Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-865/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia qaldıraraq onun mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə eletkron baza məlumatlarında mövcud olan koordinatlara əsasən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarından çıxarışa əsasən İddiaçı bələdiyyə torpaqlarının Baş planına əsasən 94 nömrəli 0.10 ha torpaq sahəsi satılmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün istifadəsində olan torpaq sahəsinə 16 yanvar 2006-cı il tarixdə JN-1438A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixli, **********65 saylı cavab məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Dövlət orqanı olaraq iddiaçının hüquqlarının qeydiyyatının aparılması, buraxılmış texniki səhvlərin aradan qaldırlıması xahiş olunmuşdur.İddiaçıya notarial qaydada ərizə ilə müraciət olunması bildirilmişdir. Ərizədə qeyd ediləcək müraciət mətni ona verilmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixli, **********58 saylı məktubla cavab verilmişdir. Qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışa və 21 may 2020-ci il tarixli, 34 saylı cavabdehə ünvanlanmış məktubu ilə torpağın yerləşdiyi faktiki koordinatlar göstərilmiş və X1 Komissiyası tərəfindən vətəndaşa hüquqi sənəd verilən zaman texniki səhvə yol verildiyi, İddiaçı adına JN-1438A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qonşu torpaq sahəsinə düşdüyü göstərilmişdir. Yol verilmiş texniki səhvin aradan qaldırılmasını və vətəndaşın mülkiyyətinə dair torpaq sahəsinin vətəndaşın özünün istifadəsində olan torpaq sahəsinin aşağıdakı koordinatlara uyğun tərtib olunması xahiş olunmuşdur. Həmin koordinatlar aşağıdakı kimi qeyd edilmişdir: X=397346.8650, Y=4486013.6748; X=397380.2542, Y=4486022.7660; X=397372.5617, Y=4486050.5866; X=397339.0843, Y=4486041.4647; Koordinatların dəyişdirilməsi digər qonşu torpaqlar üçün heç bir problem yaratmır. Əvvəlcədən də qeyd edilən koordinatlarda olan torpaq sahəsi iddiaçıya ayrılmış və həmin vaxtdan da hasara alınmışdır. Həmin torpaq sahəsində yaşayış evi tikilmiş və faktiki olaraq iddiaçı orda yaşayır.Cavabdehlə yerində baxış keçirərkən təsdiq edilmişdir ki, elektron baza məlumatlarında olan torpaq sahəsinə aid koordinatlar Abşeron rayon Novxanı Bələdiyyəsinin məktubu və Yerquruluşu planından çıxarışa əsasən torpağın həqiqətən yerləşdiyi faktiki koordinatlarla eynilik təşkil edir. Lakin bu texniki səhvlərin aradan qaldırılması cavabdehdən xahiş olunsa da sonradan əsassız olaraq bundan imtina edilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 18 aprel 2022-ci il tarixli, ********** nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş, qərardan narazı qalan cavabdeh apellyasiya şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, birinci instansiya məhkəməsinə araşdırılması üçün geri göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında göstərilmiş nöqsanlar məhkəmə tərəfindən araşdırılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********65 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-8547/2023 nömrəli məktubu, Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarından çıxarışın surəti, Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” (JN- 1438A KOD ********) Şəhadətnamənin surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, X2 tərəfindən verilmiş T/711 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, Abşeron rayon Novxanı Bələdiyyəsinin 318 nömrəli, xx.xx.2023-cü il tarixli, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubları və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********65 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayon Novxanı bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli 10 saylı qərarına əsasən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi alınmışdır. Torpaq sahəsinin yerquruluşu planından çıxarış tərtib olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. Eyni zamanda Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır ki, bunun əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1438A KOD 30800118 olan şəhadətnamə tərtib edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir, lakin cavabdeh inzibati orqan həmin hüququn qeydə alınmasından torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olması və yerinin dəyişdirilməsi səbəbindən imtina edir. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən halı araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina əsassız olduğundan iddia tələbi təmin edilməlidir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Məhkəmə araşdırması zamanı cavabdeh orqana göndərilən sorğuya cavab olaraq da təqdim olunmuş mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,1005 ha torpaq sahəsi Abşeron rayonu, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilinə düşür və torpaq sahəsi hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair” JN-1438A KOD 30800118 olan şəhadətnamə ilə iddiaçıya verilmiş 0,10 ha sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsi və hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Qeyd edilən halların mövcudluğu cavabdeh orqanın etirazının əsassız olduğuna dəlalət edir. İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-865/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-865/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver