Məhkəmə qərarları › İş №2-1(118)-871/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-871/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-871/2021 20.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (“xxxx” MMC-də memar işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Qrız Dəhnə kəndində yerləşən JN-0188 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu Qrız Dəhnə kəndində yerləşən JN-0188 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Qrız-Dəhnə kənində yerləşən 0.24 ha torpaq sahəsi, (JN-0188 saylı, kod: ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 05 may 2006-cı ildən iddiaçının mülkiyyətində və istifadəsindədir. Bu müddət ərzində adı çəkilən torpaq sahəsi üzərində Quba rayon İcra Hakimiyyəti və tikinti işləri aparılması üçün digər əlaqəli dövlət orqanlarının rəsmi icazələri əsasında tikinti işləri də aparmışdır. Uzun illər mülkiyyətində və istifadəsində olan 0.24 ha torpaq sahəsinə çıxarış və texniki pasport almaq arzusundadır. Bu məqsədlə torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə müvafiq sənədləri ilk olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi qaydada təqdim etmişdir. Bundan sonra həmin qurumdan ona on beş ildən yuxarı müddətdə istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını rədd edən № **********90 saylı 11 fevral 2021-ci il tarixli imtina məktubu verilmişdir. Eyni zamanda iddiaçının torpağı ilə həmsərhəd olan torpaq ərazilərinə cavabdeh inzibati orqan tərəfindən çıxarışlar verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin izah etdi ki, cavabdeh torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğuna ustunad edir, lakin həmin ərazidı qonşuluqda yerləşən obyektlər də daxil olmaqla sahibkarlıq məqsədli obyektlərdir və kənd təsərrüfatı torpaqlarına aid deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, X7 JN-188 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0.24 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 10.02.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası isə örüşdür. "Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Həmin kateqoriyaya aid torpaq sahələrinin sahibkarlıq məqsədi ilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa istinad olunan JN-0188 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında və adlı siyahıda öz əksini tapmamışdır. İş materiallarında olan : - DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 0188 kod 30305058 saylı dövlət aktından görünür ki, həmin akt Quba rayon Qrız bələdiyyəsinin 15 may 2004-cü il tarixli 12 saylı qərarı ilə X1 0.24 ha torpaq sahəsinə dair verilmişdir. - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən verilmiş 14 iyul 37/c-02845 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında 30 avqust 2007ci il tarixli 624 nömrəli fərmanının icrası ilə əlaqədar Quba rayonu Qrız-Dəhnə kəndində yerləşən “Ailəvi istirahət mərkəzi”ndə aparılmış müayinənin nəticələri Agentiliyin təhlil qrupunun 13 iyul 2020-ci il tarixli 1063 saylı iclasında müzakirə olunmuşdur. Müzakirə nəticəsində bina dair tərtib edilmiş 13 iyul 2020-ci il tarixli 1063 saylı rəydən görünür ki, Quba rayonu Qrız-Dəhnə kəndində yerləşən fiziki şəxs X4 məxsus “Ailəvi İstirahət mərkəzi “ –nin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. - Quba rayon icra Hakimiyyəti tikinti obyektinin istismarına icazədən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mükünlüyünü nəzərə alaraq 10 avqust 2020-ci il tarixdən X4 məxsus Quba rayonu Qrız-Dəhnə kəndində yerləşən qeyri-yaşayış (ailəvi istitrahət mərkəzi) obyetinin istismarına icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 22 yanvar 2020-ci il tarixli 07/07-206 saylı məktubundan görünür ki, Quba rayon İcra hakimiyyətinin 27.12.2019-cu il tarixli 3056/1 nömrəli mıəktubu ilə Quba rayonu Qrız Dəhnə kəndində X4 ailə istirahət mərkəzinin tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.Əlavə olaraq “obyektin tikintisinə icazə” sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.07.2019-cu il tarixli 336 nömrəli Qərarla təsdiq edilmiş dəyişikliyə uyğun olaraq tərtib olunmalıdır. - Quba rayon İHB Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluş xəritəsindən çıxarışdan görünür ki, həmin çıxarış X4 məxsus Quba rayonu Qrız Dəhnə kəndinə yerləşən 0.24 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Quba rayon İHB Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş tikinti layihəsindən görünür ki, X4 məxsus Quba rayonu Qrız Dəhnə kəndi ərazisində 0.24 torpaq sahəsi üzərində yerləşən ailəvi istirahət mərkəzinə dair tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Axzərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyedtri haqqında” Qanunun 8.0.1-ci madəsində təsbit olunmuş şərt iddiaçı ərəfindən ödənildiyindən , onun İPM-nin 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin knd təsərrüfatlı olmasını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, torpağın İddiaçı tərəfindən bələdiyyədən alqı-satqı müqaviləsi əsasında əldə etməsi DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş 05.05.2006-cı il tarixli dövlət aktı ilə təsdiq edilir. Həmin dövlət aktının DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmaması, adlı siyahıda və xəritə üzərində məlumatların aşkar edilməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funkisyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırmamaldır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və X4 məxsus Quba rayonu Qrız Dəhnə kəndində yerləşən JN- 0188 saylı (kod ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq, buna dair iddiaçının adına çıxarış və plan və ölçü və sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayonu Qrız Dəhnə kəndində yerləşən JN-0188 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında ayrılmış 0.24 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar