Məhkəmə qərarları › İş №2-1(118)-868/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-868/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-868/2023 15.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 66 saylı evdə yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-1(118)-868/2023 saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 avqust 1957-ci il təvəllüdlüdür. 15 sentyabr 1974-cü ildən 17 may 2022-ci il tarixə qədər müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumi iş stajı 50 ilə yaxın təşkil edir. xx.xx.1974-cü il tarixdən-xx.xx.1975-ci il tarixədək Naxçıvan MR DİN yanında Mühafizə bölməsində gözətçi - 8 ay 19 gün; xx.xx.1977-ci il tarixdən-xx.xx.1979-cu il tarixədək Mühafizə bölməsində gözətçi - 1 il 6 ay 21 gün; xx.xx.1979-cu il tarixdən - xx.xx.1980-cı il tarixədək 15 saylı DBİ-də müxtəlif işlərdə - 1 il 5 ay 15 gün; xx.xx.1981-ci il tarixdən-xx.xx.1981-ci il tarixədək X5 Hissəsində döyüşçü, yanğın söndürən - 7 ay 25 gün; xx.xx.1981-ci il tarixdən-xx.xx.2002-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Xidmət iş stajı 20 il 9 ay 23 gün, güzəştli iş stajı -32 il 5 ay 17 gün təşkil edir. O, xx.xx.2002-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək, yəni 19 il 5 ay 20 gün müddətində Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Bundan başqa 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 1983-1986-cı illərdə isə X1 təhsil almışdır. Həmçinin daxili işlər orqanlarının tərkibində Sədərək əməliyyatlarında iştirak etdiyi üçün 10 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona 019835 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya 09 iyul 2002-ci il tarixdən pensiya təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirdiyi üçün iddiaçının əlavə hüquqları yaranmışdır. Odur ki, pensiyanın yenidən hesablanması ilə bağlı 20 may 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qanunla müəyyən olunmuş vəzifəsini icra etməmiş, 01 iyun 2022-ci il tarixli **********9 nömrəli məktubla iddiaçıya pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İmtina məktubunu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə qiymət verilən zaman, imtinanı onunla əsaslandırmışdır ki, “əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyətimi deyil, hərbi xidməti davam etdirdiyindən pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. Cavabdehin imtinası qanunsuz, əsassızdır və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının ödənilməməsinə görə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Səbinə Qaraşova iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı müraciətinə Mərkəzi Filialda baxılmış və xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubu ilə pensiyanın yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmaması qeyd edilmişdir. Belə ki, iddiaçıya 9 iyul 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. "Əmək pensiyaları haqqında’’ Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Məlum olduğu kimi, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyətini deyil, hərbi xidməti davam etdirdiyindən İddiaçı pensiyasının "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialinın xx.xx.2022-ci il tarixli **********9 saylı məktubdan görünür ki, iddiaçıya 9 iyul 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyəti deyil, hərbi xidməti davam etdirdiyindən pensiyanı "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Üçüncü şəxs qisminmdə cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə ünvanladığı iddiaya dair münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə’’nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar nəzərdə tutulur. Həmin Əsasnamənin 43-cü maddəsinə əsasən, gömrük orqanının vəzifəli şəxsinin xidmət illəri nəzərə alınmaqla pensiya təminatı hüququ vardır.“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 1-ci hissəsinə əsasən gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində iş müddəti pensiya təyin edilməsi üçün nəzərə alınan xidmət illərinə daxil edilir."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il № 499 nömrəli Fərmanının 2.4-cü hissəsinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən İddiaçı xx.xx.2002-xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində işlədiyi dövr pensiya təminatına əsas olan (hərbi qulluqçuların pensiya təminatına uyğun olaraq) xidmət illərinə daxil edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3 hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 1.0.5 təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.2 Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 9.6 Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3 İşləyən əmək pensiyaçılara : -37.3.1 Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Həmin Qərara görə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 2.4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. Məhkəmə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra o, xidmətini gömrük orqanlarında davam etmişdir. Hazırda o, başqa sahədə işləyən şəxs kimi qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalını nəzər alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Cavabdeh iddiaçının pensiyaya çıxdıqdan sonra gömrük orqanlarında işlədiyi dövrü onun hərbi xidmətinin dövrü kimi qiymətləndirərək onun tələbini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Göstərilən Qanunun 43.1-cü maddəsinə görə həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Həmin Qanunun 44-cü maddəsi ilə ehtiyatda olmağın son yaş hədləri və dərəcələri müəyyən olunmuşdur. Göstərilən normanın 2-ci bəndinə görə ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır. Məhkəmə qeyd edir ki, iddiaçı 1957-ci il təvəllüdlü olmaqla 2002-ci ildə, yəni 45 yaşında pensiyaya çıxmış və bundan sonra Dövlət Gömrük Komitəsində işləməyə başlamışdır. Beləliklə, hazırki qanunvericiliyə uyğun olaraq gömrük orqanlarında xidmət dövlət qulluğunun xüsusi növü olmaqla hərbi xidmət hesab edilmədiyinə və iddiaçı ehtiyatda olmağın son yaş həddinə çatdıqdan sonra gömrük orqanlarında işə başladığına görə həmin dövr onun hərbi xidmətinin davamı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar