2025-ci il tarixli, 3-17-1/2-Ə-218105/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (3 il 5 ay 29 gün (2 aprel 2001-ci il – 1 oktyabr 2004-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. İddiaçı məxsus Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 23 iyul N0-ci il tarixli, 179 nömrəli “Attestat”.
6. İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.
7. İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
8. İddiaçı ödənişlərinə dair cədvəl.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 5 noyabr 2025-ci il tarixli, 3-25-11/2-1737/25 nömrəli məktubundan görünür ki, İddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 1317 nömrəli arayışda qeyd olunduğu kimi o, həqiqətən 2 avqust N9-cu il - 26 noyabr 2014-cü il tarixləri arasındakı dövr ərzində Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Lakin həmin vəzifələr güzəştlj iş stajına daxil olmadığına görə İddiaçı zərərli işə görə faiz əlavəsi ödənilməmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialinın 6 noyabr 2025-ci il tarixli, 3-17-1/2-268971/2025 nömrəli məktubu ilə İddiaçı dair aparılmış inzibati icraat materialların surəti qoşma şəklində təqdim edilmişdir.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 14 yanvar 2026-cı il tarixli, 3-25-115/2-70/26 nömrəli məktubundan görünür ki, İddiaçı H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli evlər idarəsində işlədiyi dövrdə zərərli işə görə əlavə məzuniyyət və ödəniş verilməmişdir. Eyni zamanda, işlədiyi dövr ərzində öz hesabına məzuniyyətdə olmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu 3 sentyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 sentyabr 1962-ci il təvəllüdlü iddiaçı sentyabr 1979 - 23 iyul N0-ci illərdə Sumqayıt 17 saylı şəhər texniki peşə məktəbində “Elektrik qaynaqçısı” peşəsində təhsil almış, əmək fəaliyyətinə 11 sentyabr N0-ci ildə başlamışdır. Ümumi iş stajı 35 ildir. May N1 - iyun N3-cü illərdə hərbi xidmətdə olmuşdur. Elektrik qaynaqçısı kimi 25 ildən artıq iş stajı var. 60 yaşı tamam olan tarixdə güzətli şərtlərlə əmək pensiyası təyini üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 15 sentyabr 2025-ci il tarixli məktubla ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmiş, imtinaya səbəb kimi “zərərli iş stajının hansı sahəyə və koda uyğun olması, gördüyü işin, tutduğu vəzifəni müəyyən edən arayışın ərizəyə əlavə olunmadığını bildirilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Çünki, cavabdehə müraciət məktubunda Müdafiə Nazirliyinin 6 dekabr 2022-ci il tarixli “Arxiv Arayışı” və MN-nin H.Zeynalabdin qəsəbə MİHnin 1317 və 30 saylı arayışları əlavə olunmuşdur. 26 avqust 2025-ci il tarixli, 30 saylı arayışda əl ilə qaynaqçı işləmədiyi bildirilmişdir. Həmin arayışda Azərbaycan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndində əl ilə qaynaqçı peşə kodu göstərilmişdir.
14. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, prosessual hüquqi əsası kimi isə İPM-in 33, 73-cü maddələrinə istinad olunmuşdur.
15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
17. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati icraat güzəştli iş stajına aid dövrlərin müəyyən edilməsi məqsədilə başladılmışdır. Müəyyən edilmişdir ki, mübahisələndirilməyən güzəştli iş stajı dövrü 2 aprel 2001 – 1 oktyabr 2004-cü illəri əhatə edir. Bu dövr ümumilikdə 3 il 5 ay 29 gün təşkil etdiyindən, “Əmək pensiyaları” haqqında Qanunun 9.1-ci maddəsi əsasında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ mövcud deyildir. Mübahisə edilən dövr 2 avqust N9 – 2 aprel 2001, 1 oktyabr 2004 – 3 mart 2006, 3 mart 2006 - 26 noyabr 2014-cü illəri əhatə edir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin 26 avqust 2025-ci il tarixli 30 nömrəli “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmaya dair” arayışına baxış zamanı iddiaçının 2 aprel 2001 – 1 oktyabr 2004-cü il tarixləri arasındakı dövr ərzində 1 saylı Evlər İdarəsində qaynaqçı peşəsində çalışdığı müəyyən edilmişdir. İnzibati orqan tərəfindən həmin dövr şəxsin güzəştli iş stajına daxil edilmişdir. Mübahisənin mahiyyətini təşkil edən məsələ iddiaçının 2 avqust N9 – 2 aprel 2001-ci il tarixləri arasındakı dövr ərzində elektrik mantyoru, 1 oktyabr 2004 – 3 mart 2006-cı il tarixləri arasındakı dövr ərzində montajlayıcı texniki-çilingər, 3 mart 2006 – 26 noyabr 2014-cü il tarixləri arasındakı dövr ərzində DKVR qazanxanasında təmirçi-çilingər vəzifələrində işləməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin 25 noyabr 2022-ci il tarixli, 1317 nömrəli arayışında qeyd olunan dövrlərin onun güzəştli iş stajına daxil edilməsidir. İlk olaraq verilən arayış Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına 2 nömrəli əlavədə göstərilən “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa aid deyildir. Buna baxmayaraq tərəfimizdən həmin dövrün araşdırılması ilə bağlı müəssisəyə sorğu ünvanlanaraq işlədiyi vəzifələrin güzəştli iş stajına daxil olub-olmaması, güzəştli iş stajına daxil olduğu təqdirdə şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışın, işlədiyi vəzifələrə dair vəzifə təlimatlarının, həmin vəzifələrdə işləməsinə dair ona tətbiq olunan güzəştlər barədə (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s) barədə məlumatların verilməsi xahiş edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin 5 noyabr 2025-ci il tarixli, 3-25-115/2-1737/25 nömrəli cavab t məktubunda İddiaçı işlədiyi həmin vəzifələrin güzəştli iş stajına daxil olmaması və bu səbəbdən ona hər hansı əlavə faiz dərəcəsinin ödənilmədiyi bildirilmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2, 24.3, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 9.1, 21.1-ci maddələrinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarının 4.1.1, 4.1.20-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 12.1, 58.7-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz dəlillərini müdafiə etmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, N1-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (N2-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (N2-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-)
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr N2-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:
“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”
33. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi:
34. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
36. İddiaçı tərəfin mövqeyinə görə, ümumi iş stajı 35 ildir. Elektrik qaynaqçısı kimi onun 25 ildən artıq iş stajı vardır. Cavabdeh orqanın güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina əsası kimi göstərdiyi “zərərli iş stajının hansı sahəyə və koda uyğun olması, gördüyü işin, tutduğu vəzifəni müəyyən edən arayışın ərizəyə əlavə olunmadığını” dəlili ilə razılaşmır.
37. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı dövrü 2 aprel 2001 – 1 oktyabr 2004-cü illəri əhatə edir. Bu dövr ümumilikdə 3 il 5 ay 29 gün təşkil etdiyindən, mübahisə edilən dövr 2 avqust N9 – 2 aprel 2001, 1 oktyabr 2004 – 3 mart 2006, 3 mart 2006 - 26 noyabr 2014-cü illəri əhatə edir. Mübahisənin mahiyyətini təşkil edən məsələ iddiaçının 2 avqust N9 – 2 aprel 2001-ci il tarixləri arasındakı dövr ərzində elektrik mantyoru, 1 oktyabr 2004 – 3 mart 2006-cı il tarixləri arasındakı dövr ərzində montajlayıcı texniki-çilingər, 3 mart 2006 – 26 noyabr 2014-cü il tarixləri arasındakı dövr ərzində DKVR qazanxanasında təmirçi-çilingər vəzifələrində işləməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin 25 noyabr 2022-ci il tarixli, 1317 nömrəli arayışında qeyd olunan dövrlərin onun güzəştli iş stajına daxil edilməsidir.
38. Göründüyü kimi iddiaçıya münasibətdə 2 aprel 2001 – 1 oktyabr 2004-cü illəri mübahuisələndirilmir.
39. Məhkəmə tərəfindən “mübahisə edilən dövr 2 avqust N9 – 2 aprel 2001, 1 oktyabr 2004 – 3 mart 2006, 3 mart 2006 - 26 noyabr 2014-cü illər”ə dair İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi və təqdim etdikləri sənədləri araşdırılaraq müvafiq sorğular da göndərilməklə araşdırmışdır.
40. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, §63; McMichael Birləşmiş Krallığa qarşı, §80; Vermeulen Belçikaya qarşı, §33; Lobo Portuqaliyaya qarşı, §31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).
41. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar məktubundan görünür ki, iddiaçıya Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 1317 nömrəli arayışda qeyd olunduğu kimi o, həqiqətən 2 avqust N9-cu il - 26 noyabr 2014cü il tarixləri arasındakı dövr ərzində Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Lakin həmin vəzifələr güzəştlj iş stajına daxil olmadığına görə ona zərərli işə görə faiz əlavəsi ödənilməmişdir.
42. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 14 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, iddiaçıya H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli evlər idarəsində işlədiyi dövrdə zərərli işə görə əlavə məzuniyyət və ödəniş verilməmişdir. Eyni zamanda, işlədiyi dövr ərzində öz hesabına məzuniyyətdə olmamışdır.
43. Məhkəmə nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
44. Göründüyü kimi, iddiaçının qanunla tələb edilən 12 il 6 ay güzəştli stajın müəyyən edilmədiyindən, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur və işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
45. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova