Məhkəmə qərarları › İş №2-1(118)-872/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-872/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-872/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı (işləməyən, Siyəzən şəhəri, Xətai küçəsi, ev 79-da yaşayan) iştirakı ilə, Üçüncü şəxs X1 (işləməyən, Siyəzən şəhəri, T.İsmayılov küçəsi ev 27, mənzil 13-də yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2018-ci il tarixdə doğulmuş qızının ana adı qrafasında “İddiaçı” qeyd olunmaqla doğumunun qeydə alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş Mərvə adlı qızının ana adı qrafasında onun adı,soyadı və ata adının – “İddiaçı” qeyd olunmaqla övladına doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2018-ci il tarixdə doğulmuş qızının ana adı qrafasında “İddiaçı” qeyd olunmaqla doğumunun qeydə alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o,xx.xx.1991-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2014-cü ildə X3 ilə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Münasibətləri alınmadığından 5-6 ay sonra ailələri dağılmış və o, Türkiyəyə gedərək, orada Türkiyə vətəndaşı xx.xx.1978-ci il təvəllüdlü X8 ilə faktiki nikaha daxil olmuşdur. xx.xx.2018-ci il tarixdə Mərvə adlı bir qızları doğulmuşdur. Keçmiş həyat yoldaşı Şahin Muxtarovla aralarında olan nikah isə xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Qızı Mərvə onun pozulmamış nikahı dövründə doğulduğundan hazıradək uşağa doğum şəhadətnaməsi ala bilmir. Uşağın doğulması haqqında Türkiyənin Özəl ÇAG xəstəxanasının “yenidoğulmuşun evə yazılma” təlim forması alınmışdır. Uşağın xx.xx.2018-ci il tarixdə doğulması həmin formada qeyd olunmuşdur. Hal-hazırda uşağı Türkiyə-Azərbaycan sərhəddindən keçirtmək mümkün deyil, çünki uşaq üçün doğum haqqında şəhadətnaməsi yoxdur. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 bildirdi ki, İddiaçı ilə aralarında qısa müddətli evlilik olmuşdur. 2014-cü ildə aralarındakı nikah faktiki olaraq bitmişdir. Sonradan ona məlum olduğuna görə İddiaçı başqa şəxslə ailə qurmuş və övladı olmuşdur. Onun həmin uşağa dair heç bir iddiası və tələbi yoxdur. Bununla bağlı o, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazda göstərmişdir ki, İddiaçı iddiasına qarşı heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş : - AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. - Türkiyə Respublikası Səhiyyə Nazirliyi Özel X9 tərəfindən verilmiş doğum haqqında tibbi arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə həmin xəstəxanada bir qız uşağı doğulmuşdur. -AZ-İ № 314090 seriyalı xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X2 arasındakı nikah həmin tarixdə pozulmuşdur. -İş materiallarında olan Türkiyə Respublikası vətəndaşı Yavuz İsmayıl tərəfindən verilmiş Azərbaycan məhkəmələrinə ünvanlanan izahatdan görünür ki, o, İddiaçı ilə qeyrirəsmi nikaha daxil olmuş və xx.xx.2018-ci il tarixdə Mərvə adında qızları doğulmuşdur. Lakin İddiaçı Azərbaycanda hələ də rəsmi nikahda olması aşkar olunduğundan onlar Türkiyə Respublikasında nikaha daxil ola bilməmişlər və bu səbəbdən övladları Mərvəyə doğum haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2018-ci il tarixdə doğulmuş Mərvə adlı qızının ana adı qrafasında onun adı,soyadı və ata adının – “İddiaçı” qeyd olunmaqla övladına doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinə imtina cavabı verərək bildirmişdir ki, iddiaçının qızı onun keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə doğulduğundan və keçmiş həyat yoldaşı öz soyadını həmin uşağa verməkdən imtina etdiyinə görə onun ərizəsinin icrasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçənən və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Azərbaycan Respublikasının xx xxxx 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Göstərilən Məcəllənin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixdə bir qızı anadan olmuşdur. X11 ilə nikahı xx xxxx 2019-cu il yarixdə pozulmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, uşağın anasının keçmiş əri ilə nikahı pozulmadığı dövrdə doğulmasına görə onun doğumunun qeydə alınmasından və doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qanun hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və İddiaçı xx.xx.2018-ci il tarixdə doğulmuş qızının ana adı qrafasında “İddiaçı” qeyd olunmaqla doğumunun qeydə alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə doğulmuş qızının ana adı qrafasında “İddiaçı” qeyd olunmaqla doğumunun qeydə alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar