Məhkəmə qərarları › İş №2-1(118)-870/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-870/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-870/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı ( 1 saylı Sumqayıt şəhər xəstəxanasında tibb bacısı işləyən, Sumqayıt şəhəri, 36-cı məhəllə, mənzil 4/11, otaq 4-də yaşayan), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Zəngilan rayonundan məcburi köçkündür. 1980-1982-ci illərdə Bakı şəhər 2 saylı X3 təhsil almışdır, ixtisasca feldşer-laborantdır, 1984-1988-ci illərdə Zəngilan rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləmiş, 1988-1990-cı illərdə Zəngilan rayonu ərazisini erməni silahlı dəstələrinin hücumundan müdafiə edən könüllü silahlı dəstələrinin tərkibində sanitar-təlimatçı kimi iştirak etmişdir. Bu halı Zəngilan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli, 04/25 №-li arayışı təsdiq edir. Döyüşən ordunun sıralarında sanitar-təlimatçı kimi xidmət etməyi iddiaçıya məxsus H3 seriyalı ******* saylı hərbi biletdə qeyd edilməmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi xahişi ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh onun hərbi qulluqçu statusuna malik olmadığını bildirərək özünün xx.xx.2020-ci il tarixli, 1/71-494 saylı məktubu ilə onun xahişini təmin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Arzu Həsənov iddia ərizəsinə etirazında qeyd etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə onun hər hansı bir hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və döyüşlərdə iştirak etməsi barədə rəsmi sənəd yoxdur. İddiaçı hərbi xidmət keçməmiş, mülki şəxs kimi işləmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya xx.xx.2020-ci il tarixli məktubla məhz bu əsasla iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarında olan : - Səhiyyə Nazirliyi Zəngilan Mərkəzi rayon Xəstəxanasının xx.xx.2008-ci il tarixli 04/25 saylı arayışdan görünür ki, İddiaçı Zəngilan rayonu ərazisində gedən döyüşlərdə sanitar-təlimatçı kimi iştirak etmişdir. - H3 seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı Zəngilan rayonu ərazisində gedən döyüşlərdə sanitar-təlimatçı kimi iştirak etmişdir. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 1/H-494 №-li məktubundan görünür ki, hərbi qulluqçı statusuna malik olmadığından iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənəd kimi yalnız işlədiyi xəstəxanadan arayışa istinad edir. Məhkəmə hesab edir ki, təqdim edilən bu sübut iddiaçının hərbi xidmət keçməsi və döyüş əməiyyatlarında iştirak etməsinin təsdiq olunması üçün yetərli deyildir. Yuxarıda göstərilən Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində hansı orqanların verdiyi arayış və s.sənədlərin müharibə veteranı adının verilməsi üçün əsas olması konkret sadalanmışdır (müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları və s.) Göründüyü kimi bu orqanlar sırasında səhiyyə orqanları nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar