Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-869/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyev Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X2 (xüsusi mülkiyyət) 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN №**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğininin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 Sayli Regional Ərazi Filialının mən, İddiaçı pensiyasının yenidən hesablanmasından imtinasının qanunsuz hesab edilməsi; İddiaçı pensiya təyin edilərkən nəzərə alınmayan 1972-1974-cü illərdə hərbi xidmətdə olduğum (2 il), 1995-ci ildən -2006-cü ilə kimi “Ceyhun-95" X2 təsisçisi olaraq və VÖEN (VÖEN №**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi olan göstərdiyim 11 (on bir) il sahibkarlıq fəaliyyəti- əmək fəaliyyətimin dövrləri ümumilikdə 13 (on üç) il sosial sığorta stajım müəyyən olunması; Bu illər 1972-1974-cü illərdə hərbi xidmətdə olduğum (2 il), 1995-ci ildən -2006-cü ilə kimi "xxxx" X2 təsisçisi olaraq və VÖEN (VÖEN №**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-ct ilə kimi olan göstərdiyim 11 (on bir) il sahibkarlıq fəaliyyəti- əmək fəaliyyətimin dövrləri ümumilikdə 13 (on üç) il sosial sığorta stajım nəzərə alınaraq pensiyanın yenidən hesablanmasının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-nin 1 saylı regioanal ərazi filialının üzərinə vəzifə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və cavabdeh əvəz edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X2 (xüsusi mülkiyyət) 1995-ci ildən 2006-cı ilə qədər əmək və sosial sığorta fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN №**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti olan sosial sığorta əmək fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğininin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.1969-cu ildən başlamışdır. Əmək fəliyyətində olduğu dövrdə 1972-1974-cü illərdə hərbi xidmətə yollanmışdır. Sonradan hərbi xidmətdən qayıdaraq əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1995-ci ilə kimi müxtəlif sahələr üzrə işləmişdir. xx.xx.1995- ci ilə qədər əmək fəaliyyəti əmək kitabçasında qeyd olunub. 1995-ci ildən ildən 2006-ci ilə kmi "xxxx" X2 təsisçisi kim, həm də hüquqi şəxs yaratmadan (VÖEN №**********) VÖEN əsasında fiziki şəxs olaraq qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyət göstərmişdir. Bu illərdə 1995-ci il -2006-cı illər arası kifayət qədər Sosial Sığorta Fonduna məcburi sosial sığorta haqqları və Vergilər idarəsinə vergilər ödəmişdir. Ümumilikdə əmək kitabçası üzrə iki ili hərbi xidmət dövrü də nəzərə alınmaqla 26 illik əmək stajı olmuşdur. 1995-ci ildən 2006-cı ilə kimi isə sosial sığorta stajı olmuşdur. Ümumilikdə iddiaçının 26 il əmək fəaliyyəti +11 il isə sosial sığorta stajı =cəmi 37 il əmək stajı olmuşdur. Buna baxmayaraq iddiaçıya pensiya təyin olunan vaxt cəmi 24 il 4 ay 13 gün sosial sığort stajı əsasında pensiya məbləği hesablanmışdır. Əmək kitabçası üzrə 2 il hərbi xidmət dövrü və 1995-ci ildən 2006-cı il tarixədək əmək fəaliyyəti (sosial sığorta stajım) nəzərə alınmamışdır. Belə hesablama isə onun pensiya hüquqlarının pozulmasıdır. 2012-cu ildə cavabdeh idarə iddiaçıya xəstəliklə (ümumi xəstəlik) əlaqədar İİ qrup əlillik pensiyası təyin etmişdir. 2015-ci ildə 5 ildən sonra 65 yaşına çatması ilə əlaqədar yaşa görə pensiya təyinatı aparılmışdır. Hazırda 72 yaşı var. Lakin buna baxmayaraq 11 illik əmək fəaliyyəti nəzərə alınmamışdır Son illər dəfələrlə cavabdeh idarədən iddiaçının pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh idarə formal cavablar verməklə onun pensiyanı yenidən hesablamaqdan imtina edir. Hansı ki, bütün əmək fəaliyyəti nəzərə alınarsa və indeksləşdirmə aparılarsa, onun pensiyası artırılmalıdır. Bir vətəndaş olaraq pensiya almaqla əlaqədar Sumqayıt Şəhər Dövlət Sosial Müdafiə Şöbəsinə müraciət edərkən onun fiziki şəxs və hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti olan sosial sığorta stajı 1995-2006-ci illərdə ( 11 illik ) fəliyyəti və 2 (iki ) il hərbi xidmət dövrləri ümumilikdə 13 ( on üç) il pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Belə çıxır ki, bu 11 ildə Sosial Müdafiə Fonduna ödədiyi məcburi sosial haqqları (nağd şəkildə ) havada qalmışdır. Əlində olan qəbzlər və sənədlər bunu təsdiq edə bilər. 2012-cu ildən sonra pensiya almaqla əlaqədar Sumqayıt Şəhər Dövlət Sosial Müdafiə Şöbəsinə müraciət edərkən iddiaçının 1972-1974-cü illərdə hərbi xidmətdə olduğu (2 il), 1996-cü ildən - 2006-cı ilə kimi "xxxx" X2 təsisçisi olaraq göstərdiyi fəaliyyət 11 (on bir) il, VÖEN əsasında fiziki şəxs olaraq qeydiyyatdan keçməklə fəaliyyət göstərdiyi 2003-cü ildən 2006-cı ilə kimi olan müddət sosial sığorta ödənişləri axtarılaraq əmək fəaliyyəti kimi və sosial sığorta stajı kimi pensiyasının üzərinə hesablanmamışdır. Bu barədə cavabdeh idarəyə müraciətləri olmuş lakin, cavabdeh idarə sosial sığorta stajları barədə sənədləri gizlədərək və ya təhrif edərək ona verməkdən yayınmışdır. Belə ki, sorğulara cavab olaraq verilən sənədlərdən iddiaçıya məlum olmuşdur ki, onda olan sosial sığorta qəbzləri ilə cavabdeh idarədə saxlanılmış bır qəbzdə iddiaçının ödəniş etdiyi yüksək məbləğdə sosial sığorta haqqları ona verilməmiş, gizlədilmiş və ya müəmmalı yoxa çıxardılmışdır. Ancaq, iddiaçıda olan qəbzi idarəyə təqdim etdikdən sonra idarənin əməkdaşları az göstərilmiş yəni təhrif olunmuş bir qəbzi ona vermişlər. Belə çıxır ki, həmin illər üzrə iddiaçının ödənişlər etdiyi barədə mədaxil qəbzləri gizlədilmiş və ya qəsdən itirilmişdir. Lakin, iddiaçıda olan qəbzlər və başqa sənədlər göstərdiyi əmək fəaliyyətini və sosial sığorta stajını təsdiq edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında müraciət etmişdir. Bu idarədən ona pensiyasının sosial sığorta stajına uyğun yenidən hesablanmasından imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, hesab edirlər ki, icraatınızda olan 2-1 (118)-4138/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etiraza əlavəmizi təqdim edirik. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin İddiaçı 1995-cİ il tarixdən 2003-cü il tarixədək "xxxx" Kommersiya Firmasında “təsisçi" kimi işlədiyini və 2003-cü il tarixdən 2006-cı ii tarixədək №********** VÖEN ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi dövrlər sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-cİ maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci İl tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq İcra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirılməsi ilə əlaqədar iddiaçının pensiya məbləği xx.xx.2022-ci il tarixdən 268.61 manata çatdırılmışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" Kommersiya Firmasındakı əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Məlumat üçün bildirirlər ki, araşdırılma zərurəti yaranmış dövrlərlə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçıa yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab edilmir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubu; Dövlət Sosial Müdafiə Fondu Vəsaitləri üzrə Haqq-hesab cədvəllər; sadələşdirilmiş sistem üzrə vergi bəyənnaməsi; 2-1(102)-904/2023 saylı xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı və digər sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 63 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra iddiaçı 1995-ci ildən 2006-cı ilə kimi "xxxx" X2 təsisçisi olaraq və VÖEN ********** əsasında fiziki şəxs olaraq 2003-2006-cı ilə kimi fəaliyyət göstərdiyi cəmi 14 il stajının sosial sığorta stajı kimi müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iddiaçı hərbi xidmətdə olduğu dövrlərin və 1995-ci ildən 2006-cı ilə kimi "xxxx" X2 təsisçisi olaraq və VÖEN ********** əsasında fiziki şəxs olaraq 2003-2006-cı ilə kimi fəaliyyət göstərdiyi cəmi 14 il stajının sosial sığorta stajı kimi götürməklə pensiyanın yenidən hesablanmasını istəyir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçıya xx.xx.2012-ci il tarixdən 25 il 04 ay 13 gün sosial sığorta əsasında əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia etdiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması üçün yuxarıda qeyd edilən hüquq normasının tələbinə əsasən həmin dövlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi imperativ qayda olaraq nəzərdə tutulmuşdur. Belə ki məhkəmə tərəfindən qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilmədiyinin araşdırmaq məqsədilə müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “"xxxx" Firmasının iş qovluğunda 1995-1998-ci illərə dair hesabat məlumatları, 1999-cu ilin təqdim edilmiş hesabatda məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatları aşkar edilməmişdir.” Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda sözügedən müəssisənin təsisçisinin X4 olduğu qeyd edilmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz izahatında iddiaçının təsisçisi olduğu müəssisənin adının "xxxx" Firması deyil, "xxxx" X1 bildirdiyindən məhkəmə qeyd edilən halın araşdırılması məqsədilə yenidən sorğular ünvanlamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda "xxxx" X2 nizamnamə kapitalında 100 % iştirak payına malik təsisçi İddiaçı olduğu qeyd edilsə də, müəssisənin fəaliyyət göstərdiyi dövlər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödənişlər etməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, iddiaçıya məxsus (VÖEN **********) vergi uçotu xx.xx.2012-ci il tarixində ləğv edilmişdir və uçot baza məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ödənişləri müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı müraciətinin əsaslılığını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X2 (xüsusi mülkiyyət) 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN №**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğininin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X2 (xüsusi mülkiyyət) 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN №**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğininin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva